
GADTB Aparılan araşdırmalar İran İslam Respublikasının hərbi və təhlükəsizlik qüvvələrinin son günlərdə Tehranda və digər bölgələrdə etirazların zorla yatırılması zamanı dinc, mülki vətəndaşlara qarşı odlu silahlardan istifadə etdiyini göstərir. Mövcud sübutlar məhkəməsiz və qanunsuz qətllərin baş verdiyinə işarə edir.
İran İnsan Haqları Təşkilatı (Norveçdə yerləşən) bazar günü, 21 dey tarixində yaydığı açıqlamada bildirib ki, hökumət əleyhinə etirazların genişlənməsi və internetin 60 saatdan artıq kəsilməsi fonunda, xüsusilə Tehranda etirazçıların kütləvi və amansız şəkildə öldürülməsi kəskin şəkildə artıb.
Təşkilatın məlumatına görə, etirazların başlanğıcından hesabat hazırlananadək ən azı 192 etirazçının öldürüldüyü təsdiqlənib. Həlak olanlardan 9-u 18 yaşdan aşağıdır. Bununla yanaşı, təsdiqlənməmiş məlumatlar yüzlərlə, bəzi mənbələrin təxmininə görə isə 2000-dən çox şəxsin öldürüldüyünü göstərir. İnternetin tamamilə kəsilməsi və informasiya əldə etmək imkanlarının məhdudlaşdırılması səbəbindən bu rəqəmlərin müstəqil şəkildə yoxlanılması hazırda ciddi çətinliklərlə üzləşir.
Eyni zamanda, İranda İnsan Haqları Fəalları Qrupunun (HRANA) yaydığı məlumata əsasən, 20 dey şənbə axşamına olan təsdiqlənmiş statistika etirazlar zamanı azı 116 nəfərin həyatını itirdiyini göstərir. HRANA bildirir ki, ölənlərin böyük əksəriyyəti yaxın məsafədən atılan döyüş güllələri və ya saçma güllələr nəticəsində həlak olub.
Bu qurumun məlumatına görə, ölənlər arasında 37 nəfər hərbi-təhlükəsizlik qüvvələrinin üzvü, həmçinin bir nəfər prokuror da var.
Meyitlərin görüntüləri yayılıb
20 dey şənbə axşamı Radio Fərda-nın əldə etdiyi və ehtimal ki, Kəhrizək məhkəmə-tibbi ekspertiza mərkəzi və ya morq ərazisində çəkilmiş görüntülərdə bir neçə öldürülmüş şəxsin cəsədi görünür. Bəzi cəsədlərin üzərində güllə yaralarının izləri aydın şəkildə seçilir. Videolarda həlak olanların yaxınlarının cəsədlərin tanınması üçün hadisə yerində olduqları görünür. Bu görüntülər mülki əhaliyə qarşı məqsədli və ölümcül zorakılığın tətbiq edildiyini göstərir.
Başqa bir videoda isə ailələrin böyük bir zalda onlarla cansız bədən arasında yaxınlarını axtardığı, bəzilərinin isə qurbanların kimliyini müəyyənləşdirdiyi müşahidə olunur. Bir məkanda çox sayda cəsədin toplanması, qətliam zamanı itkilərin miqyasının geniş olduğunu göstərir.
Hengaw İnsan Haqları Təşkilatına danışan yerli mənbələr bildiriblər ki, Kəhrizəkdə onlarla meyit var və onların hamısı döyüş güllələri ilə öldürülüb. Morqun tutumu dolduğu üçün cəsədlərin yardımçı anbar və s. yerlərdə saxlanıldığı qeyd olunur. Təhlükəsizlik qüvvələrinin ailələrə təzyiq göstərməsi və ciddi kommunikasiya məhdudiyyətləri qurbanlarla bağlı məlumatların yayılmasını və araşdırılmasını çətinləşdirir.
Dövlət televiziyası faktiki olaraq meyitlərin yığılmasını təsdiqlədi
İran dövlət televiziyası – Səda və Sima, internetə çıxışı olan nadir rəsmi media qurumlarından biri olaraq, 21 dey bazar günü Tehranda böyük bir saxlama məkanında çoxsaylı cəsədlərin göstərildiyi video-reportaj yayımlayıb. Lakin reportajda bu ölümlər “etirazçılara” aid edilib və onların təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü inkar olunub.
Reportajda meyitlərin məhkəmə-tibbi ekspertiza mərkəzindən yük maşınları ilə buralara daşındığı, çox sayda qanlı cəsədin yerə düzülmüş halda olduğu göstərilir. Heç bir sübut təqdim edilmədən qətllərin dövlət qüvvələri tərəfindən törədilmədiyi iddia olunur. Bununla belə, reportajçı çıxışının bir hissəsində “bəlkə də aralarında polis qüvvələri ilə toqquşmaq istəyənlər olub” deyə etiraf edir.
İnternetin kəsilməsi və təhlükəsizlik mühiti səbəbindən müstəqil məlumatlara çıxış məhdud qalsa da, Hengaw indiyədək birbaşa atəş nəticəsində öldürülmüş 50 etirazçının kimliyini təsdiqlədiyini bildirib.
ABŞ-da yerləşən İran İnsan Haqları Kampaniyası isə bazar günü açıqlamasında vurğulayıb ki, etibarlı məlumatlara əsasən, cümə axşamı gecəsi baş verən etirazlardan sonra Tehran, Məşhəd və Kərəc şəhərlərində xəstəxanalar yaralılarla dolub. Qurum qeyd edir ki, məlumat əldə edilə bilən ərazilər yalnız bunlardır və ölkənin bir çox digər bölgələrində, xüsusilə kiçik şəhər və kənar ərazilərdə vəziyyətin daha ağır olması ehtimal edilir.
Videolar:
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi