GADTB: Türk ədəbiyyatının tarixi, mövcud ənənəyə görə, türklərin bir etnos olaraq formalaşdıqları təxmin edilən e.ə. III minillikdən başlayır. Və bu tarixin qədim dövrü eramızın I minilliyinin sonu, II minilliyinin əvvəllərinə qədər davam edir.
Bugünkü türkologiyada qədim türk ədəbiyyatının XII- XIII əsrlərə aid türkdilli mənbələri (məsələn, Yusif Balasaqunlunun “Qutadqu bilik”i, Əhməd Yəsəvinin “Divani- hikmət”i, Əhməd Yüqnəkinin “Atibətül- həqaiq”i və s.) də ehtiva etməsi fikri (və praktikası) geniş yayılsa da, həmin mövqe metodoloji baxımdan əsaslı deyil. Əlbəttə, heç bir şübhə yoxdur ki, qədim türk ədəbiyyatının tarixi nə zamandan başlamasından (burada təbii təxminilik mövcuddur) asılı olmayaraq, türklərin tanrıçılıq yerinə (onun inam prinsipləri və texnologiyaları əsasında) müxtəlif dinləri (islam, buddizm, iudaizm və s.) qəbul etdikləri dövrlərdə sona çatır. Və o da şübhəsizdir ki, Mahmud Kaşğarinin məşhur “Divani- lüğat it- türk”ü (XI əsr) qədim türk ədəbiyyatının son, Orta əsrlər türk ədəbiyyatının ilk əsəridir.
Qədim türk ədəbiyyatının coğrafi hüdudları məsələsinə gəldikdə isə burada da nə qədər təxminlik olsa belə, fakt zənginliyi ilə heç bir şübhə doğurmayan istinadlar vardır ki, onlardan birincisi türk etnosunun Altay dağlarının ətəklərində formalaşaraq ətrafa yayılması, ikincisi isə etnik tərkibi əsasən türklərdən ibarət olan kütlələrin Şərqdən Qərbə doğru köçləridir. E.ə. I minilliyin ortalarından başlayıb eramızın I minilliyinin ortalarına qədər davam edən (və bəzən geri qayıtmalarla müşayiət olunan) bu köçlər qədim türk ədəbiyyatının coğrafiyası barədə ən ümumi şəkildə təsəvvür yaradır. Altay dağlarının ətəklərindən Avropanın içərilərinə qədər uzanan həmin coğrafiyanın Şimal ilə Cənub hüdudlarını müəyyənləşdirmək çox çətindir. Hər şeydən əvvəl ona görə ki, bu hüdudlar daxilində bir sıra yerli ədəbiyyatların hamısında türk təsiri olduğu kimi, türk ədəbiyyatında da xüsusilə dini məzmunlu xarici təsirlər kifayət qədər güclüdür.
Qədim türk ədəbiyyatının istər tarixi və istərsə də coğrafi hüdudlarının mümkün qədər dəqiq müəyyənləşdirilməsi üçün ilk növbədə həmin ədəbiyyatın ideya-estetik əsasları üzərində daha dərindən düşünmək lazım gəlir ki, bu da qədim türklərin dünyagörüşü barədə aydın təsəvvürlərin olmasını tələb edir. Əlbəttə, nə mifologiya, nə də onun əsasında təşəkkül tapmış din öz-özlüyündə ədəbiyyat deyil, lakin qədim türk mifologiyası kimi, qədim türk tanrıçılığı da qədim türk ədəbiyyatının ideya- estetik əsaslarının formalaşmasına həlledici təsir göstərmişdir.
Qədim türk mifologiyasının ən məşhur əsərləri “Həyatın (Dünyanın) yaradılışı”, “İnsanın (türklərin) törəyişi” və “Ərgənəkon”dur ki, bu əsərlər qədim türk mifoloji təfəkkürünün fundamentini təşkil edir. Lakin təəssüf ki, türkoloji ədəbiyyatda həmin əsərlər heç bir əsas olmadan “dastan” adlandırılmış, türk ədəbiyyatı tarixinə həsr edilmiş araşdırmalarda “Qədim türk dastanları” başlığı altında təqdim olunmuşdur.
İndiyə qədər biz də mövcud ənənəyə əsaslansaq da, indi düşünürük ki, o, doğru deyilmiş. Dastan yaradıcılığı texnologiyaları mif yaradıcılığı-metafizikasından tamamilə (və kifayət qədər aydın poetik prinsiplərlə) fərqlənir. İnsanın onu əhatə edən varlığa (həyata) universal idrak reaksiyası olan mif müəyyən bədii xüsusiyyətlər daşısa da (məsələn, obrazlar, süjet və s.), onun mahiyyətində, nə qədər ibtidai və ya sadəlövh olursa-olsun, hər halda fəlsəfi təfəkkür, yaxud təxəyyül dayanır. Dastan (epos) isə birbaşa bədii təfəkkürün, yaxud təxəyyülün məhsuludur.
Görünür, “Alp Ər Tonqa”, “Oğuz xaqan” kimi qədim türk dastanlarının yaranmasında dinin (tanrıçılığın) təsiri qədim türk mifologiyasının təsirindən daha güclü olmuşdur ki, bu da birinci növbədə özünü epos qəhrəmanlarının (hökmdarların) tanrılaşdırılmasında (Tanrı mənşəli olmalarında) göstərir.
Qədim türk tanrıçılığının əsaslarını izah edən müqəddəs kitabın varlığı barədə məlumat olmasa da, güman etmək olar ki, təkallahlı (monotest) bir dinin kanonlarını şərh (və təsbit) eləmək cəhdləri mövcud olmamış deyildir. Hər şeydən əvvəl ona görə ki, tanrıçılıq ehkamlarını (və dünyagörüşünü) həm aydın, həm də sistemli şəkildə nümayiş etdirən xeyli sayda nəinki şifahi, eləcə də yazılı mənbələr (məsələn, “Kül təgin”, “Bilgə xaqan”, “Tonikuk” daş kitabələri) yaranmışdır. Və tarix tanrıçılıqla islamı müqayisə edən belə bir məlumatı da qoruyub saxlamışdır ki, “türklər daima tək bir Tanrıya inanırlar və ərəblərin də eyni Allaha inanmaları onların (ərəblərin – N.C.) dinini qəbul etməyə səbəb olurdu”.
Qədim türk ədəbiyyatının strukturuna 1) epos, 2) poeziya və 3) nəsr daxildir.
Qədim türk epos təfəkkürünün tipologiyasını, artıq deyildiyi kimi, “Alp Ər Tonqa” ilə “Oğuz xaqan” müəyyən edir. Lakin təəssüf ki, birinci dastanın yalnız məzmunu (Firdovsi “Şahnamə”sinin tərkibində), ikinci dastandan isə fraqmentlər qalmışdır.
Qədim türk poeziyasının əsasında şifahi xalq yaradıcılığının məhsulu olan türkülər dayanır ki, onların çoxu Mahmud Kaşğari tərəfindən toplanılaraq “Divani-lüğat it-türk”də mühafizə olunmuşdur. Buraya döyüş, axın, sevgi, yas (yuğ) və s. türküləri daxildir ki, həm ideya-məzmun, həm də poetik forma etibarilə qədim türklərin mənəvi dünyası, şeir zövqü, türkcənin üslubi imkanları barədə geniş təsəvvür yaradır.
Qədim türk nəsrinə gəldikdə isə onun ən mühüm mənbələri qədim türk (run) əlifbası ilə “bəngü daş”lara həkk olunmuş “Kül təgin”, “Bilgə xaqan”, “Tonikuk” kitabələridir. Və bu kitabələr nə qədər konkret tarixi hadisələri təsvir etsə də, o qədər də yüksək bədii ümumiləşdirmələrlə zəngin olan ədəbi əsərlərdir.
Qədim türk ədəbiyyatının həm şifahi, həm də yazılı təzahürlərinin dili mükəmməl ifadə texnologiyalarına malik qədim türk ədəbi dilidir.