
GADTB: Baydaqın yazdığına görə, tanınmış qəşqay türk müğənnisi və sənətçisi, Qəşqay mədəniyyət və incəsənətinin tanınmış simalarından olan Məsud Mehdi Ələmdarlu vəfat edib.
Ələmdarlu 16 sentyabr 1960 anadan olub. Uzun illər müəllim kimi fəaliyyət göstərən sənətçi yeniyetməlik dövründən Qəşqay musiqisi və ifaçılığına maraq göstərib. O, ilk dəfə uşaq və yeniyetməlik illərində mahnı oxumağa başlayıb.
Ələmdarlu sənət fəaliyyətində Qəşqay türklərinin musiqi ənənələrindən, eləcə də Təhəmurəsxan Kəşkuli və Əlirzaxan Şəhbazi kimi sənətkarlardan təsirlənib. O, illər ərzində Zərqan, Mərvdəşt, Eqlid və Şirazda müxtəlif tədbir, konsert və festivallarda çıxış edib.
1980-ci illərdə onun ifalarından ibarət iki kaset də bir sıra qəşqayi musiqiçi və sənətçilərin iştirakı ilə yayımlanıb. Ələmdarlo ənənəvi və muğam ifalarında özünəməxsus üslub və ifadə tərzinə malik olub. Onun ifa etdiyi əsərlər arasında “Baş Xosrov”, “Xosrov və Lay-lay”, “Təhmar” və “Şah Xətai” də yer alıb.
Onun fəaliyyəti yalnız musiqi ilə məhdudlaşmayıb. Uzun illər müəllimlik etməklə yanaşı, idman sahəsində də fəaliyyət göstərən Ələmdarlo Zərqan və Şiraz əyalətində voleybolçu və məşqçi kimi çalışıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi