Cümə axşamı , Avqust 6 2020
azfa

Fikrət Süleymanoğlu: Səhəndin “Fərhad” poeması

GADTB: 1960-cı illərin əvvəllərindən başlayaraq Qərbin güclü təsiri altında İranda şah rejiminin sərt qaydaları, etnik qruplara qarşı basqıları müəyyən qədər yumşalmağa başladı. Sürgün edilmiş, doğma ellərə yolu bağlanmış bir çox Azərbaycan ziyalıları kimi, Səhəndin də Təbrizə, ana yurdu Marağaya yolu açıldı. Zindanda və sürgündə keçirdiyi illər ərzində, doğulub boya-başa çatdığı şəhərdə artıq çox şeylər dəyişmişdi. Başlıcası da uşaqlığını yaşadığı doğma “Qala eşiyi” məhəlləsi sökülüb yerində xiyaban salınmışdı.

Səhənd bir vaxtlar qarş-qarış gəzib dolaşdığı yerlərdə, xüsusən də Sofi çayının sahilindəki “oynağım” adlandırdığı yerlərdə keçən günlərinin hələ yıpranmamış acılı-şirinli xatirələrinin təsiri altında aydın avtobioqrafik cizgilər daşıyan, bir qədər də keçdiyi keşməkeşli həyat yolunu və mübarizəsini qiymətləndirmə nitəliyində olan “Fərhad” poemasını qələmə aldı. Poema proloq, iki hissə və qurtarışdan ibarətdir. Əsər ilk dəfə 2010-cu ildə şairin E.M.Sədiq tərəfindən nəşr edilən “Divan”ında, 2012-ci ildə isə – S. Muğanlının hazırladığı “Qardaş andı” kitabında nəşr olunmuşdur [1, s.369].

Əlbəttə, Fərhad obrazının Azərbaycan şifahi və yazılı ədəbiyyatında, mədəniyyətində qədim bir tarixi var. Nizami Gəncəvi, Arif Ərdəbili, Marağalı Əşrəf, Səməd Vurğun və Arif Məlikovun Fərhad obrazları isə bu tarixin ən parlaq səhifələridir. Lakin Səhəndin Fərhadı, sevdiyi Şirin üçün Bisutin dağını çapıb süd arxı açan, Şərq insanının təfəkküründə məhəbbət, sədaqət və fədakarlıq rəmzi kimi yaşayan məşhur qəhrəman deyil, onun adını anasının danışdığı nağıllardan eşidən və sinəsində əsl Fərhad ürəyi daşıyan 8-9 yaşlı balaca lirik məndir.

“Balaca Fərhad”ın Şirini də fərqlidir. O, yaşca özündən iki dəfə böyük olan, qulluqçu işlədiyi evin pal-paltarını hər gün çayda yumağa gətirən Güləndam adlı 16-17 yaşlarında gənc bir qızdır. Lirik mən hələ sevginin nə olduğunu anlamadığı bir vaxtda onun gözəlliyinə aşiq olur. “Taxta dəyirman”ını suda fırlada-fırlada paltar yuyan Güləndama baxmaqdan, əslində isə başına dolanmaqdan həzz alır. Dünyanın hər şeyi onun uşaq gözündə Güləndam kimi gözəl, cazibədar, şən və xoşbəxt görünür. Lirik mən o günlərini xatırlayır:

Dünyada hər nəyin,

heyvanın, insanın

gözəlin sevərdim.

Gözəllərdən ötür ölərdim.

Güləndamdan ötür lap çox,

həddi, hesabı yox!

Axı o,

gözəllərin gözəli idi!. [4, s.122]

Tezliklə isti yay günləri sona çatır, havalar soyuyur və üzü qışa getdikcə çayda paltar yumaq əsl işgəncəyə çevrilir. Soyuq, sırsıralı suda əlləri-ayaqları “bulaq otu yarpağı kimi göm-göy göyərən” Güləndamın bu vəziyyəti lirik mənin körpə, ancaq sevgi ilə dolu böyük ürəyini sızladır. O düşünür, daşınır, gecələri səhərə¬cən yata bilmir, Güləndamı bu işgəncədən qurtarmaq üçün yollar axtarır. Nəhayət belə qərara gəlir ki, çayın sahilindəki dolaylarda qırmızı kıranların altını çapıb orada bir “köhül” düzəltsin. Yer altındakı ilıq sulardan ora bir arx çəkib “gölməş” yaratsın ki, Güləndam paltarları əziyyət çəkmədən bu isti kahadakı ilıq sularda yuya bilsin.

Bayram ayı başlar-başlamaz “balaca Fərhad” özünü sınamaq üçün əvvəlcə baxçalarında dağ kimi qalaqlanmış qar və buz təbəqəsini eşib orada arzuladığı “köhül”ün oxşarını düzəldir. Məktəbdən qayıdanda, boş vaxtlarında bu soyuq daxmacığa girib gələcək planlarını dəqiqləşdirir.

Qarlar əriməyə

yerlər keşikəməyə başlamışdı.

Bir günəvər yaz günündə,

belçəmi, çəkicimi, şişimi,

(Demək, Fərhad babam kimi)

Ələ aldım mən də. [4, s.135]

Lakin nə dolaylar balaca Fərhadın yaz öncəsi qazdığı buz və qar kimi “üzüyola”, nə də “belçə, çəkic və şişi” burada iş görəsi alətlər deyildi. Ona görə də qaş qaralana qədər yorulmaq bilmədən inadla yeri qazıb söksə də körpə qolları gücdən düşməyə başlayır:

Çox can atdım.

Gecəni yorqun-arqın,

xurd düşdüm, yatdım.

Yerimdən duranda yarınkı gün,

qollarım xərgəzləmiş budaq kimi,

qup-quru qurumuşdu.

Ux, ux!

Əllərim suluq-suluq,

qabar vurmuşdu. [4, s.136]

Bir neçə gündən sonra qolları yumşalar-yumşalmaz o, iş başına qayıdıb yenidən külüng çalır, həm də köməyə çağırdığı yoldaşları ilə birlikdə. Lakin tezliklə köməkçiləri də gücdən düşür və oranı tərk edib gedirlər. Tək qalmış balaca Fərhad nə qədər məyus olsa da onları yaxşı anlayır, axı:

… onların heç hankisi

nə məhəbbət ağrısı,

ürəkdə duymuşdular,

nə Güləndamın

acımasiylə acımışdılar. [4, s.138]

Doğrudan da sinəsində Fərhad ürəyi, başında Şirin sevdası olmayanlar bu sərt dolayları necə yara bilərdi?! Lakin “balaca Fərhad” inadından dönmür, varlığına hakim kəsilmiş Güləndam sevdası ilə “köhül”ü qazmağa davam edir.

Havalar istiləşir, məhəllənin qız-gəlini yenidən çay qırağına – pal-paltar yumağa gəlir. Çay qırağında yenə şən zarafat, gülüş, qəh-qəhə səsləri eşidilıir. Amma Güləndam onların arasında görünmür. Lirik mən böyük təlaşla onu axtarmağa, sorağını almağa çalışır, nəhayət öyrənir ki, Güləndam qulluq etdiyi ailə birlikdə şəhərin başqa yerinə köçüb. Əli-qolu boşalır, külüngünü bir tərəfə atıb “köhül” qazma işini dayandırır. Onun “şirin arzularından, gözəl röyalarından, daşüzlü kıranların altında təkcə bir “qapı yerı” nişana qalır”…

Poemanın ikinci hissəsi artıq siyasi-fəlsəfi müstəvidə cərəyan edir. “Gözəllikləri sevən, gözəllərdən ötrü ölən” balaca lirik mən böyüyür, dünyanın işlərindən baş çıxarmağa başlayır. Amma bu dəfə dünyanın bütün gözəlliklərinin durumunu Güləndamın həyatı kimi faciəli, səadət günəşini isə yatqın görür. Ona görə də sevdiyi gözəllikləri xilas etmək üçün bir vaxt haqqında nağıllardan eşitdiyi, Xızır İlyasın zülmətdə tapıb içdiyi “Abi-həyat” adlı dirilik suyunu çəkib işıqlı dünyaya gətirmək, güləndamları xilas etmək, insanların həyatını yüngülləşdirmək – insan kimi yaşamalarına kömək etmək qərarına gəlir. Fikirləşir ki:

Suyu arxımıza açarıq,

axar işıq dünyaya çay,

hamımız, hamılar,

o sudan qantararıq,

“əbədi həyata” çatarıq. [4, s.144]

Amma min illərin zülmət qaranlığını yarmaq elə də asan deyildi. Bunun üçün kömək lazımdı. Ona görə də səsi yetən, ünü çatan tay-yuşlarını, dost-tanışlarını “hay salıb, boğaz yırtıb, bağırıb” köməyə çağırır. Uzun söz-sovdan sonra məqsədini onlara başa sala bilir. Fanarlarını yandırıb polad uclu qazmalarla qaranlıqları yarmağa başlayırlar. Bir müddət keçdikdən sonra:

Çoxları yoruldu.

döndüm, geriyə baxdım,

beş-üç nəfər canından keçən,

bir də mən,

qalmışdıq, çalışdıq.

Uzun illər məşəqqət çəkdik,

hesabsız bəlalara dözdük.

Başımızın tükü ayağımıza salama gəldi,

bir çoxları yarı yolda cana gəldi. [4, s.146]

Yenə də işin bir mərhələsində qazmalar daşa dəyib kütləşir, qollar gücdən düşür. Sən demə, bunun üçün elə əvvəlcədən Fərhad külüngü gərək imiş. Amma uzun illər ərzində çəkilən zəhmətlər də hədər getmir.

Bir nəsilin əzilməsindən,

bayılıb can verməsindən,

qara zülmətin köksündə,

ancaq bir qapı yeri,

Nişana qaldı. [4, s.147]

Əslində burada məcazi mənada işlənən zülmətləri yarıb “dirilik suyu” gətirmə işi, Səhəndin və onun öz ətrafına topladığı cənublu ziyalılarımızın İran zülmətində ana dili və milli azadlıq uğrunda apardıqları mübarizəyə işarədir. Sözsüz ki, şair burada təvazökarlıq edir. Çünki onun və yoldaşlarının zülm və basqılar altında çəkdikləri zəhmətdən yadigar qalan təkcə “qapı yeri” deyil, hazır “köhül” idi. Cənubi Azərbaycanın vətənpərvər ziyalılarının indiki nəsli hazırda öz sələflərinin min bir məhrumiyyətlə yaratdıqları həmin “ədəbiyyat köhülün”də daha rahat işləyir, onu genişləndirib çağdaş insanın rahat fəaliyyət göstərə biləcəyi duruma gətirmək üçün çalışırlar.

Poemanın “qurtarış”ı da fəlsəfi sonluqla başa çatır. Lirik mən uzun illərdən sonra doğma yerlərə qayıdır. Uşaqlıqda çay qırağındakı dolaylarda Güləndamı sırsıralı sulardan xilas etmək üçün qazdığı “köhülün qapı yeri”ni pozulmamış görür. Güləndama bənzər gənc bir qızın axar suda paltar yumasına, onun ətrafında taxta dəyirmanını fırladan, özünə bənzər 7-8 yaşlı oğlan uşağına tamaşa edir. “Təmiz əməllərin, yaradan əllərin, dönməz iradələrin əbədi yaşadığına” əmin olur. Ona görə də sevdiyinin ətrafında fırlanan yeni dövrün “balaca Fərhad”ına səslənir:

Haydı oğlum!

köhül qazmaq istəsən,

Fərhad babamızın

qazmasın axtargilən!

Bir də köməkçi axtarsan əyər

eşq atəşiylə alışıb yanan,

istəklisi uğrunda can qoyan,

doğruçu vurğunlarla yoldaşlaş…[4, s.150]

Əsər “Dədəmin kitabı”ndan götürülmüş məşhur misralarla bitir:

“Yiyəsiz qalmayır dəmir çarıqlar,

atalar çıxarır, oğullar geyir!” [3, s.165]

Bu misralarda Səhəndin öz mübarizə yoldaşları ilə birlikdə İranda ana dili və milli azadlıq uğrunda apardıqları mübarizənin yarımçıq qalmayacağına, gələcək nəsillərin onların işlərini davam etdirəcəklərinə böyük inamını görürük…

ƏDƏBİYYAT

1. Fikrət Süleymanoğlu. Bulud Qaraçorlu Səhəndin əsərlərinin nəşri tarixindən. “Filologiya məsələləri”, № 5, 2014. Səh. 366-373.

2. Fikət Süleymanoğlu. Səhəndin məhəbbət lirikası. “Xudafərin” jurnalı (Tehran), 2014, № 114-115.

3. Səhənd. Dədəmin kitabı (nəşrə hazırlayan F.Süleymanoğlu). “Nurlar”, Bakı, 2015, 440 s.

4. Səhənd. Divan (hazırlayan E.M.Sədiq). Təbriz, 2010, 382 s.

5. Səhənd. Qardaş andı (hazırlayan s.Muğanlı). Tehran, 2012, 1062 s.

Həmçinin yoxlayın

Yunanistanın dənizə buraxdığı daha 82 qaçqını Türkiyә xilas etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yunanıstan Sahil Mühafizә Xidməti tәrәfindәn Türkiyәyә geri qaytarılama …

Çinin uyğur türklərinə qarşı törətdiyi cinayətlər sənədlərlə sübut edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BBC-nin yayımladığı videoçarxda Çinin toplama düşərgəsində uyğur türklərinə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir