Cümə , Aprel 19 2024
azfa

Sanksiyalardan sonra Azərbaycandan dolların fars rejimin qara bazarına axma cəhdi artıb

GADTB-nin Mətbuat Mərkəzinin oxu.az-a istinadən yaydığı məlumata görə, işğalçı fars rejimdə dolların bahalaşması ona tələbatı artırıb və “qara bazar” formalaşıb. Azərbaycanla İran arasında ticarət əlaqələrinin geniş olduğunu nəzərə alsaq, bəziləri bu vəziyyətdən pul qazanmaq məqsədilə istifadə etməyə başlayıb.

Son bir ayda Azərbaycandan İrana qanunsuz yolla dollar keçirməyə cəhdlərin qarşısının alınması ilə bağlı Azərbaycan Hava Yolları və quru sərhədlərimizdəki gömrük məntəqələrinin yaydığı məlumatlar diqqət çəkir.

“Qara bazar”da qazanmaq həvəsi

Əvvəlcə, dolların İrana keçirilməsinə cəhdlə bağlı biznes marağının necə formalaşdığına baxaq.

Demək, Azərbaycan Mərkəzi Bankı İran rialının məzənnəsini İran Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun formalaşdırır. Məsələn, bu gün rəsmən 100 İran rialı 0,0040 AZN təşkil edir. Bir dollar isə 42 min 179 rialdır. Reallıqda isə vəziyyət fərqlidir.

İqtisadçı Rəşad Həsənov deyir ki, bu qiymətə indi İranda dollar tapmaq mümkün deyil. Dolların qiyməti qeyri-rəsmi bazarda 130-160 min arasında dəyişir. Azərbaycandan bu ölkəyə valyuta axınını şərtləndirən də məhz bu məqamdır.

“Təsəvvür edin ki, siz dolları aparıb İranın “qara bazar”ında satırsınız, rialı gətirirsiniz Azərbaycana, onu Mərkəzi Bankın məzənnəsinə uyğun satmaq istəyirsiniz. Amma bir şey var. Faktiki olaraq, bu gün Azərbaycanda İran rialını qəbul edən bank tapmazsınız. Ona görə də həmin cəhdi edənlər çətinliyə düşdü.

Digər amil rialın gömrükdən keçirilməsi məsələsidir və məndə olan məlumata görə, Azərbaycana rialın daxil olması məhdudlaşdırılıb. Buna qanunsuz yolla nail olmağa çalışanlar belə onu gətirəndən sonra satmağa Azərbaycanda bank tapa bilmirlər. Bəzi adamlar isə başqa yol tapırlar, rialı orada mala çevirib Azərbaycana gətirirlər və burada dəyər-dəyməzinə satsalar belə, 3-4 dəfə artıq gəlir götürə bilirlər”.

Vurğulamaq yerinə düşər ki, əgər Azərbaycanda banklar rialı qəbul etsəydilər, gömrük onun qarşısını almaqda çətinlik çəkəcəkdi və Azərbaycandan İrana həddən artıq böyük valyuta axınının baş verməsi təhlükəsi yaranardı.

R.Həsənovun sözlərinə görə, əvvəllər İrandan daha çox qızıl gətirmək dəbdə idi, indi isə qızılın qiyməti dollarla “qara bazar”dakı məzənnəyə satılır. Digər məhsulları isə hamı gətirə bilmir, ona görə də son vaxtda cəhdlər azalıb.

Qanunu pozanlar həmişə olub

Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyevin sözlərinə görə, Azərbaycandan valyutanın çıxarılması “Valyuta tənzimi haqqında” qanunla tənzimlənir. Azərbaycandakı istənilən xarici bank və ya yerli bank bu qanunlara tabedir və banklar vasitəsilə valyutanın çıxarılmasına ciddi nəzarət var. Ona görə də xarici bankların Azərbaycandakı ofisləri vasitəsilə valyuta çıxarılması halları baş verə bilməz.

“Amma spekulyantlar və qanunu pozanlar həmişə olub. Bu cür proseslər baş verəndə belə hadisələr olur və biz nə qədər onun qarşısını almağa çalışsaq da, valyutaların rəsmi və bazar kursları arasında kəskin fərqlər olduqda qeyri-rəsmi bazarlar da olur. Amma həcmlər elə də böyük deyil”.

Gizli keçirilən dollarlar

Həcmlərdən danışmaq üçün son hadisələrin bir neçəsini xatırlatmaq istərdik. Məsələn, Bakı-Tehran aviareysi ilə getmək istəyən İranın vətəndaşı Rostamipour Davar Hosseinə məxsus baqaj Heydər Əliyev Beynəlxalq Aeroportunda yoxlanılarkən çamadanda olan qovluğun içindəki sənədlərin arasından hər biri 100 ABŞ dolları nominalında olmaqla, 381 ədəd əskinas aşkar edilib.

Halbuki adıçəkilən vətəndaş baqajında 1000 ABŞ dollarından artıq xarici valyuta və digər mütləq bəyan olunası malların olmadığını bildirmişdi. İzahatında isə Hossein ticarət fəaliyyəti ilə məşğul olduğunu və Bakıdakı hesabından 38192 ABŞ dollarını çıxarıb, özü ilə nağd şəkildə İrana aparmaq istədiyini bildirmişdi. O, külli miqdarda xarici valyutanı gömrük orqanına bəyan etməməyinin səbəbini isə müvafiq qanunları yaxşı bilməməsi ilə izah etmişdi.

Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunda İrana gedən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

Sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən valyutanın olmadığını bildirib. Yoxlama zamanı isə, onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə 20 000 ABŞ dolları aşkar edilib.

 

Həmçinin yoxlayın

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Bir cavab yazın