
GADTB: İddialara görə, SEPAH-ın Hərbi Dəniz Qüvvələri sürətli qayıqlardan istifadə edərək ABŞ-ın dəstəklədiyi Hörmüz boğazı dəhlizini tamamilə dayandırıb və yarım gün ərzində bu marşrutdan heç bir gəmi keçməyib.
Məlumata görə, SEPAH bu gün səhər radio əlaqəsi vasitəsilə bütün gəmilərə xəbərdarlıq edib və eyni vaxtda İranın Hörmüz boğazına nəzarətini həyata keçirmək məqsədilə xüsusi təyinatlı patrul qayıqlarını bölgədə yerləşdirib.
Qeyd edək ki, Axios nəşrinin jurnalisti Barak Ravid iki amerikalı rəsmiyə istinadən bildirmişdi ki, Hörmüz boğazının cənub marşrutunun bağlanması ilə bağlı yayılan iddiaların əksinə olaraq, bu marşrut hələ də açıqdır və son günlərdə hətta gəmilərin hərəkəti artıb. Rəsmilərdən birinin sözlərinə görə, bir çox gəmi ictimai izləmə sistemlərində görünməmək üçün elektron identifikasiya sistemlərini söndürür. Eyni zamanda, digər bir amerikalı rəsmi İran qüvvələrinin VHF radio rabitəsi vasitəsilə gəmiləri qorxutmağa çalışdığını təsdiqləyib.
Barak Ravidin bu məlumatı bəzi dəniz nəqliyyatını izləyən hesabların ABŞ-ın dəstəklədiyi dəhlizin faktiki olaraq bağlandığını və heç bir ticarət gəmisinin Oman sularından istifadə edərək Hörmüz boğazından keçmədiyini iddia etməsindən sonra yayımlanıb.
Lakin Ravidin istinad etdiyi amerikalı rəsmilərin açıqlamaları fərqli mənzərə ortaya qoyur. Onların bildirdiyinə görə, cənub marşrutu hələ də açıqdır, son günlər ərzində təxminən 50 gəmi bu marşrutdan keçib və gəmilərin elektron identifikasiya sistemlərini söndürməsi onların açıq mənbəli izləmə platformalarında görünməməsinin əsas səbəbi ola bilər.
Barak Ravid yazıb: “İki amerikalı rəsmi mənə bildirdi ki, Hörmüz boğazındakı cənub marşrutu hazırda fəaliyyətini davam etdirir.
Amerikalı rəsmilərdən biri iddia edib ki, gəmilərin əksəriyyəti elektron identifikasiya sistemlərini söndürərək hərəkət edir, buna görə də açıq mənbəli platformalarda görünmürlər. Həmin rəsmi təsdiqləyib ki, iranlılar VHF radio əlaqəsi vasitəsilə gəmiləri qorxutmağa çalışırlar.
Digər amerikalı rəsmi isə bildirib ki, son günlər cənub marşrutu üzrə hərəkət sürətlənib, təxminən 50 gəmi bu marşrutdan keçib və marşrut hələ də açıq qalır.”
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi