
GADTB: Bir neçə illik dövrü əhatə edən genişmiqyaslı quraqlıq və təbii resursların daşıma qabiliyyətindən artıq, həddindən artıq istifadəsi Qəzvin düzənliyini bioloji çökmənin astanasına gətirib çıxarıb.
“Abbas Lisaninin İnformasiya Səhifəsi”nin məlumatına görə, İran Meteorologiya Təşkilatının göstəriciləri Qəzvin vilayətində yağıntıların orta səviyyəsinin 36–57 millimetrə düşdüyünü göstərir ki, bu da uzunmüddətli orta göstəricilərlə müqayisədə 30–50 faiz azalma deməkdir. Səmərəsiz idarəetmə və kənd təsərrüfatında məcburi özünütəmin siyasəti hazırkı quraqlığın dağıdıcı nəticələrini daha da ağırlaşdırır.
Ətraf mühit üzrə ekspert Məhəmməd Davəran Mehr agentliyi ilə müsahibəsində bildirib ki, Qəzvin düzənliyində su ehtiyatlarının 83 faizi kənd təsərrüfatı sahəsinə sərf edilir. Ətraf mühit üzrə tədqiqatçı Fatimə Sədri isə Mehr-ə açıqlamasında vurğulayıb ki, Qəzvin düzənliyi getdikcə yarımsəhra xarakteri alır və şəhərlərin nizamsız genişlənməsi, kütləvi miqrasiya və su ehtiyatlarının talanı bu düzənliyin tədrici ölümünü sürətləndirəcək.
Bu vəziyyət fonunda yaşayış üçün əlverişli və kifayət qədər su ehtiyatına malik Azərbaycan bölgələrindəki geniş ərazilər də pis idarəetmə nəticəsində tədricən səhralaşma və yarımsəhralaşma ilə üz-üzə qalır. Bununla yanaşı, Oman dənizi və Fars körfəzindən suyun mərkəzi səhra vilayətlərinə ötürülməsi üçün böyük investisiyalar ayrıldığı müşahidə olunur.
Yaxın günlərdə suyun İsfahana daşınması layihəsi başa çatdırılaraq açılışı edilib. Hazırda hakimiyyət Xəzər dənizi və Oman dənizindən mərkəzi və şərq vilayətlərinə su transferi layihələrini də araşdırır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi