Bazar ertəsi , İyun 29 2026
azfa

SEPAH terror təşkilatı ABŞ-ın Küveyt və Bəhreyndəki bazalarına raket və PUA hücumu etdiyini iddia edib

GADTB: İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar günü səhər yaydığı bəyanatda ABŞ-ın son hərbi əməliyyatlarına cavab olaraq birgə raket və pilotsuz uçuş aparatı (PUA) əməliyyatı həyata keçirdiyini və ABŞ-ın Küveytdəki Əli əl-Salim aviabazasını və Bəhreyndəki Salman limanında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahını hədəfə aldığını iddia edib.

SEPAH-ın bəyanatına görə, əməliyyat gecə saat 02:00–03:00 arasında həyata keçirilib və bu iki bazadakı səkkiz mühüm hərbi infrastruktur obyektinin məhv edildiyi iddia olunur. Lakin bu məlumat indiyədək müstəqil mənbələr və ya ABŞ rəsmiləri tərəfindən təsdiqlənməyib.

Bəyanatda həmçinin bildirilir ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin “qanun pozan gəmi”yə qarşı həyata keçirdiyi əməliyyata cavab olaraq ABŞ qüvvələri İranın beş sahil mövqeyinə zərbələr endirib.

SEPAH “İslamabad Memorandumu”na istinad edərək Hörmüz boğazında gəmi hərəkətinə nəzarətin İranın məsuliyyətində olduğunu bildirib və bundan sonra “qayda pozan” gəmilərlə daha sərt davranılacağını bəyan edib.

Bəyanatda əlavə olunub ki, atəşkəsin pozulması, onların fikrincə memorandumun birinci bəndinə ziddir və bu, razılaşmada nəzərdə tutulan proseslərin dayandırılmasına, eləcə də İranın sərt hərbi cavabına səbəb ola bilər.

Bu arada, SEPAH ABŞ-ın beş sahil obyektinə hücum etdiyini iddia etdiyi vaxt, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində yaydığı açıqlamada ABŞ Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin İranın “Kiku” neft tankerinə PUA hücumuna cavab olaraq Hörmüz boğazı və ətrafında yerləşən 10 hərbi hədəfə zərbələr endirdiyini bildirib.

ABŞ rəsmisi: “İtkilər və ya ciddi ziyan barədə məlumat yoxdur”

ABŞ-dan adı açıqlanmayan bir rəsmi Reuters agentliyinə bildirib ki, İran Küveyt, Bəhreyn və digər qonşu ölkələr istiqamətində bir neçə raket və PUA buraxıb. Onun sözlərinə görə, vəziyyət hələ də dəyişməkdədir, lakin ABŞ hərbçiləri arasında itkilər və ya Amerika hərbi obyektlərinə ciddi ziyan dəydiyinə dair indiyədək heç bir məlumat daxil olmayıb.

Həmçinin yoxlayın

Azərbaycan İsrailin qondarma “erməni soyqırımı”nı tanımasını pisləyir

GADTB: İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur. Bu …

Britaniya İranla ticarət aparan şirkətlərin cərimələnməsi imkanını araşdırır

GADTB: Böyük Britaniyanın Maliyyə Sanksiyalarının İcrası İdarəsinin rəhbəri Qaylz Tomson “Financial Times” qəzetinə müsahibəsində bildirib …