GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprelin 23-də Təbrizin “Vadi Rəhmət” qəbristanlığının fəxri bölməsində azərbaycanlı yazıçı, şairə və ictimai fəal Süsən Nəvadeyi Rəzinin 40 mərasimi keçirilib.
Mərasimdə yazıçının ailə üzvləri ilə yanaşı, bir sıra azərbaycanlı yazıçı, şair, ziyalı, sənət adamları və müxtəlif bölgələrdən gələn fəallar iştirak ediblər.
Mərasimdə Süsən Nəvadeyi Rəzinin yaradıcılığı barədə danışılıb, şeirlər oxunub. Həmçinin azərbaycanlı sənətçi Solmaz Balai “Ayrılıq” mahnısını ifa edib.
Mərasimdə Süsən Nəvadeyi Rəzinin məzari üstündə üzərində “Hər harda gözəllik və dirilik varsa, orada qadın izi var demək” yazılmış baner asılıb.
Qeyd edək ki, 1962-ci ildə Təbrizin Şəhriyar məhəlləsində dünyaya gələn Süsən Nəvadeyi Rəzi uzun illər “Məhdi Azadi” qəzetinin türkcə bölümündə çalışıb.
Ömrünün son illərini “Təməddün” qəzetinin türkcə bölümündə Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə bağlı yazılar yazmaqla keçirib.
Nəvadeyi Rəzi “El bilimi” və “Folklorçu xanımlar” mədəni-ədəbi dərnəklərinin idarə heyətinin üzvü olub.