
GADTB: ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində paylaşdığı mesajda İranla razılaşmanın “çox yaxın” olduğunu bildirib və danışıqların bazar ertəsi yenidən başlanacağını açıqlayıb.
Trampın sözlərinə görə, danışıqlar iki əsas mövzu üzərində cəmləşəcək: İranın nüvə proqramı və Hörmüz boğazının – İranın cənubundakı strateji beynəlxalq su yolunun statusu.
ABŞ prezidenti Breitbart saytının xəbərini paylaşaraq vurğulayıb ki, məqsəd İranın nüvə proqramı və Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa nail olmaqdır.
Bununla yanaşı, Tramp fəaliyyətini əks etdirən başqa bir paylaşımı yenidən yayımlayaraq yazıb:
“İran İslam Respublikasının nüvə proqramını tamamilə məhv etdik.”
O, “Midnight Hammer” (Gecəyarısı Çəkici) əməliyyatını və İranın nüvə proqramının məhv edilməsini son 50 ildə ABŞ prezidentinin qəbul etdiyi ən mühüm və ən cəsarətli xarici siyasət qərarlarından biri kimi qiymətləndirən mətni də paylaşıb.
Paylaşımda ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, Hərbi Hava Qüvvələrinin generalı Den Keynin Pentaqonda keçirdiyi brifinqdə dediyi sözlərə də yer verilib:
“Prezident Tramp İran İslam Respublikasının nüvə proqramını tamamilə məhv etdi.”
Mətnə görə, ABŞ-ın dörd prezidenti İranın nüvə silahı əldə etməsinin qarşısını alacaqlarına söz versələr də, yalnız Donald Tramp bunu dayandırmaq üçün qəti addım atıb. Paylaşımda qeyd olunur ki, “Midnight Hammer” əməliyyatının həyata keçirilməsi son yarım əsrdə ABŞ prezidentinin verdiyi ən mühüm və ən cəsarətli xarici siyasət qərarı ola bilər.
Həmin paylaşımda həmçinin bildirilir ki, Trampın qısa müddətdə əldə etdiyi nəticələr diqqətəlayiqdir və onun fəaliyyəti alternativ namizədlə müqayisədə qiymətləndirilməlidir. Mətndə keçmiş vitse-prezident Kamala Harris də tənqid edilir və Trampın xalqın mandatı ilə vəzifəyə gəldiyi vurğulanır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi