
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mühacir kürd valilərin Qərbi Azərbaycan vilayətindən uzaqlaşdırılmasından sonra Urmiya şəhərinin küçələrinə öz tarixi adları qaytarılıb.
Artıq Urmiya Şəhər Şurasının qərarı ilə şəhərin qədim məhəllələrində əski türk adları olan lövhələr yerləşdirilməyə başlanılıb.
Şuranın keçirilən son iclasında şəhərin tarixi və mədəni mahiyyətini qoruyub saxlamaq üçün mühüm qərarlar qəbul edilib. Bu qərarlardan biri də Urmiyanın tarixi məhəllələri və küçələrinin tarixi adlarının qaytarılmasıdır və bu istiqamətdə uyğun lövhələr quraşdırılmaqdadır.
İclasda, həmçinin “Ahəndost-Şura-Vərzeş” kəsişmə körpüsünün tikildikdən sonra Azərbaycan musiqisinin böyük simalarından olan Səfiəddin Urməvi şərəfinə adlandırılması qərara alınıb.
Digər mühüm qərar, Salmas yoluna xalq qəhrəmanı Kazım Xan Quşçunun adının verilməsidir. Onun hava limanı meydanında heykəlinin ucaldılması da planlaşdırılır.