
GADTB: Rafael Qrossi, Beynəlxalq Atom Enerjisi Agentliyi-nin İsveçrədə keçiriləcək İran–ABŞ danışıqlarında iştirak edəcəyini açıqlayıb və bildirib ki, agentlik iki ölkə arasında əldə olunmuş son razılaşmanın icrası ilə bağlı müzakirələrdə yer alacaq.
Qrossi cümə günü İsveçrədə keçirilməsi planlaşdırılan görüşə toxunaraq deyib ki, agentlik danışıqlarda iştirak etməyə və texniki nəzarət mexanizmləri çərçivəsində öz rolunu yerinə yetirməyə hazırdır.
Qrossinin açıqlaması, İsveçrə hökumətinin Tehran və Vaşinqton nümayəndələrinin, regional vasitəçilərin və bir sıra digər tərəflərin iştirakı ilə yeni danışıqlar mərhələsinin başlanacağını bildirməsindən sonra səsləndirilib.
İsveçrə rəsmilərinin məlumatına görə, mövcud plana əsasən sabah ABŞ, İran, Pakistan, Qətər və digər iştirakçı ölkələrin nümayəndələrinin qatılacağı birgə iclas keçiriləcək.
Yayılan məlumatlara əsasən, bu görüş İran və ABŞ arasında imzalanmış anlaşma memorandumundan sonrakı ilk praktiki addım hesab olunur. Müzakirələrin əsas diqqət mərkəzində razılaşmanın icra mexanizmləri və nəzarət çərçivələrinin müəyyənləşdirilməsi dayanacaq.
ABŞ və İran bir neçə həftə davam edən danışıqlardan sonra ilkin razılığa gəliblər. Ağ Evin aparat rəhbəri Suzi Uaylz bildirib ki, Vaşinqton və Tehran arasında memorandumun imzalanması həm ABŞ, həm də dünya üçün mühüm addımdır. Onun sözlərinə görə, qarşıdakı 60 gün mürəkkəb və çətin mərhələ olacaq.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi