Cümə , Aprel 26 2024
azfa

Sovet hakimiyyətinin qurulduğu ərəfələrdə Muğanın Cəlilabad bölgəsındə qanlı olaylar

GADTB: XX əsrin əvvəllərində Azərbaycanın Cənub bölgəsində – Muğanda cərəyan edən hadisələr ölkənin mərkəzi şəhərlərində baş verən ictimai-siyasi hadisələr qədər təlatümlü və qaynar olmuşdur.

Bir tərəfdən”ağqvardiyaçılar” adlanan çar ordusunun hərbi tör-töküntüləri, bir tərəf¬dən bir-birinə müxalif olan eser-menşeviklər və sovet bolşevikləri, digər tərəfdən də ingilislər Muğanı hərbi poliqona çevirmişdilər. Hamı qəzadakı xaosdan istifadə edib bu torpaqlardan yararlanmaq, qənimət əldə etmək istəyirdi. Çağrılmamış qonaqlar İllarion Talixadze, Timofey Ulyan¬tsev, Nikolay Tutuşkin, David Çirkin, Terentiy Suxorukin, İlyaşeviç və b.burada azğınlıq edirdilər. Erməni zabitləri Avetisov və Makarovun Muğanda azğınlığı lap həddini aşmışdı. 1918-ci ildə Milli hökumət (AXC) yaranmasaydı və bu azğınların qarşısını almasaydı, Allah bilir, hələ nələr baş verə bilərdi!?

1917-1920-ci illərdə Muğan və Lənkəran bölgəsində vəziyyət qeyri-sabit və gərgin idi. Tez-tez hakimiyyət dəyişikliyi baş verirdi. Bu vəziyyətdən istifadə edən erməni – bolşevik qüvvələri bölgədə azğınlıqlarını imkan qədər genişləndirir, xalqı soyub talayır, kəndləri – evləri yandırır, qətliam törədirdılər. Əhali bu zülmə dözə bilmirdi. Belə yaşamaqdansa ölümü üstün tutan əhalinin müəyyən qismi ermənidaşnak-bolşevik qüvvələrinin qarşısını almaq üçün “dayandoldurum” və soyuq silahlarla silahlanaraq, onlara qarşı savaşa başlamışdılar. Əhalinin salamat qalan digər hissəsi isə – qadınlar, uşaqlar, qocalar dağlara, meşələrə çəkilirdi. Yerli əhalinin müqavimətini qıra bilməyən “özgə” qüvvələr boşalmış kəndi yandırmaqla, çıxa bilməyən camaatı qətlə yetirməklə kifayətlənirdilər. Abdullu və Fərzili kəndinin silahlıları ilə erməni – rus qüvvələri arasında qanlı döyüş rus əsgərlərini geri çəkilməyə məcbur etmiş, Həməşərəyə qədər sıxışdırılan əsgərlər bir neçə gündən sonra böyük bir qüvvə ilə bu kəndlərə hücum edərək başdan ayağa yandırmışdılar.

Lənkəran qəzasının Astarxanka – Hasıllı bölgəsində XI Qızıl Ordunun Müsavat hökumətinin ləğv olunmasına müqavimət göstərənlər işgəncələrə məruz qaldı, hətta bütöv kəndlər – Hasıllı, Hacı İsmayıllı, Fizuli, Kürümbel, Dövlətalıbəyli kəndləri yandırıldı… Qırğının qarşısını almaq üçün ağsaqqallar işə qarışırdı. Sülhün əleyhinə olan qüvvələr aranı qızışdırır, ziddiyyətlər yaradırdılar. “Beləsuvara çar generalının yanına göndərilən üç azərbaycanlı barışıq haqqında şərtnamə bağlayıb geri qayıdarkən, rus kazakları tərəfindən öldürülür. 1918-ci ilin yazında isə nahiyyə pristavı Prişibə gələndə onu Əyri dərəsində oldürürlər ki, öz pis niyyətlərin həyata keçirsinlər”(R.Əsgərov Cəlilabad dünən və bu gün Bakı-2000, səh. 24,29).

Yazıçı jurnalist S.Nəsiroğlu da bu mövzu ilə bağlı mühüm sənədlərə əsasən məlumatlı olduğunu bildirdi: “1918 – ci ilin mart ayının 20-də Novruz bayramı axşamı, təxminən saat 23.00 radələrində bir qrup qaniçən erməni əsgəri indiki Cəlilabad rayonunun Sabirabad kəndinin günçıxan hissəsində yaşayan İsmayıl kişinin evinə basqın edirlər. İsmayıl kişinin həyətındəki ot tayasını yandırıb, mal-qarasını ələ keçirirlər. Bir neçə saatdan sonra isə ondan cənubda yerləşən Novoqolovka (Uzuntəpə) kəndinə sarı irəliləyən daşnaq quldurları kəndin mərkəzində yaşayan Tahir kişinin evini mühasirəyə alırlar. Bərk atışma gedir. Evlər,tayalar,mal tövlələri yandırılır. Yerli ruslar belə zülmə dözməyərək, azərbaycanliların müdafiəsinə qalxırlar. Ermənilər kəndi tərk etməli olurlar. Səhəri gün isə Tahir kişinin yanmış meyidi aşkar olunur. Həmin ərazi indi də Tahir kişinin adı ila tanınır və Tahirkənd adlanır.

Novruz bayramı axşamı martın 21-dən 22-nə keçən gecə rus və ermənilərdən ibarət olan dəstə  Əyri deyilən ərazidə yaxındakı “Su quyusu” adlanan obada (ora Təzəkənd də deyirdilər) yaşayanları tamamilə qırırlar. Sonra isə Bəcirəvan kəndinin yaxınlığında indiki “strelbişe” postunun yanındakı xırda obalarda yaşayan əhalini gülləbaran edirlər. Bu cinayəti həyata keçirən erməni polkovnik Avetisovun erməni əsilli əsgərləri idi…

Bu barədə hələ 2006 – cu ildə yaşadığım Uzuntəpə kəndinin qocaman, ahıl kişilərdən də bilgilər almışdım.Onlar da başlarına gələn fəlakətləri ürək ağrısı ilə danışırdılar. Şikar Almaz oğlu Rüstəmov, Almasxan Hüseyn oğlu Zeynalov, Cəfərxan Balaxan oğlu Mehdiyev, hər biri ayrı-ayrılıqda qeyd edirdilər ki, atalarımız da, biz də köçüb gələn ruslarla birgə yaşamışıq. Onlar bizlərə yox, ermənilərə çox inanırdılar. Sovet hakimiyyətinin ilk illərində Qızıl Ordunun tərkibində gələn erməni və ruslar yerli ruslara (molokanlara) “beşatılan” silahı paylayırdılar. Başımız müsibətlər çəkib. Onların qarşısında söz deyə bilmirdik. Hərdən onlara qarşı çıxanda bizdən kimsə ölməli idi. Bizləri Prişibdə yerləşən qərargaha satırdılar. Ən çox bizim adamları erməni zabit və əsgərləri istintaq edirdilər. Elə vaxt olub, toyuq hinində yatmışıq. Biz uşaq olsaq da, o müsibətlər yadımızdan çıxmır…

Prişibdə (indiki Göytəpə) Bakı-Astara magistral yolunun sağ tərəfində, Göytəpəçay körpüsünün günbatan hissəsində 60 m uzunluğunda və 18 m dərinliyində tunel-quyu var idi.( Hal- hazırda bu tunel 2014-2015-ci ildə salınmış parkın altında qalmışdır – Ə.M.). Başları kəsilmiş müsəlman cəsədlərini ora tullayırmışlar. Əslində körpüyə yaxın çayın qirağında rus qarnizonuna məxsus bir həbsxana var idi. Müsəlman“günahkarlar” ora salınır, məhkəməsiz – istintaqsız şiddətli cəzaların alırdılar. Yaxınlıqdakı quyu onların son məzarı olurdu. Deyilənə görə, seyyid Hacı Sultanın (son vaxtlara qədər Biləsuvarda yaşamış və həcc zyarəti zamanı qərib ölkədə dünyasını dəyişmişdir) da atası dini təbliğat üstündə tutularaq həmin həbsxanaya salınmış, amma orada işləyən bir şəxs tərəfindən qaçırılmışdır.

Ləzranlı Mirzəqulu kişinin xatirələrində (mənbə: L.Mirzəqulu “Olanlardan, keçənlərdən” – redaktə edib çapa verən Araz Gündüz) göstərilir ki,”…Mən atamla Yed-dioymaq kəndindən gəlib Prişib körpüsündən keçəndə dörd nəfər qeyri-millətdən olan əsgərin əllərində siyirmə qılınc çaya sarı endiyini gördük. Onlar çayın qirağından, bir çökək yerdən bir nəfər yerli türkü (azərbaycanlını) dartıb çıxartdılar, sonra da əllərindəki qılıncla onu doğra¬mağa başladılar. Doğradıqları adam var gücü ilə qışqırır, kömək diləyirdi… Onlardan başqa da çayın qırağında bir neçə nəfərin qılıncla doğranmış cəsədini gördük…”

Hadisədən bir neçə gün sonra məlum olur ki, Göytəpə körpüsündə doğranmış və elə oradaca, xüsusi tunel-quyuya tökülmüş cəsədlər Əlqasımlı kəndinin adamları imiş. Bu olayın kökü Üçtəpənın yerli rusları ilə qonşu Əlqasımlı kəndinin türkləri arasında anlaşılmazlıqdan baş verən hadisədən törəmişdi. 17 nəfər Əlqasımlını Prişib pristavlığına təhvil verən ruslar sonradan öyrəndilər ki, 17 nəfərin hamısı pristavlığın əsgərləri (əksəriyyəti erməni əsgərləri olub) tərəfindən doğranaraq quyuya tökülüb. Yerli adamların məlumatına görə, sovet hökumətinin yarandığı ilk günlərdə pristavlığın belə “körpü üstü” əməliyyatları tez-tez olarmış.

Belə hadisələr bölgəmizin hər tərəfində baş vermişdir. Bunları üzə çıxarıb yaddaşlara yazmaqdansa, unuduruq deyəsən?! Vətənini, ailə-uşaqlarını qorumağa qalxan, “müsəlmandır!”, “türkdür!” deyə xalqımızın övladlarını qırıb tökən erməni liderlərinə, onlara havadar olan XI Qızıl Ordunun şərəfinə, vaxtilə çox təm-təraqlı abidələr ucaltdıq.

Bu gün ölkəmizdə hələ də “23 fevral”ı bilmədən bayram edənlər var. Heç olmasa müasir gənclərimiz “20 Yanvar”ı, “Xocalı faciəsi”ni unutmasınlar!

Əziz həmvətənlər, XX əsrin əvvəllərində öz mənfur niyyətlərini həyata keçirmək üçün erməni-daşnak və rus qüvvələri Azərbaycanın digər bölgələri ilə yanaşı Cəlilabad bölgəsində də soyqırım etmiş, qətliamlar törətmişlər. Kəndlərdə və Prişib nahiyəsində baş verən hadisələr bunu sübut edir. Təkcə Göytəpə (keçmiş Prişib) çayının sahilindəki (hazırkı parkın çaya tərəf sahili) tunel-quyu tapılsa, günahsız insanların kütləvi məzarlığı aşkar olunar və onların şərəfinə bir “soyqırım” abidəsi ucalar.

   Ələsgər Mirzəzadə

Həmçinin yoxlayın

Ermənilər Azərbaycanla sərhəddə döyüş mövqelərini sökməyə başladılar

GADTB: Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndi istiqamətindəki mövqeləri sökülür. Bu barədə …

Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzaiyə hələ də məzuniyyətdən məhrumdurlar

GADTB: Azərbaycan Milli Hərəkatının məhbus fəalları Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzai …