
GADTB: Azərbaycan milli hərəkatının fəalları Əta Kərimi və Əmir İbrahimlu 2025-ci il oktyabrın 28-i yaxınları ilə əlaqə saxlayaraq Urmiya Mərkəzi Həbsxanasının qəbul bölməsinə köçürüldüklərini bildiriblər.
Fəallara yaxın mənbələr son hadisələr zamanı azı 20 nəfərin saxlanıldığını bildiriblər. Onların arasında Əta Kərimi və Əmir İbrahimlu ilə yanaşı, Urmiyalı bloqer Puyan Yəzdanı və Əli Paşayi də var. Məlumata əsasən, bu iki şəxs dünən Urmiya şəhərinin Kəşfiyyat İdarəsinə çağırılıb, dindirildikdən və onlara qarşı ittiham irəli sürüldükdən sonra şəhərin mərkəzi həbsxanasına göndərilib.
Əta Kərimi yaxınları ilə telefon danışığında özünə lazım olan dərmanların ona verilmədiyini də bildirib.
Əta Kərimi və Əmir İbrahimlunun ailələri 2025-ci il oktyabrın 25-də yenidən Urmiya Ümumi və İnqilab Prokurorluğunun 6-cı istintaq şöbəsinə müraciət edərək övladlarının həbs səbəbləri, irəli sürülən ittihamlar və girov qərarlarının vəziyyəti barədə aydın məlumat tələb ediblər. Məhkəmə nümayəndələrinin cavab verməkdən yayınmasına baxmayaraq, sonda bildirilib ki, Əmir İbrahimlunun həbs qərarı hələ dəyişdirilməyib, Əta Kəriminin həbsi isə girovla əvəzlənib, lakin “müəyyən səbəblərə görə” bu qərar hələ icra edilmir.
Rəsmi məlumata görə, Atə Kərimiyə qarşı irəli sürülən ittihamlar və müəyyən edilən girov məbləğləri aşağıdakılardır:
1. İdman arenasında ictimai asayişin pozulması – 200 milyon tümən girov
2. Kürd xalqına təhqir – 2 milyard tümən girov
Atə Kəriminin 3-cü dərəcəli qaraciyər piylənməsi xəstəliyindən əziyyət çəkdiyi və həkim göstərişi ilə müalicə aldığı bildirilir. Əmir İbrahimlu isə onurğa yırtığı və ağır revmatizm səbəbindən müntəzəm tibbi nəzarətə ehtiyac duyur. Lakin ailələrin sözlərinə görə, çoxsaylı müraciətlərə baxmayaraq, məhkəmə və təhlükəsizlik orqanları onlara lazımi dərmanların çatdırılmasına icazə vermir. Bu isə hər iki məhbusun sağlamlıq vəziyyəti ilə bağlı ciddi narahatlıqlar yaradıb.
Əta Kərimi və Əmir İbrahimlu 2025-ci il oktyabrın 22-də öz iş yerlərində İran təhlükəsizlik qüvvələri tərəfindən zorakılıqla döyülərək saxlanılıblar. Əməliyyat zamanı onların mağazalarına zərər vurulub, şəxsi əşyaları, o cümlədən mobil telefonlar, iş avadanlıqları, müşahidə kameraları, modemlər və POS cihazları müsadirə olunub.
Mehr ayının son günlərində isə Qərbi Azərbaycan vilayətində ən azı 20 türk fəal sosial şəbəkələrdə kürd silahlı qruplarının açıq fəaliyyətinə dair tənqidi paylaşımlarına görə saxlanılıb. Eyni zamanda bəzi türk fəallar təhlükəsizlik orqanları tərəfindən telefonla hədələnərək xəbərdarlıq alıblar ki, bu məsələ ilə bağlı paylaşımlarını davam etdirsələr, onlar da həbs ediləcəklər.
Mülki fəallara yaxın mənbələr bildiriblər ki, adıçəkilən kürd qrupları İranın Kəşfiyyat Nazirliyi və SEPAH kimi bəzi dövlət qurumlarının dəstəyi ilə Qərbi Azərbaycan bölgəsində açıq şəkildə fəaliyyət göstərirlər. Lakin bu fəaliyyətləri tənqid edən türk fəallar təzyiq, hədə və həbslərlə üzləşirlər.
Əta Kərimi və Əmir İbrahimlu daha əvvəl də Azərbaycan xalqının hüquqlarının müdafiəsi və Urmiya gölünün qurudulması siyasətinə etiraz məqsədilə həyata keçirdikləri mülki fəaliyyətlərə görə təhlükəsizlik orqanları tərəfindən dindirilmiş və bir neçə dəfə saxlanılmışdılar.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi