Bazar ertəsi , Sentyabr 20 2021
azfa

Şah İsmayıl Səfəvinin portret cizgiləri

GADTB: Azərbaycan xalqının dövlətçilik, ictimai-siyasi fikir və qəhrəmanlıq tarixində müstəsna xidmətlərə malik olan, adı hər zaman qürurla və sonsuz bir maraqla xatırlanan Şah İsmayıl Səfəvinin Bakıya ilk gəlişi 1501-ci ilin yazında olmuşdu.

O zaman İsmayılın yalnız 14 yaşı var idi və Bakıya da bu şəhəri fəth etmək üçün gəlmişdi. Gəldi də, fəth etdi də. Baxmayaraq ki, əvvəlcə bu şəhərin fəthinə o, Məhəmməd bəy Ustaclı və İlyas bəy Ustaclı kimi tanınmış əmirlərinin rəhbərliyi altında xüsusi qoşun dəstəsi göndərmişdi. Lakin həmin əmirlər Bakı qalasını ələ keçirməyə müvəffəq olmamışdılar. Bu təqdirdə Şamaxı yaxınlığında olan İsmayıl özü Bakı ətrafına gəldi və bu qalanın fəthinə rəhbərlik etdi. Məlumdur ki, Bakını qala divarları altından lağım atmaqla ələ keçirmək mümkün olmuşdu. Amma belə bir rəvayət də vardır ki, İsmayıl Mirzə Bakı qalası ətrafında qazılmış müdafiə xəndəyinə yaxınlaşanda atdan düşdü və yerdən bir daş götürərək o dərin xəndəyin içinə atdı. Sonra da döyüşçülərinə göstəriş verdi ki, hər kəs gücü miqdarında daş tapıb həmin xəndəyə atsın. Qızılbaş döyüşçüləri də böyük həvəslə öz mürşidlərinin göstərişini yerinə yetirdilər və qısa zamandan sonra İsmayıl Mirzənin daş atdığı yerdə böyük bir təpə yarandı. Bu hündür təpə ona imkan verdi ki, qala üzərinə uğurlu hücum başlansın və Bakı şəhəri ələ keçirilsin.

Sonralar Şah İsmayıl Azərbaycanın müxtəlif bölgələrinə təkrar-təkrar səfərlər etsə də, onun Bakıya yenidən gəlməsi haqqında mənbələrdə məlumat mövcud deyil. Bu böyük tarixi şəxsiyyətin Bakıya ikinci gəlişi isə yalnız günümüzə təsadüf etdi.

ŞAH İSMAYILIN BAKIYA “İKİNCİ GƏLİŞ”İ

2018-ci il iyul ayının 18-də İtaliya prezidentinin Azərbaycana rəsmi səfəri münasibətilə xalqımızın Ulu öndəri Heydər Əliyevin adını daşıyan Mərkəzdə açılmış sərgiyə Şah İsmayıl Səfəvinin naturadan çəkilən və Florensiyanın Uffizi qalereyasında saxlanılan portreti də gətirildi. Müəllifi Kristofano Dell’Altissimo olan bu portreti ilk seyr edənlərdən biri isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oldu. Bu portret Şah İsmayılın real təsviridir, bu portretdə seyr edilən əbədiyyətə dikilmiş baxışlar da, sakit və aram çöhrə də, dəniz dalğaları kimi qırçınlanmış kürən saçlar da Şah İsmayıla məxsusdur. Bu, Şah İsmayıl Səfəvidir, bu, Şah Xətaidir. Seyr etdikcə tamaşaçını məftun edən bu portret yalnız Şah İsmayılın zahiri cizgilərinin ifadəsi deyildir, həm də bu zərif cizgilər arasında Şah İsmayılın mənəvi keyfiyyətlərinin gizli çalarlarını duymaq mümkündür.

Şahidlər Şah İsmayılın kamil bir görünüşə malik olduğunu qeyd edirdilər. Məsələn, venesiyalı tacir Katerino Zeno onun haqqında belə yazırdı: “Nəcib siması və şahanə rəftarı var idi. Bilmirəm, onun gözündə və üzündə nə gizlənmişdi. Hər nə vardısa, o dərəcədə valehedici və amiranə idi ki, aydın şəkildə bir gün böyük padşah olacağından xəbər verirdi. Onun əqli fəzilətləri ilə zahiri gözəlliyi heç də ziddiyyət təşkil etmirdi. Yüksək dühası və misilsiz ideyaları onun belə gənc yaşları üçün bəlkə də qeyri-adi görünürdü”.

Şah İsmayılı Təbrizdə görmüş və hətta onunla söhbət etmiş başqa bir venesiyalı tacir isə onun zahiri və əqli kamilliyə malik olduğunu, öz ətrafındakılardan bütün cəhətlərinə görə seçildiyini bildirirdi: “Hal-hazırda Şah İsmayılın 31 yaşı var. Ahu kimi xoş siması və cazibəli çöhrəsi vardır… Çox yaraşıqlıdır, vüqar sahibidir və orta boyludur. Ürəyəyatan surəti, möhkəm bədəni və enli kürəkləri var. Saqqalını qırxır və bığlarını saxlayır. Zahirən gursaçlı görünür. Gözəlliyinə görə sevimlidir, gənc ahular kimi çox çevikdir. Sol əli ilə işləyir. Və bütün əmirlərindən daha güclüdür”.

Şah İsmayılın fiziki və əqli keyfiyyətləri haqqında başqa bir venesiyalı tacir – Ancolellonun xatirələrində də maraqlı qeydlər vardır. Şah İsmayılın bəzi keyfiyyətləri haqqında yuxarıdakı istinadlarda olan fikirlər Ancolellonun xatirələrində də təsdiqlənmişdir. O yazırdı: “İsmayıl öz yaraşığına və davranışına görə çox sevimli idi. Kişilik həddinə çatandan sonra o, çox yaraşıqlı oldu, boyu çox da hündür deyildi, lakin yüngül və mütənasib, heç də zəif olmayan möhkəm və enlikürək bədənə malik idi. Onun saçları bir qədər kürən idi. Qızılbaş adətlərinə uyğun olaraq yalnız bığ saxlayır, saqqalını isə qırxırdı. Solaxay idi. Hələ gənclik illərində igidliyi və cəsarəti ilə heyrət yaradırdı…”

Öz fenomenal keyfiyyətləri ilə insan zəkasını heyrətdə saxlayan bir insan olmaqla Şah İsmayıl yalnız Azərbaycan xalqının deyil, bütünlükdə bəşər tarixinin yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biridir. Böyük bir imperiyanın yaradıcısı, şərqin, islam aləminin və bütünlükdə, dünyanın tarixində silinməz izlər buraxmış Səfəvilər şah nəsilinin banisi kimi Şah İsmayıl təxminən beş əsrdir ki, ən müxtəlif salnamələrin, tədqiqatların, araşdırmaların, elmi və bədii əsərlərin mövzusu olmuş və bu gün də olmaqdadır. Çünki Şah İsmayıl geniş fəaliyyət meydanına qədəm qoymaqla bölgənin hərbi, siyasi, dini tarixində tamamilə yeni bir səhifənin başlanğıcını qoydu. Onun dühasının yaratdığı tarixin ümumi mənzərəsinin işıqlandırılması, mahiyyətinin dərk edilməsi isə yalnız elm və bilik adamları üçün deyil, elə xalq kütlələrinin özü üçün də hər zaman maraq kəsb etmişdir. Şah İsmayılın adına dastanlar qoşulması, onun haqqında çoxlu sayda xalq yaradıcılıq nümunələrinin meydana gəlməsi, həyat yolu ilə bağlı çoxlu sayda məxəzlər yaradılması da həmin maraqdan irəli gəlmişdir.

Şah İsmayılın qəzəllərinin birində özü haqqında yazdığı belə bir beyt vardır:

Mənim tək gövhəri, nadan nə bilsin

Məni bilməgə danalər  (biliklilər – M.S.) gərəkdir.

Şah İsmayıl bununla ona işarə edirdi ki, onun zəngin fəaliyyətinin mahiyyətinə varmaq, ondan düzgün və müfəssəl nəticə çıxarmaq elə də asan deyildir. Əslində, tarix də bunu sübut edir. Neçə əsrdir ki, Şah İsmayılın həyat yolu öyrənilir, bu həyatın gizlinlərinə nüfuz edilməsinə cəhd göstərilir. Bununla belə, yenə də bir-birindən fərqli olan müxtəlif nəticələr və elmi-tarixi qənaətlər ortaya qoyulur. Çünki Şah İsmayılın həyat və fəaliyyətinə müraciət edən müəlliflərin hər birinin öz bilik və təfəkkür səviyyəsi var, onların hər biri öz qarşısına fərqli məqsədlər qoyurlar, hər birinin dünyabaxışı, həyat mövqeyi, dini-milli mənsubiyyəti, əqidəsi, dəyərləri, məlumatlılıq səviyyəsi eyni deyildir. Belə fərqli müəlliflərin hansı nəticələrə gəlməsindən asılı olmayaraq isə Şah İsmayıl Səfəvi fenomeninin dəyərini şübhə altına almaq mümkün deyildir və o, çox işıqlı bir ulduz kimi tarix səmasında özünə əbədi bir yer tutmuşdur.

Şah İsmayılın dövlətçilik zəkası və təşkilatçılıq qabiliyyəti onun tarixi dəyərini təsdiq edə biləcək ən mühüm keyfiyyətlərdən biridir. Dünya təcrübəsində belə bir hal yoxdur ki, 12-13 yaşlarında bir yeniyetmə ətrafındakı 7 nəfərlik hamisi ilə ayağa qalxsın və dünya mənzərəsini dəyişdirəcək yeni bir dövlət yaratmaq uğrunda hərəkata başlasın və qısa müddətdən sonra da kifayət qədər mürəkkəb və qeyri-münasib bir şəraitdə qarşısına qoyduğu nəhəng vəzifələrin həllinə nail olsun. Doğrudur, dünya təcrübəsində daha erkən yaşlarda da hakimiyyətə yiyələnmək halları ilə rastlaşmaq mümkündür. Lakin belələri irsən və özü də hazır olan bir hakimiyyətə yiyələnmişdilər. Elə Şah İsmayılın oğlu Şah Təhmasib də atasına nisbətən daha erkən yaşında hakimiyyətə yiyələnmişdi. Lakin o bu hakimiyyətə vərəsəlik yolu ilə sahib olmuşdu. Bu mənada Şah İsmayılın dövlətçilik nümunəsi dünya tarixində bənzəri olmayan və yəqin ki, bir daha təkrarlanmayacaq bir nümunədir. Bununla, Azərbaycan və türk dövlətçilik tarixinə də əhəmiyyəti heç zaman sönməyəcək bir səhifə yazılmışdır. Belə bir zirvənin fəth edilməsi isə fiziki keyfiyyətlərlə bərabər, Şah İsmayılın həm də yenilməz iradəyə, mübariz əqidəyə, misilsiz təşkilatçılıq istedadına malik olması ilə mümkün olmuşdu.

Şah İsmayıl kiçik yaşlarında valideyn və ətrafındakıların qayğısına möhtac olmalı olduğu halda, bölgədə fırtına qoparan bir hərəkatın lideri, ideya-siyasi ilhamvericisi, on minlərlə insanı öz ətrafında birləşdirən rəhbər olaraq mübarizə meydanına atıldı, bölgənin kifayət qədər güclü dövlətlərini qarşısında diz çökməyə məcbur etdi. 1501-ci ildə Şah İsmayıl Azərbaycan ərazisində mərkəzləşdirilmiş dövlət yaratdı, Səfəvi dövləti kimi böyük bir imperiyanın əsasını qoydu və Azərbaycan dövlətçiliyini keyfiyyət baxımından yeni bir səviyyəyə qaldırdı.

Şah İsmayıl tərəfindən qurulmuş Səfəvi dövlətinin fərqləndirici və tarixi əhəmiyyət kəsb edən məqamlarından biri o idi ki, o, Azərbaycanın bütün torpaqlarını bir dövlət daxilində birləşdirdi və Azərbaycanın ictimai-siyasi qüvvələrinə dayaqlanmaqla güclü bir idarəçilik sistemi yaratdı. Şirvan, Qarabağ, Çuxursəəd və Azərbaycanın digər vilayətləri vahid bir dövlət idarəçiliyi altına gətirildi və bununla Azərbaycanın sürətli inkişafına da münbit bir zəmin yaradıldı. Şah İsmayıl hərəkatı ərəfəsində Azərbaycan ərazisində və eləcə də bölgədə mövcud olan siyasi parçalanmalar, daxili çəkişmələr, dağınıqlıq və qeyri-sabitlik nəticəsində həyat çətinlikləri ilə qarşılaşan insanlar Şah İsmayılın hərəkatında daha istiqrarlı bir həyatın işığını gördülər və onun ətrafında səfərbər oldular.

Şah İsmayılın yaratdığı dövlət idarəçilik sistemi özündən əvvəl mövcud olmuş təcrübəyə dayanmaqla daha da təkmilləşdirdi, Azərbaycan dövlətçiliyinin daha səbatlı bir təcrübəsini yaratdı və kifayət qədər işlək və səmərəli bir idarəçilik sistemi təşkilatlandırdı və özündən sonrakı nəsillərə miras qoydu.

Dövlət idarəçilik sistemində Şah İsmayıl peşəkarlığa böyük dəyər verirdi. Baxmayaraq ki, Şah İsmayıl mühüm dövlət vəzifələrinə etibar etdiyi adamların təyinatına daha çox üstünlük verirdi, bununla belə, idarəçilik təcrübəsi və məharəti təyinatlar zamanı əsas tutulurdu. Məsələn, məlumdur ki, Şah İsmayıl vəzifəsinin öhdəsindən gələ bilməyən əmirlərini başqaları ilə əvəz edirdi. Dövlət idarəçiliyində pəşəkarlığa nail olunması üçün Şah İsmayıl süquta uğratdığı Ağqoyunlu sarayında vəzir olmuş Mirzə Zəkəryə Keçəçini də öz sarayına dəvət etmiş və onu vəzir vəzifəsinə təyin etmişdi. Peşəkarlığın artırılması üçün Şah İsmayılın başqa təyinatlar aparması da məlumdur.

Şah İsmayılın idarəçilik sistemində rüşvətxorluğu da görmək mümkün deyil. Doğrudur, bu bəlanın hansısa konkret hallarının olması istisna edilə bilməz. Amma Səfəvi dövlətinin, xüsusən, səfəvilərin son dövrünə xas olan rüşvətxorluq Şah İsmayılın sarayında mövcud deyildi. Vəzifə sahibləri rüşvət əvəzində həmin vəzifələrə təyin edilmirdilər. Şah İsmayılın özündə də bu bəlaya meyilliliyi görmək mümkün deyildi. Rüşvəti əvəz edə biləcək qiymətli hədiyyələrin şaha bağışlanması mərasimləri də Şah İsmayılın hakimiyyəti dövründə rəvac tapmamışdı. Yəni Şah İsmayıl özü bu məsələdə bir nümunə idi və onun əyanları da Şah İsmayılın bu mövqeyindən xəbərdar idilər.

(Ardı var)

Mehman SÜLEYMANOV

Tarix elmləri doktoru, ehtiyatda olan polkovnik

Həmçinin yoxlayın

Təbrizdə azərbaycanlı siyasi məhbus Ruzbeh Piriyə azadlıq tələb edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 18-də Təbrizdə azərbaycanlı milli-mədəni fəallar rejim tərəfindən …

Azərbaycanlı milli fəal Şahin Bərzgər barəsində məhkəmə qərarı çıxarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurlarının yaxaladığı azərbaycanlı milli-mədəni fəallar …

Bir cavab yazın