Bazar ertəsi , Oktyabr 12 2026
azfa

Molla rejimin Miyandabdakı Qeydiyyat İdarəsi 7 aydır Elman adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir

GADTB: Qərbi Azərbaycanın Miyandoab şəhərində fəaliyyət göstərən Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi 7 aya yaxındır ki, bir körpəyə türkcə “Elman” adı ilə doğum şəhadətnaməsi verilməsindən imtina edir. Ailə məhkəmədə qalib gəlsə də, idarə rəhbərinin bu adın qeydiyyata alınmasına qarşı çıxdığı bildirilir.

Körpənin əmisi Əli Yusufi #Balamın_Adı kampaniyasına bildirib ki, qardaşı oğlu 12 noyabr 2025-ci ildə dünyaya gəlib və valideynləri ona türkcədə “elin sevimlisi”, “elin rəmzi” mənasını daşıyan “Eyləman” adını veriblər. Lakin Miyandob Qeydiyyat İdarəsinin əməkdaşları adın sistemdə mövcud olmadığını və yazılışında həmzə işarəsinin yer aldığını əsas gətirərək şəhadətnamə verməkdən imtina ediblər.

Onlara yalnız “Əlman” və ya “İləman” variantlarının qeydiyyata alınmasının mümkün olduğu bildirilib. Ailə isə bu yazılışların fərqli məna daşıdığını və seçdikləri adın mənasını dəyişdirdiyini vurğulayaraq məhkəməyə müraciət edib.

Miyandab Sülh Məhkəməsinin üçüncü şöbəsi valideynlərin xeyrinə qərar çıxararaq, övlada ad seçməyin valideyn hüququ olduğunu və “Elman” adının adi və qəbul edilən adlardan sayıldığını qeyd edib. Məhkəmə qeydiyyat idarəsini doğum şəhadətnaməsi verməyə məcbur edib.

Buna baxmayaraq, qeydiyyat idarəsi qərardan apellyasiya şikayəti verib. Məlumata görə, idarənin rəisi valideynlərə müraciət edərək: “Sonadək bu adın qeydiyyata alınmasına icazə verməyəcəyəm”, – deyib.

Sonradan iş Urmiya Apellyasiya Məhkəməsinə göndərilib. Məhkəmə işi yenidən Miyandoabdakı başqa bir şöbəyə qaytarıb və həmin şöbə əvvəlki qərarın əksinə olaraq ailənin əleyhinə hökm çıxarıb. Bundan sonra valideynlər hüquqlarının müdafiəsi üçün İnzibati Ədalət Məhkəməsinə müraciət ediblər.

Hazırda Elmanın doğulmasından 7 aydan çox vaxt keçməsinə baxmayaraq, o hələ də şəxsiyyət sənədi ala bilməyib. Ailə bildirir ki, bu vəziyyət səbəbindən uşağın vaxtında peyvənd olunması, tibbi sığorta, uşaq pulu, süd qidası kvotası, sosial yardım, səhmdarlıq proqramları və övladla bağlı kredit imkanlarından yararlanmaqda ciddi çətinliklərlə üzləşiblər.

Məlumatda həmçinin qeyd olunur ki, əvvəlki illərdə eyni “Elman” adı ilə başqa şəxslərə rəsmi sənədlər verilib. Buna baxmayaraq, bu ailənin müraciəti hələ də nəticəsiz qalıb.

Həmçinin yoxlayın

Təbriz şəhərinin meri: Tehrandan vəsait gətirmək əvəzinə, Təbrizdən 4 trilyon tümən aparmaq istəyirlər!

GADTB: Təbriz şəhərinin meri Yaqub Huşyar İran İslam Respublikasının bəzi parlament üzvlərini və rəsmilərini sərt …

Skott Bessent: İran İslam Respublikası dağılmaq üzrədir, tezliklə təslim olmaq üçün yalvaracaqlar; Berlin divarı da bir gündə uçdu

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent oktyabrın 11-də, bazar günü “Fox News” telekanalına müsahibəsində İran …