Bazar ertəsi , May 6 2024
azfa

Xilafət dövrünün ilk Alban məlikləri

GADTB: İslamdan öncə Arran – Albaniyada Mehranilər sülaləsinin (628-705) hakimiyyətdə olduğu bilinməkdədir. Bu sülalə Arran ittifaqına daxil olan Girdman bəyliyinin (knyazlığının) başında duran bu sülalə adını Mehrandan alır.

Mehran, Sasani şahının kürəkəni idi və əslən Parfiya Arsakları sülaləsindən idi. Musa Kağankatlının yazdığına görə, şaha qarşı uğursuz üsyanda iştirak etmiş və edamdan xilas olmaq üçün Arrana qaçmaq məcburiyyətində qalmışdı.

Mehranilər sülaləsindən I Cəsur Vardan (600-615) Arranşahlar sülaləsindən 60 əsilzadəni qətlə yetirərək mənsub olduğu nəsli Arranda əsas söz sahibi durumuna gətirdi. Onun kiçik oğlu Varaz Qriqor (628-642) isə xristianlığı qəbul etdikdən sonra Alban kotolikosu Vironun himayəsi ilə Sasani şahı II Xosrov tərəfindən «Gırdmanın ağası və Alban ölkəsinin knyazı» olaraq tanınmağı bacardı (Баратов С., 1871, s. 69-70) və beləcə, 510-cu ildə ləğv edilmiş Alban dövlətçiliyi faktiki olaraq yenidən bərpa olundu. Bərdə Arranın paytaxtı elan edildi.

510-628-ci illər arasında, yəni Sasanilərin 4 əsas mərzbanlığından birinin – Aturpatakanın (Azərbaycanın) tərkib hissəsi olan Ərməniyyə və Arranın monofizit icmalarına bu əyalətlərin katalikosları başçılıq edirdilər. 33 il eyni vəzifəni icra edən, bunun 25 ilini Sasani hökmdarı II Xosrovun sarayında həbs şəraitində keçirən Viro da onlardan biri idi (Bünyadov Z., 2007, s. 53). O, Alban katalokosluğunun mərkəzi olan Çolada otururdu.

Bu şəhər alban-monofizit icmasının əsas mərkəzi idi (Dowset C. J., 1958, s. 477).

Katalikosluğun mərkəzinin Çoladan Bərdəyə köçməsinin əsas səbəbi həmin dövrdə Yuxarı Arranın xəzərlərin hakimiyyəti altına girməsi idi. Ziya Bünyadovun yazdığına görə, Qafqaz Albaniyasının 14-cü katalikosu olan Viro Arranın siyasi həyatında xüsusi bir mövqeyə sahib olub. “…Bu cəhət xüsusilə onun həyatının son 5 ilinə (626-636) aiddir”.

Alim yazır ki, II Xosrovun ölümündən sonra (628) onun taxt-tacına sahib olan Şiruyə saray həbsxanasında yatan adamların hamısını azad etdi və bunların arasında Viro da vardı. O, Bizansla Sasanilər arasında baş vermiş savaşdan (603-604) istifadə edərək, alban xalqını farslara qarşı üsyana qaldırdığına görə həbs edilmişdi. Sarayda yaşadığı dövrdə əslən alban türklərindən olan Məlikə Şirin tərəfindən çox hörmət görmüşdü (Bünyadov Z., 2007, s. 54-55).

Varaz-Qriqorun ölümündən sonra oğlu Cavanşir Arran taxt-tacının sahibi oldu.

637-ci ildə ərəblər Sasani şahını onun paytaxtı olan Mədaində mühasirəyə aldılar. Cavanşir üç minlik alban qoşununun başında Sasanilərlə birlikdə altı ay şəhərin müdafiəsində durur.

Lakin bu, Sasani şahını xilas edə bilmədi, Sasanilərin ordusu darmadağın edilir. III Yəzdəgird Dəclə çayı sahilindəki qalalardan birinə qaçmağa və orada gizlənməyə məcbur olur. Cavanşirin dəstəsi ayrılıb Azərbaycana çəkilir.

Musa Kağankatlının məlumatına görə, Cavanşirin Sasani ordusunun tərəfində son döyüşü III Yəzdigərdin hakimiyyətinin səkkizinci ilinə (639-640-cı illərə) təsadüf edir. Həmin illərdə Azərbaycan, o cümlədən Arran ərazisi danışıqlar yolu ilə, könüllü surətdə, yəni heç bir savaş olmadan İslam Xilafətinin tərkibinə daxil olur (Azərbaycan tarixi, 2007, II; Vəlixanlı N. Ərəb Xilafəti və Azərbaycan, Bakı, 1992).

Cavanşir Arran məliki statusu alaraq, ölkəni idarə etməkdə davam edir.

Məlumat üçün bildirək ki, məlik titulunu müsəlman hökmdarlardan asılı şəkildə bu və ya digər ərazini idarə edən vassal xristian hakimlərinə verir, onları “məlik” adlandırırdılar.

Azərbaycan əhalisinin könüllü surətdə İslam Xilafətinin tərkibinə daxil olmasının əsas səbəblərindən biri, çox güman ki, müsəlmanların eyni dövrdə Azərbaycanda peyda olan xəzərlərdən fərqli olaraq, əhali ilə mülayim və xoş rəftarı olmuşdur. Z. Bünyadov Bizans qaynaqlarına istinadən yazır ki, “İmperator İraklinin Sasanilərlə müharibəsi zamanı İrakli xəzərlər adlanan Şərq türkləri ilə ittifaq bağladı. Onlara xaqandan sonra ən böyük şəxs sayılan (Cebu Xaqanın) rəhbərliyi ilə Atrpatakan əyalətinə soxuldular”. Xəzərlərin bu hücumu “Ağvan tarixi”ndə əks olunmuşdur; burada deyilir: “xəzərlərin saysız-hesabsız quldur

dəstələri İraklinin buyuruğu ilə ölkəmizə basqın edirdi”.

Alim “Alban tarixi”nə istinadən fikrini daha sonra belə davam etdirərir: “Ölkəyə soxulan xəzərlər birinci zərbəni Dərbəndə endirdilər… Xəzərlər şəhəri alarkən əhaliyə qarşı o qədər rəhmsizlik göstərdilər ki, Albaniya əhalisi arasında çaxnaşma başlandı. Çoxlu adam öz evi və əmlakını buraxıb ölkənin paytaxtı Partava üz qoydu…

Xəzər xaqanı Albaniya üzərinə ikinci dəfə ordu göndərəndə öz oğlu Şata belə tapşırıq verdi: “Əgər onların ölkəsinin (Albaniyanın) hakim və əyanları mənim oğlumu qarşılayıb öz ölkələrini onun tabeliyinə verərlərsə, şəhərləri, qalaları və ticarəti mənim qoşunlarıma təslim edərlərsə, siz də imkan imkan verin onlar yaşayıb mənə qulluq etsinlər. Yox əgər onlar belə etməsələr, onda qoy sizin gözləriniz 15 yaşdan yuxarı kişi nəslinə rəhm etməsin və onları (15 yaşınadək oğlanları – Z. B.) qadınlarla bərabər

mənə özünüzə qul və kəniz kimi saxlayın” (Bünyadov Z., 2007, s. 58-59).

Müsəlmanların isə yerlilərə münasibəti xəzərlərinkindən tamam fərqli idi. Məsələn, 639-cu ildə müsəlman qoşunlarının əmiri Bukeyr ibn Abdullah muğanlılarla müqavilə bağlamış və onlara aşağıdakı məzmunda fərman vermişdi:

«Bismillahirrəhmanirrəhim. Bu fərman Bukeyr ibn Abdullah tərəfindən Muğan əhalisinə, onların şəxsiyyəti, əmlakı, dini və qanunlarını mühafızə etmək haqqında verilən mühafızə fərmanıdır ki, həddi – büluğa çatmış hər bir şəxs bir dinar, yaxud onun dəyərini versin, müsəlmana səmimi yanaşsın, ona yol göstərsin və bir gün bir gecə onu saxlayıb, yedirsin. Nə qədər ki, onlar öz üzərində (müsəlman) hakimiyyətini qəbul edib ərəblərə xeyirxahlıqla yanaşırlar, onlara əmin – amanlıq təmin olunur və biz öz təəhhüdlərimizi yerinə yetirərik. Əgər onlar öz təəhhüdlərini pozub səmimi olmadıqlarını göstərsələr, xainləri ələ verməyincə, onlara aman yoxdur! Əks halda! Onlar xainlərin həmfıkri hesab olunacaqlar.

Şahidlər əş-Şəmmax ibn Dirar, ər-Rusaris ibn Cunadib və Xəmələ ibn Cuveyyə olmuşlar. Hicri 21-ci ildə (642-ci ildə) ya-

zılmışdır»

(Книга стран, 2011,

s. 326; Ибн ал-Асир, 2006, III, s. 22).

Şahlar Hacıyev,

Bəxtiyar Tuncay.

Həmçinin yoxlayın

Güney Azərbaycanın şəhərlərində qızıl satıcılarının tətil aksiyaları genişlənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində qızıl satıcıları İranın yeni …

Azərbaycanlı sənət adamı evində molla rejimin qüvvələrinin hücumuna məruz qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT məmurları Aşqin xanım İmaminin …