Cümə axşamı , Noyabr 21 2024
azfa

XX yüzilliyin əvvəllərində ermənilərin torpaq iddialarının coğrafiyası

GADTB: XX yüzillik ərəfəsində və XX yüzilliyin əvvəllərində ermənilərin törətdikləri hərbi cinayətlər (soyqırımı, etnik “təmizləmə” və b.) və siyasi terror fəaliyyətləri bir sıra dövlətlərin ərazisini sardığı və həmin bölgələrin xalqlarına yönəldiyi üçün sıradan bir təhlükə deyildir.

Öncəliklə qeyd edək ki, I Dünya Savaşında ermənilər könüllü birliklər halında ordularına qoşulduqları və ya himayəsinə sığındıqları böyük imperialist dövlətlərin (Rusiya, Fransa, Böyük Britaniya, ABŞ) dəstəyindən özlərinə əlverişli saydıqları hərbi-siyasi məqamlarda sui-istifadə edərək Osmanlı, İran, Qafqaz, Orta Asiya bölgələrində müsəlmanlara (əsasən türk xalqlarına), qismən də xristianlara və yəhudilərə qarşı soyqırımı törətmiş, “etnik təmizləmə” aparmış və siyasi terror aktları həyata keçirmişdilər. Bu qəbildən olan ən mühüm faktlara və tarixi qaynaqlardakı başqa bilgilərə dayanaraq XX yüzilliyin ilk qərinəsində ermənilərin torpaq iddialarını əsasən müəyyənləşdirməyə çalışaq. Osmanlı torpaqlarının bir qisminə (“Qərbi Ermənistan” adı ilə) iddia edən ermənilər (patriarxları Mkrtiç Xrimyan və Nerses Varjapetyanın şəxsində) hələ 1877-1878-ci illərdəki rus-türk savaşından sonra keçirilmiş Berlin Konfransından və 17 mart 1878-ci il tarixində İngiltərənin İstanbuldakı səfiri Loyarda (Van, Sivas, Diyarbəkir, Ki-likiya və b. nahiyələrə iddialarla), 13 apreldə İngiltərənin Xarici İşlər naziri Solsberiyə müraciətlərindən [1, s. 263-264] ciddi nəticə ala bilmədikləri üçün yuxarıda adı çəkilən imperialist dövlətlərin havadarlığı sayəsində silahlı terror mərhələsinə keçmişdilər. Məhz erməni millətçi, terrorçu partiyalarının (Armenakan, Hnçak, Daşnaksütyun) yaradılması və Serob Vardanyan, Andranik Ozanyan Torosi (Sasuntsi) və davamçılarının XIX yüzilliyin 80-ci illərindən başlayaraq I Dünya Savaşınadək aramsız olaraq yürütdükləri silahlı siyasi terror hərəkatı da həmin dönəmdə baş verməkdəydi [2].

1914-cü ildən başlayaraq Rusiya ordusuna yarımüstəqil şəkildə qatılmış erməni silahlı birlikləri tərəfindən Şərqi Anadolunun çox vilayət və yaşayış məntəqələrində türklərə qarşı törədilən hərbi cinayətlər (indiki anlamda: soyqırımı) ermənilərlə birgə hərbi birləşmələrdə xidmət göstərən bir sıra Rusiya hərbçiləri, o sıradan tanınmış rus, gürcü, ukraynalı zabitlər (podpolkovnik Tverdoxlebov [3, s.45-53], general Odişelidze [3, s.32-36], Türküstan Motoatıcı Alayından yüzbaşı vəkili Kazimir [3, s.32-40], istehkam zabiti, erməni əsilli Morozov [3, s.38] Aksirə dairəsi müfəttişi, hərbi həkim Xoroşşenko [3, s.149-150] və b.) tərəfindən də etiraf olunmuşdur.

Türk mənbələrinə görə, həmin dövrdə 200 000 nəfər erməni Müttəfiq Dövlətlərin ordularında Osmanlıya qarşı savaşa qatılmış, 60 000-lik erməni çətələri isə Anadolu kəndlərində və qəsəbələrində toplu qırğınlara girişərək 530 000 nəfər türk-müsəlmanı xunxarca (qaniçən –X.İ.) öldürmüşdü… İndi Anadolunun hər köşəsində ermənilər tərəfindən qətl edilmiş türklərə aid toplu məzarlar ortaya çıxmaqdadır [4, s.6]. 1992-ci ilədək ümumilikdə Qars və çevrəsindəki (Ərdahan, Ahılkələk, Aralıq, Arpaçay, Çıldır, Gölə, İqdır, Kağızman, Tuzluca və b. bölgələrdə) ön araşdırmalarda 62 toplu məzar təsbit olunmuşdur [5, s.34-36]…

Osmanlı tabeçiliyində olan indiki Suriya ərazilərinə köçürülmüş yüz minlərlə erməni Mudros Atəşkəsindən sonra öz əski yaşayış yerlərinə dönməyə başladığı zaman onların “başbilənləri” “Erməni Kilikiya Dövləti” yaratmaq niyyətilə Seyhan və Ceyhan çayları arasında yerləşən bütün ərazini “muxtar” elan edib Adanada Hakimiyyət Sarayını ələ aldılar. İşə müdaxilə edən fransız komandan veteran-terrorçu Damacyan və onun “hökumət”indən bu məzhəkəyə son qoymalarını qətiyyətlə tələb etdi. Fransız protektoratlığında “Erməni Kilikiya Dövləti” yaratmaq cəhdi qəti tələblərdən sonra yığışdırıldı. Ancaq fransızlar Kilikiyada (Çukurova –X.İ.) erməni dövlətçiliyi məcarasının qarşısını tam ala bilmədilər [6, s.128]. Fransızlar Çuxurova və ətraf bölgələri işğal edərkən 10 000-ə qədər ermənidən fransız əsgəri kimi istifadə etmişdi. Bununla yanaşı, erməni qaçqınlarından ümumi sayı 70 000 olan dəstələr təşkil edilmişdi ki, bunlardan da bölgədə mülki şəxslərə qarşı qırğınlarda istifadə olunurdu [7, s.81]. Arxiv sənədlərində Fransa ordusu sıralarına qatılmış erməni birliklərinin fransız əsgəri mundiri ilə Kilikiya bölgəsində türklərə qarşı soyqırımı törətdikləri arxiv sənədlərində dəfələrlə öz təsdiqini tapır [8, s. 57-59, 62, 65, 72, 74, 76, 93]… Əlbəttə, bütün bunlar təsadüfi deyildi: belə ki, ermənilərin Türkiyənin Şərq vilayətləri ilə yanaşı Cənub (Kilikiya) bölgəsinə də torpaq iddiaları Paris Sülh Konfransında da öz əksini tapmışdı [9, s.43].

I Dünya Savaşınadək ermənilərin gözaltı etdikləri torpaqların o biri payı isə, XVII yüzilliyin sonunda I Pyotra verdikləri layihədən və Rusiya-Osmanlı, Rusiya-İran savaşlarından sonra hissə-hissə məskunlaşdırıldıqları bölgələrdən də göründüyü kimi, Güney və Quzey Qafqaz idi. 5 dekabr 1917-ci ildə imzalanmış Ərzincan Barışı (daha sonra 3 mart 1918-ci il tarixli Brest-Litovsk Anlaşması) nəticəsində Rusiya qoşunları Ərzurum və Qarsdan çıxmalı oldu [1, s.394]. Erməni könüllü çətələri Türkiyə sərhədlərindən çəkilərək İqdır-Kərimarx-Eçmiədzin-İrəvan, İrəvan-Qəmərli-Vedibasar-Sədərək-Dərələyəz, İrəvan-Dərəçiçək-Nor Bayazit-Basarkeçər-Zəngəzur-Qarabağ yolları boyunca yerli (qərbi azərbaycanlı) əhalini qılıncdan keçirir, mülklərini talan edir, evlərini yandırırdılar [1, s.327]. ABŞ tədqiqatçıları Castin və Karolin Makkartilərin hesablamalarını görə, 1918-20-ci illər aralığında İrəvan quberniyasında 180 000 müsəlman, yaxud quberniya müsəlmanlarının üçdə ikisindən çoxu ya öldürülmüş, ya da didərgin salınmışdı [10, s.98]. Erməni müəllfi A.A. Lalayan “Daşnaksütyun” partiyasının əksinqilabi rolu” məqaləsində göstərir ki, “Daşnaksütyun” hakimiyyətdə olduğu otuz ay müddətində Ermənistanda türklərin sayı 77%, kürdlərin sayı 98%, yezidlərin sayı isə 40% azalmışdır [11, s.77].

Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli yığıncağının qərarına əsasən müsəlmanların qədim şəhəri İrəvanın siyasi mərkəz kimi ermənilərə güzəşt edilməsi [12, v.51-52] Azərbaycan tərəfinin sülhlə bağlı gözlədiyi nəticəni vermədi. Ermənilər tarixi Qərbi Azərbaycanın bütün başqa bölgələrində də, o sıradan Göyçə mahalında [13: s.81], Naxçıvanda [14, s.64], Zəngibasarda [14, s.83], az-nlılara qarşı soyqırımı, etnik “təmizləmə” fəaliyyətləri yürütdülər.

Bölgədə erməni və müsəlmanların hərbi-siyasi güc balansının kəskin şəkildə öz xeyirlərinə olduğunu yaxşı başa düşən erməni liderləri Bakıda Bolşevik Rusiyasının hərbi birləşmələrinin tərkibinə qoşulmaqla Bakı və bitişik bölgələrin işğalı zamanı (burada Sovet Rusiyasının hakimiyyətinin bərqərar olması pərdəsi altında) 1918-ci ilin 31 Mart soyqırımı kimi yadda qalan faciələr törədərək Bakıda, Şamaxıda, Kürdəmir və Göyçay bölgəsində, Qubada, Salyanda, Lənkəranda və s. 30 min azərbaycanlını qırdılar [14, s.61]

Ermənilərin türk-müsəlman əhaliyə qarşı növbəti soyqırım aktları Gürcüstanda (Axalkələk [15, s.53; 3, s.149-150], Borçalı [16, s.146-148, 315-316], Qarayazı [17, s.131]), Şimali Qafqazda (Mahaçqala [18, v.103]), (İranın Müttəfiq Dövlətlər tərəfindən işğalından sui-istifadə edərək, assurilərlə birgə) Güney Azərbaycanın Urmiya, Xoy, Səlmas, Köhnəşəhər və s. yaşayış məntəqələrində [19, s. 144-146], Orta Asiyada (27 noyabr 1917-ci ildə Bütün Müsəlmanların IV Fövqəladə Qurultayında Türküstan müvəqqəti şurasının rəhbərliyi ilə yaradılmış Turkeston Muxtoriatini devirmə fonunda [20, s.84-85; 21, s.55-56; 22, s.105-108]) baş verməkdəydi.

İlkin hesablamaların nəticəsi olaraq Özbəkistan Milli Ensiklopediyasında dərc olunmuş məlumatlara görə, Fərqanə vadisindəki hadisələrdə daşnak qurbanlarının sayı 35 min nəfərdən artıq olmuşdur. Xalq arasında bilinən qurban sayları isə bu rəqəmin 150 min nəfəri keçdiyini göstərir [23].

Erməni millətçiləri, irqçiləri olan daşnakların düşüncələrinə yerləşdirdikləri “müqəddəs” bir hədəf (əski çağlarda guya özgür, möhtəşəm “hay” dövləti olmuş “Böyük Ermənistan”ın bərpası) uğrunda gizli-aşkar mübarizə apardıqları həryönlü şəkildə dəfələrlə təsdiq olunmuş bir gerçəklikdir.

Erməni qaynaqlarına istinadən çağdaş özbək araşdırmaçısı Şöhrət Barlas “Ermənistandan kənar Ermənistanlar” mövzusuna toxunaraq çeşidli ərazilərdə cəmi 35 Ermənistanın adını çəkir: o sıradan, Bizans Ermənistanı, yunan Ermənistanı, Mesopatamiya Ermənistanı, Şimali Ermənistan, Cənubi Ermənistan, Yustinian Ermənistanı, Gürcüstan Ermənistanı və b. [24, s.140-141].

Bakı qubernatoru Nakaşidzenin erməni siyasi terrorçuları tərəfindən öldürülməsi ilə bağlı Rusiya arxivində saxlanan bir sənəddə isə deyilir ki, Türkiyədə bölücülüklə bağlı üsyan və terrora əl atdıqdan sonra əzişdirilən erməni millətçilərinin düşüncələrinə görə, min il öncə mövcud olmuş müstəqil “Böyük Ermənistan”ın sərhədləri “Türkiyə Ermənistanı” və Qafqazdan başqa, Rusiya Türküstanının və İranın bir hissəsini də əhatə edirmiş [25, s.261]. Elmi ictimaiyyət üçün bu sənəddəki yenilik isə ermənilərin Orta Asiyanın bir qisminə gizli iddiasıdır ki, “üç dəniz arasındakı Ermənistan”ı “yetərsiz” sayaraq Xəzər dənizindən şərqə doğru yayılmağı nəzərdə tutur…

Ermənilərin növbəti soyqırım aktları xristianlara və yəhudilərə qarşı da yönəlmişdir. İngilislərin komandanlığı altında hərbi koalisiyada iştirak edən 12000 nəfərlik şotlandiyalı və yeni zelandiyalı əsgərlə “Cənub-Qərbi Qafqaz Hökuməti”nin devrilməsi və Qars bölgəsində işğalla erməni hökuməti qurulmasından [26, s.41-42] sonra, buradakı daşnak hökuməti yerli rus və yunanlara qarşı da 1919-1920-ci illərdə hərbi cinayətlər törətmişdir [27, v.14-15]. Qars Vilayətinin əhalisi sırasından 205 min müsəlman, 48 min yunan, 31 min rus ermənilər tərəfindən soyqırıma və etnik “təmizləmə”yə məruz qalmış, bu sakinlərdən yalnız bir qismi canını qurtarıb qaçqına çevrilmiş, yerdə qalanlar məhv edilmişdilər [27, v.14].

1918-ci ilin noyabrında isə ermənilər dövrün müasir silahları ilə, xüsusən də toplarla silahlanaraq Gürcüstana – Axalkələk və Axalsix bölgələrinə hücuma keçib, oradakı gürcüləri “təmizləyərək” (Axalkələk və Borçalıya da iddia etməklə) yeni etnik sərhədlərlə 1919-cu ilin yazında açılmalı olan Paris Sülh Konfrasına hazırlaşırdılar [28, s.101-102]. 1918-ci ilin yazında daşnaklar Axalkələkdə Xospiy kəndinin əhalisini, həm də Poladaşvili soyadlı gürcü ailəsini ucdantutma qırmışdılar [29, s.14-15]. O dönəmlərdə “Qafqaz poçtu” adlı ingilisdilli erməni qəzeti “… qabaqlar Tiflisin ermənilərə məxsus olmasından və yalnız millətçilik tədbirlərindən sonra şəhərin gürcü hökuməti əlinə keçməsindən” yazırdı [29, s. 27]… 1918-ci ilin dekabrında Alman hərbi missiyasının Gürcüstandan çəkilməsindən cəmi bir gün sonra Ermənistanın Gürcüstan torpaqlarına və özəlliklə də onun paytaxtı üzərinə torpaq iddiası ilə hücumu bu iddianın ötəri olmadığının növbəti bir sübutudur.

Ermənilərin Azərbaycanda (1918-ci ildə Qubada [30, s.23-25]), Türkiyədə (1916-cı ildə Ərzurumda, Həsənqalada… [31, s. 52-57, 391-394]), İranda (1918-ci ildə Urmiya və Köhnəşəhərdə [32, s.122, 129]) və Şərqi Avropada [30, s.38] yəhudilərə qarşı törətdiyi soyqırımı aktları onların 1918-ci ildə İstanbulda nəşr etdikləri “Böyük Ermənistan” xəritəsinə Suriya, Livan və b. [33] ilə yanaşı İsrail-Fələstin bölgəsini də salmalarının [34, s.69] təsadüfi olmadığını göstərir.

Ermənilərin törətdikləri soyqırımı silsilələrinə həryönlü diqqət yetirdikdən sonra, indi də ermənilərin torpaq iddialarının əks olunduğu tarixi sənədlərə diqqət yetirək.

Bu sənədlər sırasında ermənilərin müsəlmanlara (əsasən türk xalqlarına), xristianlara və hətta yəhudilərə qarşı torpaq iddiaları diqqəti cəlb edir.

1919-cu ilin yazında Parisdə erməni təmsilçilərinin müttəfiq böyük dövlətlərin qarşısına qoyduğu memorandumda sülh konfransına təqdim etmək üçün aşağıdakı geniş ərazi tələbləri qoyulmuşdu: Qara dənizdən Aralıq dənizinə, Qarabağ dağlarından Ərəbistan səhralarınadək “yaradılmalı” olan “Böyük Ermənistan”. Onun da tərkibinə İrəvan quberniyası, Ərdəhanın quzeyi istisna olmaqla bütünlükdə Qars vilayəti, “Türkiyə Ermənistanı”nın 7 başqa vilayəti [Van, Baqeş, Diyarbəkir, Xarberd, Sebastia, Karin, Trapezund (Diyarbəkirin güney bölgəsi və Sebastianın qərb hissəsi istisna olmaqla)] və Kilikiyanın 4 sancağı (Maraş, Sis, Celal-Bereket, Adana Aleksandretto ilə), Yelizavetpol quberniyasının cənubi-qərb hissəsi və Tiflis quberniyasının cənub yarısı [9, s.43], yəni Loru, Başkeçid, Borçalı, Qarayazı da daxil “olmalı” idi.

14 may 1919-cu ildə Ermənistan və İstanbul üzərində Amerika mandatı haqda qərarnamə qəbul edilərkən bu mandat altındakı torpağa “Qara dənizdən Egey dənizinə qədər birləşmiş Türk, Fars və Rus Ermənistanının” daxil olacağı diqqətə alınmışdı [35]. (Təbii ki, bu “Türk, Fars və Rus Ermənistanı” ifadəsi Amerika mandatı haqda qərarnamə qəbul edilməsi üçün dəridən-qabıqdan çıxan erməni millətçiləri və onların təsirinə düşən ABŞ-dakı nüfuzlu ermənipərəst xristian dairələrin təlqini ilə rəsmi leksikonda işlədilmişdir. –X.İ.)

1918-ci ildə İstanbulda “Böyük Ermənistan”ın nəşr olunan fantastik xəritəsi guya tarixi xəritə idi. O xəritədə “Böyük Ermənistan”ın sərhədləri Qara dənizdən Xəzər dənizinədək (Batum, Axalsix, Msxeta, Tiflis də daxil olmaqla), Samsundan Aralıq dənizinə və Selevkiyanın quzey hissəsinədək çox böyük əraziləri əhatə edir. Həmin xəritədə Gürcüstana ensiz bir nahiyə ayrılmışdı [34, s.69]. Ermənilərin gürcüləri soyqırıma uğratmağa və etnik “təmizləməyə” yönələn fəaliyyəti “gələcək” “Böyük Ermənistan”ın ərazi parçalarını hazırlamaq məqsədindənmi qaynaqlanır görəsən?!.. –Təəssüf ki, bəli: 27 sentyabr 1993-cü il tarixində və gürcü qadınlarına, uşaqlarına qarşı hiyləgərcəsinə qırğın törətdikləri başqa günlərdə yaraqlı ermənilər qışqıraraq deyirmişlər: “Abxaziya sizin idi, indi oldu bizim –Abxaziya kiçik Ermənistandır, Böyük Ermənistanın qərb sahilləridir.” [34, s.100].

XX yüzilliyin əvvəllərində Çarlıq Rusiyasının polis departamenti tərəfindən aşkar olunmuş ermənilərin Rusiyaya da qarşı gizli ərazi iddialarının heç də ötəri olmadığı günümüzün hadisələri ilə öz təsdiqini tapır [36].

XX əsrin başlanğıcında gürcü knyazı D. isə Çar Rusiyası dövrünün müəllifi İ.K.Kanadpev ilə dialoqu zamanı ermənilərin bu iddiaları ilə bağlı fikrini belə ifadə edirdi: “Bir sözlə, diyarın (Qafqazın –X.İ.) erməniləşməsi xeyli sürətlə gedir…

…İcazə verin, mən də öz növbəmdə bildirim: rus hökuməti maraqlıdırmı ki, bütün Qafqazda hakimiyyət dənizdən-dənizə, Rostovdan Trapezundadək (Trabzon –X.İ.) bir krallığı diriltmək fikrinə düşənlərə keçsin?” [37, s.80].

Bakı qubernatoru Nakaşidzenin erməni siyasi terrorçuları tərəfindən öldürülməsi ilə bağlı Rusiya arxivində saxlanan yuxarıda toxunduğumuz sənəddə isə erməni millətçilərinin düşüncələrinə görə, min il öncə mövcud olmuş “Böyük Ermənistan”ın sərhədləri “Türkiyə Ermənistanı” və Qafqazdan başqa, Rusiya Türküstanının və İranın bir hissəsini də içərisinə alırmış [25, s.261]. “Rusiya Türküstanı” dedikdə Qərbi Türküstan nəzərdə tutulur. Qərbi Türküstana aşığıdakı çağdaş türk dövlətlərinin əraziləri daxil idi: Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan.

Beləliklə, yuxarıda təqdim etdiyimiz tarixi hadisələrə və sənədlərə görə, ümumiləşdirmə apardıqda, ermənilərin aşkar və gizli torpaq iddiaları ən azı aşağıdakı əraziləri əhatə edir: Qars Vilayəti (Ərdahanın quzey hissəsi istisna olmaqla), bundan başqa Türkiyənin 7 əyaləti və Kilikyanın 4 bölgəsi [Türkiyə]; Naxçıvan və Zəngəzur, Qarabağ… (Yelizavetpol Quberniyasının cənub-qərb qisimləri – Quzey Azərbaycan), Güney Azərbaycanın Xoy-Səlmas-Urmiya və Köhnəşəhər bölgəsi və Xəzərin güneyi də daxil olmaqla ümumilikdə İranın quzeyi; Ahalkələk, Ahalsix, Borçalı (Tiflis Quberniyasının güney hissəsi – Gürcüstan), Qərbi Türküstanın bir hissəsi (Orta Asiya), Qara dənizin şərq sahilləri, bütünlüklə Qafqaz [o sıradan Şimali Qafqaz, Rostovadək (Rusiya)]…

Ədəbiyyat:

1.Məmmədov İsrafil. Tariximiz, torpağımız, taleyimiz. –Bakı: Adiloğlu, 2002. – 699 s.

2. http://www.rasmof.ru/ostavshijsya-nepobezhdennym-k-90-letiyu-so-dnya-konchiny-andranika-sasunskogo-istochnik-httpwww-nashasreda-ru , 14.11.2017

3. Azmi Süslü. Ruslara göre Ermenilerin Türklere yaptıkları mezalim. –Ankara: Ankara Üniversitesi Basımevi, 1987. – 155 s.

4. Ziya Zakir Acar. Görenlerin gözüyle Iğdırda Ermeni katliamı.–Ankara, 2007.– 92 s.

5. Kars Valiliyi ve Atatürk Universitesi Yayını NU: 675, “Yakın Tarihimizde Kars ve Doğu Anadolu Sempozyumu” (Kars-Subatan 17-21 Haziran 1991), Ankara, 1992. –457 s.

6. Эрих Файгл. Армянская мифомания. 2007, (ISBN 3-85002-583-7 ab 1.1.2007: ISBN 978-3-85002-583-6; издана в Турции.) – 168 с..

7. Nazim Qəhrəmanov. I Dünya Müharibəsində erməni amili. Bakı, “E.L.” Nəşriyyat və Poliqrafiya Şirkəti MMC, 2008. —204 s.

8. T.C. BAŞBAKANLIK DEVLET ARŞİVLERI GENEL MÜDÜRLÜĞÜ, Osmanlı Arşivleri Daire Başkanlığı, Yayın Nu: 34. Arşiv belgelerine göre Kafkaslar’da ve Anadolu’da Ermeni mezalimi [Armenian violense and massacre in the Caucasus and Anatolia based on archives], III (1919-1920)., Ankara, 1997, (XXXI+475) s.,

[belgeler № 17-19, 21-24, 31]

.

9. Oв. Качазнуни. Дашнакцутюн больше нечего делать! – Баку: Элм, 1990. –92 с.

10. Makkarti C., Makkarti K. Türklər və ermənilər. Erməni məsələsi üzrə rəhbərlik. – Bakı: “Səda” nəşriyyatı, 2011. – 192 s.

11. Cəmil Həsənov. “Ağ ləkə”lərin qara kölgəsi. – Bakı: Gənclik,1991. – 200 s.

12. ARDA , f. 970, siyahı 1, iş 1.

13. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. /Tərt. edəni: S.Əsədov – Bakı: Gənclik, 1995. – 464 s. , xəritə, fotoşək.

14. T.C. Başbakanlık Devlet Arşivleri Genel Müdürlüyü Cümhuriyet Arşivi Daire Başkanlığı Yayın Nu:28. Azerbaycan belgelerinde Ermeni sorunu. 1918-1920. Ankara, 2001. – 682 s.

15. Sadık Feridunoğlu. Bitmeyen Ermeni sorunu. İstanbul, Media Press, 2002. – 126 s.

16. …Arşiv belgelerine göre Kafkaslar’da ve Anadolu’da Ermeni mezalimi [Armenian violense and massacre in the Caucasus and Anatolia based on archives], IV (1920-1922)., Ankara, 1998, (X+349) sayfa., [belge №27].

17. Vahid Ömərli . Qarayazı: Gürcüstanda türklər. I hissə. –Bakı: Çaşıoğlu, 2001. –760 s.

18. ADA f.1061, siy.1, iş 99.

19. Dr. Cevat Heyet. Batı Azerbaycanda Hıristyan bir devletin kurulması planları ve Avrupalılarla Osmanlıların rolü (1918). “Varlıg” dergisi, Tehran, 2004, yaz buraxılışı.

20. Kahramon Rajabov. Farğona Vodiysidaqi istiklolçilik harakati: mohiyati va asosiy rivojlaniş boskiçlari [1918-1924 yillar]., Toşkent, Yangi nashr, 2015 – 240 bet.

21.Ш.А.Шамагдиев.Очерк истории гражданской войны в Ферганской долине.–Ташкент: Изд-во Академии Наук Узб.ССР, 1961.–388 с.

22. Т. Рыскулов. Революция и коренное население Туркестана (часть I. 1917-1918).–Ташкент, Узбекское Гос. Издательство, 1925.–218 с.

23. Зулфигар Ибрагимов. В Туркестане дашнаки убивали не за “Великую Армению”. А просто чтобы убивать. – Http: // news.day.az/politics/573339.html

24. Шухрат Насырович Саламов (Shuhrat Barlas): Туркестан и Южный Кавказ XIX – XX вв. Дашнаки от Ферганы до Карабаха. – Tошкент: Янги аср авлоди, 2015. – 304 с.

25. Армянский вопрос на Кавказе (По материалам российских архивов и изданий). Санкт-Петербург, 2011, изд. «Академия исследования культуры», в 3-х томах., т.II, [документ №9: Из воспоминаний П.П.Шубинского «Убийство князя М.А.Накашидзе»], VIII+614 c.

26. Ziya Zakir Acar. Aras Türk Cumhuriyeti., İlkay Ofset, Ankara, 2013.– 78 s.

27. ADA. f. 28, siyahı 1, iş 171.

28. Преступления армянских террористических и бандитских формирований против человечества (ХIX – XXI вв.) , издательство «Элм», Баку, 2002. –396 с.

29. Şota Vadaçkoriya. “Gürcüstan siyasi fikrində gürcü-erməni münasibətləri məsələləri 1918-1920”., gürcücədən tərcümə, ISBN 9952-29-042-X, “MBM” MMC mətbəəsi, Bakı, 2006. – 80 s.

30. Ровшан Мустафаев «Танго смерти», Московский Офис Международной Аналитической Сети “R –Club”, Москва, 2008. –57 стр.

31. …Arşiv Belgelerine Göre Kafkaslarda ve Anadoluda Ermeni Mezalimi (Armenian Violence And Massacre İn The Caucasus and Anatolia Based On Archives) I (1906-1918), Ankara – 1995, 642 s., [belge №3].

32. Həsən Səfəri. “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı”. – Bakı, “Araz” nəşriyyatı, 2016. – 204 s.

33. Зулфигар Ибрагимов. В Туркестане дашнаки убивали не за “великую Армению”. А просто чтобы убивать. – интервью., 7:30, 23 апреля 2015, Day.Az – Http: // news.day.az/politics/573339.html

34. Бондо Арвеладзе, Теймураз Мибчуани. Армянский батальон имени Баграмяна и этночистка грузин в Абхазии. Перевод с грузинского. – Тбилиси, изд. «Универсал», 2009. – 110 с.

35. Архив полковника Хауза., Москва, 1944, т. 4, с.220 –см: [Cemil Hasanlı. Azerbaycan Cumhuriyeti: Türkiye yardımından Rusya işgaline kadar. 1918-1920, Azerbaycan Kültür Derneği Yayınları No: 48, Mars Matbaası, 1998, Ankara, 412 sayfa.], s.216

36. “Русский вестник”, №2, Москва, 1993. – Bax: [“Azərbaycan Diplomatiyası” jurnalı, Bakı, “Azərbaycan” nəşriyyatı, 1/1993. –81 s.], s. 70-73

37. И.К.Канадпевъ. Очерки Закавказской жизни. С.-Петербургъ. 1902.– Баку, Главная редакция Азерб. Сов. Энциклопедии, 1990. – 122 с.

X. N. İSMAYIL
Xəzər Universiteti

Həmçinin yoxlayın

Urmiyada voleybol komandasının yarışında milli şüarlar; Qərbi Azərbaycanayerli vali tələb etdilər- video

GADTB: Urmiya şəhərindəki “Durnalar Yuvası” idman arenasında bələdiyyə volleybol klubunun Tehranın Peykan klubu ilə oyununun …

Qaşqay türkləri milli geyimlərin başqa etnosun adına qeydiyyata alınmasına etiraz etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri milli geyimlərin irqçi fars-molla rejimi tərəfindən …

Bir cavab yazın