GADTB: Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkmənistanla enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün danışıqlar aparıldığını bildirib.
Rəsmi ”X” internet səhifəsində paylaşım edən Alparslan Bayraktar Aşqabada etdiyi səfər çərçivəsində energetika naziri Annageldi Saparov və dövlətə tabe olan ”Türkməngeologiya” şirkətinin rəhbəri Qurbangəldi Qarlıyevlə görüşdüyünü qeyd edib.
Qurbangəldi Qarlyevlə görüşdə təbii qaz sahəsində davam edən əməkdaşlığa mədən sahəsini əlavə etmək üçün atılacaq addımları qiymətləndirdiklərini bildirən Alparslan Bayraktar deyib: “İnanıram ki, təbii qaz mövzusunda olduğu kimi mədənçilik sahəsində də hər iki ölkəyə fayda verəcək layihələr həyata keçirəcəyik”.
Aşqabadda keçirdiyi görüşlər çərçivəsində Annageldi Saparovla da bir araya gələn Alparslan Bayraktar elektrik enerjisi istehsalı ilə bağlı gələcək strategiyaların qiymətləndirildiyini bildirib.
Annageldi Saparovla keçirdiyi görüşlə bağlı da paylaşım edən Alparslan Bayraktar deyib:
“Elektrik enerjisi istehsalı ilə yanaşı, qonşularımız və regionumuzdakı ölkələrlə elektrik enerjisi sahəsində əlaqələrinin genişləndirilməsinin vacibliyinə diqqət çəkdik.Bu sahələrdə mümkün əməkdaşlıq imkanlarını müzakirə etdik. İnanıram ki, Türkmənistanla Türkiyə arasındakı yaxşı münasibətlər elektrik enerjisi sahəsində atacağımız yeni addımlarla daha da inkişaf edəcək”.