
GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” komandası arasında keçirilən oyun zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb.
Bəyanatı olduğu kimi təqdim edirik:
“İdman, xüsusilə futbol, həmişə xalqlar və etnik qruplar arasında dostluq, qarşılıqlı anlaşma, birlik və hörmət üçün bir platforma olub. Stadionlar təhqir, alçaltma və insan ləyaqətinə xələl gətirmə meydanı deyil, alicənablığın, əxlaqın və sağlam rəqabətin nümayiş olunduğu məkanlar olmalıdır.
Günbəd Kavus şəhərinin “Çay Qovşan” mədəni-idman klubu Ənzəlinin “Mələvan” və Təbrizin “Traxtur” komandaları arasında 1405-ci il mehr ayının 26-da, bazar günü, Ənzəlidəki Sirus Qayıqran stadionunda keçirilməsi nəzərdə tutulan oyunla bağlı baş verən hadisələrdən təəssüfünü bildirir və İranda əhalinin böyük bir hissəsinin etnik və mədəni kimliyinə qarşı səsləndirilən təhqiramiz şüarları və irqçi davranışları qətiyyətlə pisləyir.
Biz inanırıq ki, heç bir futbol rəqabəti və heç bir fikir ayrılığı İran xalqlarını təhqir etməyə bəraət qazandıra bilməz. Bir-birimizin mədəni və etnik kimliyinə hörmət bütün ölkə stadionlarında qorunmalı olan danılmaz prinsipdir.
Türkmənsəhra əhalisi və Gülüstan vilayətinin sakinləri 1398-ci ildə baş vermiş dağıdıcı selin çətin günlərini unutmurlar. Həmin günlərdə çoxsaylı ailələr ağır maddi zərərlərlə və böyük çətinliklərlə üzləşmiş, insanların həmrəyliyi isə zərərçəkənlərin dərdinə məlhəm olmuşdu.
O çətin günlərdə “Traxtur” azarkeşləri də maddi və mənəvi yardımları, zərərçəkən insanlarla həmrəyliyi ilə birlik və humanizm nümunəsi göstərmişdilər.
Biz, Günbəd Kavus şəhərinin “Çay Qovşan” klubunda, bu dəyərli ruhu yüksək qiymətləndiririk və inanırıq ki, Azərbaycan və Türkmənsəhra xalqları arasındakı insani bağlar və qardaşlıq futbol rəqabətindən qat-qat üstündür.
Günbəd Kavus şəhərinin “Çay Qovşan” mədəni-idman klubu Futbol Federasiyasının İntizam Komitəsindən hakim və oyun nəzarətçisinin hesabatlarını, video materialları və mövcud digər sübutları diqqətlə araşdıraraq baş vermiş hadisələrlə bağlı qəti, ədalətli və qaydalara uyğun qərar qəbul etməsini tələb edir.
Biz istəyirik ki, ev sahibi komandanın qayda pozuntuları və intizam məsuliyyəti təsdiqlənərsə, müvafiq qaydalara əsasən, oyunun nəticəsi “Traktor” komandasının xeyrinə elan olunsun.
İrqçi şüarlara qarşı mübarizə yalnız şifahi qınaqla məhdudlaşmamalıdır. Qayda pozuntusu sübuta yetirilərsə, heç bir futbolçunun və ya azarkeşin dilinə, etnik mənsubiyyətinə və mədəni kimliyinə görə təhqir olunmaması üçün müvafiq və çəkindirici intizam tədbirləri də görülməlidir”.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi