Çərşənbə axşamı , Aprel 16 2024
azfa

Səməd Bayramzadə: 1945-ci ilin dekabr ayının 12-də Təbrizdə yaradılmış Azərbaycan Milli Hökumətinin iqtisadi, ictimai və mədəni tədbirləri haqqında

GADTB: Sənaye sahəsində: Azərbaycan Milli hökumətinin (AMH) birinci növbədə təbii sərvətlərdən səmərəli, mövcud daxili vəziyət və beynəlxalq şəraitə uyğun istifadə etmək qərarına gəldi. Bu məqsədlə 1946-cı il aprel ayının 8-də 6 maddədən ibarət qanun qəbul edildi. Həmin qanun mədənlərin, bütün yeraltı sərvətlərin, təbii meşələrin milliləşdirilməsi və onların dövlət inhisarında olacağını nəzərdə tuturdu. Eyni zamanda qanunda şirkətlər yaradılması və bəzi müəssisələrin tək-tək şəxslərə icarəyə verilməsi imkanı da qeyd edilirdi. Milli hökumət bununla yanaşı qismən və ya bütövlüklə zavod və fabriklərin tam gücü ilə işləməsini təmin etmək məqsədilə onlara maddi kömək etməklə bəzilərinə sifariş verməyə, şərik olmaq və başqa bu kimi tədbirlər görməklə milli sənayenin sürətli dirçəlişinə çalışırdı. Qısa müddət ərzində Təbrizdə “Pəşminə”, “Kəlküttəçi”, “Xosrəvi”, “Bustan”, “Şayan”, “İran” fabrikləri ilə yanaşı kibrit və tütün fabrikləri, Miyandoab qənd zavodu və başqaları işə salındı, həm də yenilərinin və o cümlədən “Zəfər” fabrikinin və başqalarının işə salınması üçün lazımi tədbirlər görüldü. “Zəfər” fabrikinin təsisi Azərbaycan sənayesi üçün mühüm hadisə oldu. Bu nümunəvi müasir tipli fabrikdə həm bir çoxları işlə təmin edildi, həm də bu fabrikin toxuculuq məhsulları Azərbaycanın özünü təmin etməklə yanaşı digər əyalətlərə də göndərildi.

Daxildə istehsal edilən sənaye malları ilə rəqabət edə bilən məhsul növlərinin Azərbaycana idxal edilməsi barədə Məclisin 1946-cı il may ayının 8-də 4 maddədən ibarət qanununda deyilirdi: “Bütün hökumət işçiləri Vətən parçası geyməlidir”. Maşınlı fabrik-zavodlarla yanaşı əl əməyinə əsaslanan sənaye sahələri genişlənməyə başladı. Təbrizdən əlavə Zəncan, Ərdəbil, Miyanə, Urmiya, Əhər, Xoy, Salmas, Sərab, Meşginşəhr və başqa şəhərlərdə nisbətən kiçik, az sərmayə tələb edən istehsal sahələri işə salındı və yeniləri də yaradıldı.

Azərbaycan iqtisadiyyatında mühüm yer tutan və ənənəvi istehsal sahəsi olan xalçaçılığın inkişafına xüsusi diqqət yetirildi və bu iş üçün ayrıca baş idarə təsis olundu.

Yerli əhəmiyyətə malik duz, zəy, boyaq və bunlara oxşar bir çox əl əməyi ilə istehsal edilə bilən mədənlərin istismarına başlandı.

1945-ci ilin dekabr ayının 12-də yaranan Azərbaycan Milli Hökuməti sənaye sahələrini genişləndirmək üçün bu işə çoxlu diqqət verməyi öz proqramında qeyd etdi.

Milli Məclis zəhmətkeşlərin və sənətkarların vəziyyətlərinin yaxşılaşması və iş şəraitinin kökündən dəyişdirilib qaydaya salınması haqqında 52 maddədən ibarət qanun qəbul etdi. Bu qanuna əsasən 8 saatlıq iş günü, işçilərın sığorta edilməsi, fəhlə birliklərinin yaradılması, 14 yaşına qədər yeniyetmələrin işləməsinin qadağan edilməsi, yetim və ehtiyacı olan uşaqların dövlət hesabına saxlanılması, işçilərə əmək haqlarını almaqla ildə bir aya qədər məzuniyyət verilməsi, hamilə qadınların iş yeri saxlanılmaq və əmək haqqı ödənilməklə 3 ay işdən azad edilməsi, iş şəraitinin yaxşılaşdırılması, təhlükəsiszlik texnikasına riayət edilməsi, fəhlələrə tətil etmək hüququ verilməsi, işçilərin xəstəlik müddətində muzd və məvacibinin ödənilməsi, onların sığorta edilməsi və başqaları nəzərdə tutulurdu.

Milli hökumətin həyata keçirdiyi tədbirlər sırasına tarixdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər hüquq verilməsi və eyni iş üçün cinsindən və yaşından asılı olmayaraq hamıya eyni əmək haqqı verilməsi daxil edilmişdi. Beləliklə qadın siyasi asılılıqla yanaşı iqtisadi asılılıqdan da qurtararaq ailə və cəmiyyətdə öz həqiqi yerini tutmuş oldu.

Həmin qanunda fabrik-zavodlarda səliqəli yeməkxanaların yaradılması, tibbi yardım məntəqələri, işdən sonra savadsızlığın ləğv edilməsi üçün kursların açılması, ixtisas öyrənmək və ya ixtisası artırmaq üçün təhsil ocaqları yaratmaq, qocalıq və əlilliyə görə təqaüd təyin etmək, şəhid olmuş fədainin arvadına ərə gedənə qədər ayda 30 tümən, uşaqlara həddi-büluğa çatana qədər ayda 20 tümən verilməsi, cəbhədə şikəst olmuş fədailərə ayda 50 tümən verilməsi və sairə qeyd edilirdi. Dövlət xəstəxanalarında və təcili yardım məntəqələrində hər cür müalicə və xidmətlər pulsuz idi.

Kənd təsərrüfatı sahəsində: AMH yaranan zaman Azərbaycanda bütün əkin sahələrinin 80%-i mülkədarlara, 12%-i dövlətə, vəqf və s.-yə, 8%-i xırda sahibkar kəndlilərə məxsus idi. AMH radikal torpaq islahatı etdi. Torpaq islahatına əsasən xalq düşmənlərinin 437 parça torpaq sahəsi (Cənubi Azərbaycan torpaq fondunun 4,7%-i) müsadirə edilib dövlətə aid 373 parça kənd torpaqları (torpaq fondunun 4%-i) ilə birlikdə 1 milyon nəfər kəndli (375 min kəndli ailəsi) arasında əvəzsiz olaraq bölüşdürüldü. Kəndlilər arasında əvəzsiz olaraq bölünən əkin üçün yararlı torpaqların ümumi sahəsi 475 min hektar təşkil edirdi.

İcarə haqqından başqa bütün vergilər dayandırıldı. Torpaq icarəsi ilə bağlı mövcud olan yüzdən yuxarı bütün keçmiş mükəlləfiyyətlər ləğv edildi. Kəndlinin icarə etdiyi torpağı mülkədarların istədiyi vaxt geri almaları, kəndlini kənddən köçürməsi və başqa bu kimi “hüquqlar”ı ləğv edildi.

Milli Məclis tərəfindən 11.04.1946-cı il tarixində 22 maddədən ibarət “Torpaqdan gəlirin malik ilə kəndli arasında bölünməsi qanunu” verildi. Bu qanuna əsasən məhsulun kəndliyə çatan hissəsi keçmişlərə nisbətən 3-4 dəfə artdı.

Eyni zamanda icma torpaqlarından həmin ərazidə yaşayan bütün kəndlilərin bərabər surətdə istifadə etməyə tam haqlı olduqları qeyd edildi və bu iş üçün şərait yaradıldı.

Kəndli su haqqı, otlaq haqqı, çöldən yanacaq yığmaq haqqı və sairə bu kimi rüsumlardan həmişəlik azad edildi.

Bundan əlavə kəndlilərin mülkədarlara, dövlətə, sələmçiyə və başqalarına olan borcları ləğv edildi.

Məhsulun mülkədara çatan hissəsinin torpaq sahibi tərəfindən və ya onun hesabına daşınması, kəndlinin bütün biyar növlərindən azad edilməsi və s. bu kimi mükəlləfiyyətlər qanun çərçivəsində qadağan olundu.

Bir sözlə, kəndlinin torpağa təhkim edilməsi, onun şəxsiyətinə toxunan və iqtisadi cəhətdən ziyanına olan bütün rəsmi və qeyri rəsmi rüsumatın hamısı birdəfəlik ləğv edildi.

Kəndli ilə mülkədar arasında ixtilaflı məsələlərin həlli kənddə yaradılmış kəndli komissiyaları və ya məhəllə əncümənlərinə (bələdiyyələrinə) həvalə edildi.

Məhsulun ziyanvericilərdən qorunması, texniki bitkilər istehsalının sürətli inkişafına şərait yaradılması, əkin sahələrinin artırılması, suvarma şəbəkəsinin genişləndirilməsi və kənd təsərrüfatı maşınlarının tətbiqi üçün Milli hökumətin ayırdığı 1000000 (bir milyon) tümən məbləğində vəsaitlə 4 milyon tümən sərmayəsi olan “Su və kənd təsərrüfatı maşınları şirkəti” və 5 milyon tümən sərmayəsi olan “Pambıq şirkəti” təsis edildi.

Kəndlilərə əsaslı kömək etmək məqsədilə “Kənd Təsərrüfatı Bankı” yaradıldı. Kəndlinin bağ yeri, xırman sahəsi və evinin yeri ilə birlikdə sahib olduğu bütün təsərrüfat sahələrinin yeri əvəzsiz olaraq kəndliyə verildi.

Cavan meyvə ağaclarının çıxarılması, meyvə bağlarının korlanması, meşələrin kəsilib yandırılması, mənimsənilməsi və başqa bu kimi işlər Milli Məclisin qanunları ilə qadağan edildi.

Maliyə, ticarət, abadlıq və s. sahələr üzrə tədbirlər. 21 Azər hərəkatına bir neçə gün qalmış mürtəce dövlət məmurları Azərbaycan banklarında olan pulları gizlincə Tehrana qaçırmışdılar. Bankların xalqa 18 milyon tümən borcu müqabilində bankda cəmi 2 milyon tümən hüdudunda köhnə əskinas qalmışdı. Milli hökumət tez bir zamanda xalqın tələbinin ödənilməsi üçün tədbirlər gördü.

Vergilərin ədalətli surətdə təyin edilməsi məhəlli əncümənlərə həvalə olundu. Sərmayədarlardan borclarının alınması nəticəsində Milli hökumət xəzinəsinə külli miqdarda pul toplandı. Pula olan ehtiyacı ödəmək məqsədilə arxasında möhkəm dövlət əmlakı dayanan 1 (bir) milyon tümənlik müvəqqəti xəzinə qəbzi nəşr edildi. Beləliklə, hakim dairənin maliyə sahəsində təxribatı və fitnəsi də zərərsizləşdirildi. AMH bankların bütün əməliyyatlarını nəzarət altına alaraq Azərbaycanda Milli bankın 19 şöbəsini yaratdı. Həyata keçirilən tədbirlər nəticəsində İran tarixində ilk dəfə olaraq Azərbaycanda kəsirsiz hökumət büdcəsi yaranaraq onun mədaxili 65 mln. tümənə qədər olduğu halda, məxarici 64 mln. tüməndən yuxarı keçmirdi. Büdcənin mədaxil hissəsi əsasən aşağıdakı sahələrdən daxil olurdu:

1. Ədalətli müstəqim gəlirə görə vergilər;

2. Hökumətin istehsal müəssisələrindən əldə edilən gəlir;

3. Keçmişdə Azərbaycan gəlirinin Tehrana aparılan 75%-nin indi onun borclarının ödənilməsi üçün Azərbaycanda saxlanılması;

4. Müəyyən səbəblər üzündən illər boyu dövlət anbarlarında qalmış ərzaq və sənaye mallarının satılmasından əldə edilən pullar;

5. Ticarətdən əldə edilən gəlir;

6. Azərbaycandan çıxarılan əmtəə üçün alınan gömrük haqqı;

7. Kağız pulların buraxılması;

8. İnzibati və qeyri məhsuldar xərclərin azaldılması;

9. Xalq düşmənlərinin əmlakının müsadirə edilməsi;

10. Dövlət büdcəsinə sərfəli qənaət və s.

Keçmişdə büdcənin məxaric hissəsinin əsasını polis, jandarm, qoşun xərcləri və israf xərclər, yüksək rütbəli dövlət məmurlarının təşrifat və eyş-işrət xərcləri və s. təşkil etdiyi halda, Milli hökumətin tərtib etdiyi büdcənin məxaric hissəsinin əsasını maarif, səhiyyə, kənd təsərrüfatı və sənaye sahələrinin genişləndirilməsi, şosse və dəmir yollarının təmiri və saxlanması, poçt və teleqraf xərclərinin təmin edilməsi, şəhərlərin təmizliyi və abadlaşdırılması, mədəniyyət və incəsənətin inkişafı, kadr hazırlığı, xalqı daxili və xarici quldurların basqınlarından qorumağa ayrılan xərclər və başqa bu kimi zəruri və həyati xərclər təşkil edirdi. Məsələn, maarif və səhiyyə işləri üçün təqribən 15 mln. tümən xərclənməsi nəzərdə tutulurdu ki, bu da büdcənin ¼-ni təşkil edirdi.

Kəndlilərin vəziyyətini tezliklə yaxşılaşdırmaq və kənd təsərrüfatı məhsullarının istehsalını sürətləndirmək məqsədilə AMH-in ayırdığı 5 mln. tüməndən əlavə əkinçilərə hərtərəfli kömək edilməsi məqsədilə “Kənd Təsərrüfatı Bankı”nın ixtiyarına 5 mln. tümən verildi.

Əhalinin ehtiyaclarının ödənilməsi, bahalığı aradan qaldırmaq üçün Milli hökumət ilk növbədə qənd, şəkər, tütün və başqa bu kimi çox işlənən malların inhisarını öz əllərinə alıb möhtəkirlərin pozuculuq planını zərərsizləşdirdi. Xırda satış mağazaları və geniş xalq kütlələrinin iştirakı ilə məsrəf kooperativləri yaradıldı. Bu mağazalarda satılan çox işlənən malların qiyməti bazardan 20-50% aşağı idi. Azərbaycandan ixrac edilən mallar, xüsusilə ərzaq malları üzərində ciddi hökumət nəzarəti təşkil edildi. Bir sıra sənaye mallarının vergisiz çıxarılmasına icazə verməklə həm o sahənin inkişafına, həm də ticarətin genişlənməsinə şərait yaradıldı.

Azərbaycandan ixrac edilən və Azərbaycana idxal edilən malların hamısına nəzarət edilməsi haqqında qanun verildi. Lakin AMH-in hələlik xariclə ticarət etmək imkanı yox idi. Ancaq bu barədə imkanlar mütaliə olunmaqda və tədbirlər hazırlanmaqda idi.

Milli Hökumətin qısa müddətli varlığına baxmayaraq ölkənin abadlaşması, işsizliyin ləğvi və xalqın ümumiyyətlə maddi rifahının yaxşılaşması üçün heç vaxt yaddan çıxarılması mümkün olmayan işlər görüldü. Xalqın yaxından iştirakı ilə zəruri yerlərə şosse yolları çəkilir, körpülər salınır, məktəblər, xəstəxanalar, apteklər, doğum evləri, körpələr evi, uşaq bağçası və müxtəlif uşaq evləri, klublar və başqa ictimai müəssisələr tikilir və yaxud köhnə binalar təmir edilib abadlaşdırılır, asfalt salınır, elektrik stansiyaları yaradılır, radio şəbəkələri çəkilir, idarə və müxtəlif müəssisələr tikilir və ya genişləndirilir, su xətləri çəkilir və digər su kəmərləri təmir edilir, çayların qabağında sədlər çəkilməsi və beləliklə vaxtaşırı daşqınların qarşısının alınması və sairə bir çox bu kimi mühüm abadlıq işlərinə də başlanıldı. Təbrizin yaxınlığında olan “Şah gölü”ndə istirahət evi tikilməyə başlandı. Azərbaycanın təbii iqlim şəraiti ilə əlaqədar demək olar ki, onun bütün mahallarında, xüsusilə Savalanda və Urmiya gölü ətrafında müalicə və sağlamlıq ocaqları yaradılması və tezliklə müvafiq içlərin başlanması nəzərdə tutulurdu.

Maarif, mədəniyyət, incəsənət və ədəbiyyat sahəsində tədbirlər: AMH yaranana qədər zəhmətkeşlərin maariv və səhiyyə vəziyyəti haqqında S.C.Pişəvəri deyirdi: “Azərbaycanın səhiyyə işləri üçün ayrılmış vəsait adambaşına bölünərsə, bir nəfərə bir aspirin belə çatmaz. Maarif üçün ayrılmış pul bölünərsə, onu göstərən bir vahid rəqəm tapmaq olmaz. Mən onu kibrit çöpü ilə əvəzlədim, nəticə bu çıxdı ki, hər nəfərə bir kibrit çöpündən az pay düşür”.

AMH maarif və səhiyyəni pulsuz elan etdi.

“21 Azər” hərəkatından əvvəl Azərbaycanda ümumiyyətlə əhalinin 89, kənd yerlərində isə 99%-i savadsız idi. Azərbaycanda Milli hökumət təşkil olunana qədər yalnız Təbrizdə bir neçə orta, 1 texniki məktəb və ibtidai məktəblərdə dərs demək üçün müəllim hazırlayan 1 pedaqoji məktəb var idi. Azərbaycanda hətta 1 ali məktəb və 1 texnikum belə yox idi. Azərbaycan kəndlərində dövlət tərəfindən heç bir təhsil ocağı yaradılmamışdı.

Milli hökumətin 6 yanvar 1946-cı il tarixli iclasının qərarı ilə Azərbaycan dili Azərbaycanda rəsmi hökumət və maarif dili elan olunmuş, idarələr, danışıq və yazışma, bütün məktəblərdə tədris Azərbaycan dilində aparılmışdır. Eləcə də rəsmi elanlar, qanun layihələrinin yazılması, hökumət idarələri, ticarət mərkəzləri, xalq qoşunları haqqında verilən fərmanlar, məhkəmə işlərinin, rəsmi yığıncaqların Azərbaycan dilində aparılması Milli Məclisin təsdiqi ilə qanuni şəkil almışdır.

Kəndlilərin və kənd əncümənlərinin köməyi ilə Azərbaycanın hər tərəfində 3800 savadsızlığı ləğvetmə kursları açıldı.

Milli hökumət tətəfindən kəndlərdə 2000-dən yuxarı, şəhərdə isə 500-ə yaxın ibtidai və orta məktəb yaradıldı. Təkcə Təbriz şəhəri və onun ətrafında 179 ibtidai və 59 orta məktəb təşkil olundu ki, burada 132629 nəfər şagird, o cümlədən 5901 nəfər qız təhsil alırdı. Bundan əlavə Təbriz şəhərində savadsızlığı ləğv etmək üçün 46 kurs yaradıldı və burada 1474 nəfər savadsız təhsil alırdı. Zəncanda təşkil edilmiş gecə kurslarında 3686 nəfər öz savadsızlığını aradan qaldırmışdı.

Təhsilin pulsuz olması haqqında AMH tərəfindən qərar qəbul edilmişdi.

Azərbaycan Milli Məclisinin maarif və mədəniyyət sahəsində qanunlarının 26-cı maddəsində deyilir ki, savadsız fəhlələr savadsızlığı ləğv edən kurslarda oxumalıdırlar. Onların oxumalarına şərait yaratmaq üçün onlar işdən 1 saat tez buraxılmalıdırlar.

Milli Məclisin 12 yanvar 1946-cı il tarixli iclasında yetim və sahibsiz uşaqların Milli hökumət hesabına saxlanması, oxumaları və tərbiyə olunmaları haqqında qanun qəbul edilmişdir. Əlavə olaraq Təbrizdə, başqa şəhərlərdə xeyriyyə əncümənləri yaradıldı. Məsələn, Təbriz şəhərində 2 qız və 2 oğlan tərbiyəxanası, 2 uşaq evi açılmışdı və bu tərbiyə müəssisələrində 1000 nəfərə qədər uşaq tərbiyə edilirdi.

AMH yoxsul uşaqlarının oxuması, tərbiyə edilməsi, xüsusilə dilənçiliyin qarşısını almaq üçün böyük tədbirlər görmüşdü. O vaxta qədər məktəb yaşına çatan uşaqların yalnız 10%-i (şəhərlərdə və varlı təbəqələrə mənsub olanların uşaqları) məktəbə gedə bilmişdir. Milli hökumət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bu rəqəm 8 dəfədən də çox artırıldı.

1946-cı il mart ayının 7-də Təbriz şəhərində dəmir yol mütəxəssisləri hazırlamaq üçün 4 şöbədən (mexanik, sürücülük, dəmir yolları çəkmək və rabitə) ibarət 3 illik texnikum açıldı. Buraya 170 nəfər şagird qəbul olunmaqla onların hər birinə ayda 35 tümən təqaüd verilməsi barədə qanun verildi.

Kənd təsərrüfatı mütəxəssisləri hazırlamaq üçün Təbriz şəhərində 4 aylıq kurs təşkil olundu. Həmin kursa 250 nəfər qəbul olunmaqla onların hər birinə ayda 30 tümən təqaüd təyin edildi. Bu kursda əkinçilik, maldarlıq, bağçılıq, baramaçılıq, araçılıq ixtisasları öyrədilirdi.

Firqə və hökumət kadrları yaratmaq məqsədilə Təbriz şəhərində 3 aylıq siyasi kurslar, hüquq məktəbi açılmış və burada Azərbaycanın siyasi, ədliyyə və idarəçilik üzrə kadrlarının hazırlanmasına başlanmışdır.

Qısa müddətli tibb işçiləri məktəbi, 3 illik feldşerlik məktəbi, 3 illik mamalıq məktəbi açılmışdır. 1941-ci ildə Azərbaycanda 70000 nəfərə bir çarpayı düşürdü. Əgər Milli hökumətə qədər bütün Azərbaycanda cəmi 70 çarpayılı xəstəxana var idisə, Milli hökumət dövründə bunun sayı 800 çarpayıya çatırıldı. Milli hökumət Azərbaycanda 35 xəstəxana, tibb məntəqəsi təşkil etdi, kəndlərdə 37 tibb məntəqəsi, 54 aptek və Təbriz şəhərində doğum evi yaradıldı.

Yeni yaranmış Xalq Qoşunlarında zabit kadrlarına olan tələbatı ödəmək üçün 1946-cı il mart ayının 15-də Təbriz şəhərində orta hərbi məktəb yaradıldı və burada 250 nəfər müdavim təhsil alırdı. Bundan əlavə ali hərbi məktəbin açılması da nəzərdə tutulmuşdu. Şəhər və qəsəbələrdə xalqın təhlükəsizliyini təmin etmək məqsədilə polis işçiləri hazırlamaq üçün 1946-cı il fevral ayının 28-də Təbriz şəhərində daxili işlər idarəsinin nəzdində xüsusi kurslar açıldı. Burada gənc fədailərdən 300 nəfər təhsil almağa başladı.

Təbrizdə “Azərbaycan” universiteti açıldı. Universitet hələlik 3 fakültədən: tibb, kənd təsərrüfatı və pedaqoji fakültələrdən ibarət idi. Pedaqoji fakültədə fizika, kimya, tarix, dil, ədəbiyyat, fəlsəfə, hüquq, riyaziyyat və təbiət şöbələri var idi. Universitetin yaranması Azərbaycan xalqının maarif və mədəniyyətə olan tələblərinin ödənilməsi işində, eləcə də Azərbaycanda sənaye, kənd təsərrüfatı və elmin hərtərəfli inkişafında böyük əhəmiyyətə malik idi. Belə bir elm mərkəzinin yaranması Azərbaycan xalqının illər boyu apardığı mübarizələrin nəticəsi idi.

Milli hökumət yarandıqdan sonra Azərbaycan xalqının mədəniyyət və incəsənət sahələrinin inkişafı üçün hərtərəfli imkanlar yarandı. Dövlət teatrının hər cəhətdən nizama salınması, dövlət filarmoniyasının və şairlər məclisinin yaranması, Azərbaycanın bütün şəhərlərində dövlət kino-teatrlarının tikilməyə başlanması, bədən tərbiyəsi və idman cəmiyyətlərinin, milli muzeylərin yaradılması, xalq yaradıcılığının dirçəlməsi, milli orkestrlərin təşkili Azərbaycanda böyük canlanmaya səbəb oldu. Yazıçılar və şairlər cəmiyyətinin Təbrizdən əlavə Urmiya, Zəncan, Əhər, Ərdəbil, Mərənd, Sərab, Marağa, Dehxarqan və başqa şəhərlərdə şöbələrinin təşkili, rəssamlıq və heykəltəraşlıq cəmiyyətinin yaranması və burada 30 nəfər rəssam və heykəltəraşın fəaliyyəti, başqa mədəniyyət ocaqlarının meydana gəlməsi və bu sahədə görülən digər böyük tədbirlər Azərbaycan mədəniyyətində əsaslı dəyişikliklərin başlanğıcı oldu.

AMH ədəbi dilimizin inkişafı və zənginləşməsi üçün Azərbaycanda geniş mətbuat şəbəkəsinin yaradılmasına böyük diqqət verirdi. Bu zaman Azərbaycan dilində “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq”, “Qələbə”, “Cövdət”, “Urmiya”, “Cavanlar”, “Azər” və sairə qəzetlər, “Azərbaycan ulduzu”, “Şairlər məclisi”, “Maarif”, “Vətən”, “Fədai”, “Demokrat”, “Günəş” adlı dərgilər nəşr edilirdi. Təkcə bir il içərisində 50-yə qədər qəzet və dərgi, çoxlu dərslik, siyasi, tarixi və ədəbi kitablar da çap edilmişdir.

Təbriz şəhərində “Behzad” adına incəsənət muzeyi və ali incəsənət məktəbi açılmışdır. Həmin məktəb rəssamlıq, heykəltəraşlıq, gülduzluq və musiqi şöbələrindən ibarət idi və burada 300 nəfər gənc təhsil alırdı.

Azərbaycan radio stansiyasının açılışı, radio məlumat komitəsinin yaranması misli görünməmiş mühüm tədbirlərdən idi.

Təbriz meydanlarında Azərbaycan xalqının milli qəhrəmanları Səttarxan və Bağırxanın heykəllərinin, görkəmli hərəkat xadimi Şeyx Məhəmməd Xiyabaninin abidəsinin qoyulması, Azərbaycanın bütün şəhərlərində yeni kino-teatrların açılması ilə yanaşı köhnələrinin nizama salınması, Təbriz şəhərində “Şir-o-xurşid” və digər teatr binalarının, eləcə də qədim abidələrin təmir edilməsi kimi mədəni işlərin görülməsi üçün AMH özünün 1946-cı il 24 may tarixli iclasının qərarı ilə büdcədən 14 milyon 22 min 300 tümən (ümumi büdcə vəsaitinin 22%-i) pul ayrılmasını təsdiq etdi.

AMH-in 6 fevral 1946-cı il tarixli iclasının qərarı əsasında milli-demokratik hərəkatda iştirak edən 20 min nəfər mübarizin “21 Azər” medalı ilə təltif edilməsi nəsillərin mübarizə salnaməsində inqilabi və mədəni bir hədiyyə kimi qalacaqdır.

Azərbaycan Milli Hökumətinin həyata keçirdiyi tədbirlərin təsir dairəsi: AMH-in qısa müddət ərzində yuxarıda qeyd edilən mühüm islahat tədbirlərini həyata keçirdi. Bunlar geniş xalq kütlələrinin bilavasitə istək və arzularını əks etdirdiyi üçün tez bir zamanda Yaxın və Orta Şərq ölkələri, xüsusilə İranın başqa yerlərində çox geniş əks-səda verdi və özünün təsir dairəsini yaratdı.

21 Azər hərəkatı xalqımızın mübarizə tarixində inqilabi hərəkatın ən yüksək zirvələrindən birini təşkil etdiyi kimi onun təsir dairəsi də olduqca geniş oldu. İran xalqları Azərbaycan hərəkatı simasında özlərinin möhkəm və sarsılmaz arxasını görür, ona özlərinin mübarizə dayağı kimi baxırdılar. Ona görə də həmin zamanlarda İran mətbuatı yazırdı: “Pişəvəri deyir ki, Azərbaycan durduqca, İran azadlıqsevərlərini boğmaq qeyri -mümkün olacaqdır”.

Həmçinin yoxlayın

On yeddi yaşlı yeniyetmə Vahid Əsğərinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Səhənd şəhərində yaşayan 17 yaşlı məktəbli Vahid Əsğəri …

Qadınlar molla rejimin hicab zorakılığına qarşı dirənməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi yenidən qadınlara məcburi hicaba görə vəhşilik …

Bir cavab yazın