
GADTB: Təbrizin Purşərifi idman sarayında Süngünün Mis və İsfahanın “Giti Pəsənd” komandaları arasında futzal matçı zamanı azarkeşlər “İran Futbol Federasiyası Azərbaycan düşməni!” şüarını səsləndirərək İran Futbol Federasiyasının fəaliyyətinə, ayrı-seçkilik siyasətinə və türklərə qarşı düşmən münasibətinə etiraz ediblər.
Həmçinin daim ayıq-sayıq olan Azərbaycan milləti yahəmin komandasının futzal üzrə Premyer Liqa matçı zamanı, Kuruşun doğum gününün Azərbaycan xalqına təbrik edilməsi və onun Azərbaycanla əlaqələndirilməsi istiqamətində şübhəli təbliğat kampaniyasının başlanmasından cəmi bir gün sonra stadionda öz etirazını nümayiş etdirib. Bununla da bu zəif və geridə qalmış media kampaniyasına Kuruş və Dariuşun şüurlu türk xalqı üçün qəbulolunmaz dəyərlər olduğunu çatdırıb.
Qeyd edək ki, bundan əvvəl də Azərbaycan xalqı “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir!” şüarını səsləndirərək monarxiya tərəfdarlarına cavab vermişdi. Bu dəfə də siyasi, mədəni və media fəallarının ayıqlığı sayəsində monarxiya tərəfdarlarının 7 Abanı – Kuruşun saxta doğum günü kimi təqdim edilən tarixi Azərbaycanda təbliğ etmək cəhdi kampaniyanın başlanmasından cəmi bir gün sonra uğursuzluğa düçar olub.
Həmçinin bildirilir ki, son həftələrdə Təbrizdə bir qrup İranmərkəzçi şəxs şəhər meri Yaqub Huşyarın, xüsusilə tarixi məhəllələrin bərpası və şəhərin mədəni kimliyi ilə bağlı layihələrinin əleyhinə geniş etiraz kampaniyası aparır. Mənbənin iddiasına görə, bu qüvvələrin müxalifəti bələdiyyənin fəaliyyətinin tənqidi ilə məhdudlaşmır, Təbriz və Azərbaycanın tarixi kimliyinin dirçəldilməsi ideyasına qarşı çıxmağa qədər uzanır.
Məlumata görə, bu İranmərkəzçi qruplar bələdiyyənin fəaliyyətini gözdən salmaqla yanaşı, Kuruşçuluğu və “Kuruş günü” kimi təqdim edilən saxta 7 Aban tarixinin təbliğini də gündəmdə saxlayırlar.
Qeyd edək ki, sözügedən qarşılaşmada Süngünün Mis komandası İsfahanın Giti Pəsənd klubunu 3:1 hesabı ilə məğlub edib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi