
GADTB: İranın keçmiş ali rəhbəri Əli Xameneinin baş hərbi müşaviri Yəhya Rəhim Səfəvinin oğlu Həmzə Səfəvi internetdə yayımlanan “Hokmran” kanalına müsahibəsində İran İslam Respublikasının İsraili məhv etmək üçün radioaktiv maddələrdən istifadə olunan “çirkli bombalar”la bağlı planlarının olduğunu bildirib.
O, İranın zənginləşdirilmiş uran ehtiyatlarının açıqlanan miqdarla məhdudlaşdığına dair heç bir təminatın olmadığını deyib.
Həmzə Səfəvi bildirib: “Əgər məsələ çirkli oyuna çevrilərsə, İran İslam Respublikası rəhbərliyinin buna qarşı tədbirləri var. Əgər İran İslam Respublikasının mövcudluğu sona çatacaqsa, İsrailin də mövcudluğunun davam etməməsi üçün tədbirlər görülə bilər. Müxtəlif növ çirkli bombalar mövcuddur. Bunlar mürəkkəb nüvə bombası texnologiyası tələb etmir və eyni nəticəni verə bilər.”
O, İranın zənginləşdirilmiş uran ehtiyatlarına da toxunaraq deyib: “Kim zəmanət verə bilər ki, İran İslam Respublikasının yalnız elan etdiyi qədər zənginləşdirilmiş uranı var? İran geniş əraziyə malik ölkədir və dünyada mənşəyi və hərəkəti tam məlum olmayan uran bazarının həcmi də böyükdür; bununla bağlı dəqiq hesab-kitaba sahib olmaq mümkün deyil.”
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi