
GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı əldə etməsinə icazə verilməyəcəyini bildirib.
Jurnalist Trampdan soruşub ki, dövlət katibi Marco Rubio sabah Papa ilə görüşəcək və ABŞ prezidenti ona hansı mesajın çatdırılmasını istəyir.
Tramp cavabında deyib: “Papa ilə bağlı məsələ çox sadədir. Onu razı salım ya yox, İran rejimi nüvə silahına sahib ola bilməz. Görünür, o düşünür ki, ola bilər, amma mən deyirəm ki, ola bilməz. Çünki bu baş versə, bütün dünya girov vəziyyətinə düşər və biz buna imkan verməyəcəyik. Mənim yeganə mesajım budur”.
ABŞ prezidenti daha sonra bildirib ki, son 24 saat ərzində İranla “çox yaxşı danışıqlar” aparılıb və müharibənin dayandırılması üçün razılaşma əldə olunması “çox ehtimallıdır”.
Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib: “Son 24 saat ərzində çox yaxşı danışıqlarımız olub və razılığa gəlmək ehtimalı çox yüksəkdir”.
O, gün ərzində İranla danışıqlar barədə bir neçə dəfə açıqlama verib və daha əvvəl Ağ Evdəki çıxışında “İranda razılığa gəlmək istəyən insanlarla işlədiklərini” söyləyib.
Bundan əvvəl isə Tramp sosial şəbəkədə paylaşdığı mesajda xəbərdarlıq edib ki, İran razılaşmaya getməsə, “bombardman başlayacaq və bu dəfə əvvəlkindən qat-qat ağır olacaq”.
Axios və Reuters agentliyi məlumatlı mənbələrə istinadən Vaşinqton və Tehran arasında müharibənin dayandırılması üçün bir səhifəlik memorandum layihəsi üzrə razılaşmaya yaxın olunduğunu yazıb.
Buna baxmayaraq, İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Tehran hələ də ABŞ-ın təklifini araşdırır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi