Bazar , Noyabr 18 2018
azfa

İstilanın doğurduğu fəsadlar-“Gülüstan”dan 205, “Türkmənçay”dan 190 il keçir (Birinci hissə )

GADTB: Cənubi Qafqazın Rusiya imperiyası tərkibinə qatılması kütləvi köçürmə siyasəti, inzibati ərazi müəyyənləşdirilməsi ilə müşayiət olundu və bölgənin etnik inkişaf prosesini kəskin təsirə məruz qoydu. Qafqaz müsəlmanlarının əzəli tarixi – coğrafi yaşayış məskənləri Rusiya hökuməti tərəfindən tətbiq edilən, mütəmadi dəyişdirilən və etnosiyasi məqsəd güdən yerli idarəçilik formalarına tabe edilməklə xeyli itkiyə uğradı. Rusiya imreriyasının ənənəvi xarici siyasəti Qafqaz ərazisində də uzunmüddətli strateji plan işlədib “iki variantlı tabeçilik” rejimi yaratdı. İmperiya tabeçiliyindən azad olduqda belə, aid olduğu, çoxluğun qeyri-müsəlmanlarla təmin edildiyi, idarəçiliyin də əsasən onların əlində cəmləşdiyi inzibati vahidlər, yaradılan müsəlman idarəçilik sisteminin, tarixi ərazilərini bütövlüklə özündə birləşdirməsinə mane oldu. Cənubi Qafqaz respublikalarının bəyan edilməsi və mövcudiyyəti prosesində ən ağrılı problem də məhz ərazi məsələsi idi. 1918-1920-ci illərdə xarici dövlətlərin Qafqazda, Xəzər dənizi hövzəsində marağının toqquşması, nüfuz mübarizəsi, biri-digərini əvəzləyən xarici hərbi qüvvələrin bölgədə “arbitr” missiyası və onların öz maraqları naminə “sabitlik” yaratmaq səciyyəli ərazi-inzibati tədbirləri məsələni daha da qəlizləşdirdi. Yeni yaranan dövlətlər sürətlə dəyişən mürəkkəb beynəlxalq münasibətlər prosesinə birlikdə, fəal regional prinsiplə qoşulub maksimum fayda götürməyə qüvvələrini səfərbər etmək əvəzinə qarşılıqlı ittihamlara, sərhəd müəyyənləşdirilməsinə, ərazi bölüşdürülməsinə, qaçqınlar probleminə sərf etdilər. Minlərlə dinc əhali talan və qırğınlara düçar oldu, yaşayış məskənləri məhv edildi.

Tarixi prosesin verdiyi qısa zaman fürsəti Cənubi Qafqaz respublikalarını meydana gətirdi. Qafqaz dünyanın siyasi mübarizə mərkəzlərindən biri oldu. Bu amil gənc respublikaları sınaq anları ilə üz-üzə qoysa da, region üçün ən məşum rolu ənənəvi dağıdıcı erməni millətçiliyi, onun “Böyük Ermənistan” iddiasından doğan qəsbkarlıq və soyqırımı siyasəti oynadı. “Erməni millətsevərləri” Qafqaz ərazisində qeyri-sabitliyin “qarantı” olmaqla yanaşı öz xalqına da müsibətlər bəxş etdilər. Antantaya ümid edib onun köməyi ilə Xəzərdən Aralıq dənizinə və Kiçik Asiyanın cənub sahillərindən Trabzona kimi “Böyük Ermənistan” yaratmaq istəyən daşnak erməniləri İrəvan ətrafında aldıqları ərazi ilə barışmaq istəmirdilər. Baxmayaraq ki, hələ İrəvanı da “Erməni federasiyasının təşkili üçün onlara siyasi mərkəz lazım olduğu” məcburiyyətindən “şər bir zərurət kimi” Azərbaycan Milli Şurası 1918-ci il mayın 29-da ermənilərə güzəştə getmişdi. Osmanlı ərazisindən də heç nə əldə edə bilməyən ermənilər Cənubi Qafqazda qonşularının hesabına torpaqlar mənimsəmək istəyirdi. Qeyd etmək lazımdır ki, Cənubi Qafqaz respublikalarının ərazi münaqişələrində vahid bir prinsip gözlənilmirdi. Hansı dövlətə hansı sərfəli idisə, o prinsip işlədilirdi, “Pompey yürüşləri dövrünədək çatan tarixi hüquq, iqtisadi şərtlər, dövlət sərhədlərinin strateji müdafiəsi, təbii sərhədlər və sair kimi prinsiplərdən çıxış edirdilər”. Nəticədə ərazi mübahisələri kəskin qarşıdurmaya gətirirdi: 1918-ci ilin dekabrında Borçalı üstündə erməni-gürcü müharibəsi, Qarabağda erməni hərbi dəstələrinin müsəlmanlara qarşı törətdiyi qırğınlar, Sürməli və Naxçıvanda erməni idarəçiliyinə qarşı müsəlman qiyamları, Abxaziyada, Acarıstanda, Axısqada gürcü idarəçiliyinə qarşı etiraz çıxışları və s. Ümumilikdə 11 ərazinin dörd Qafqaz respublikaları arasında mübahisə obyekti olduğu göstərilirdi: Abxaziya, Axalsıx, Borçalı, Qarabağ, Qazax, Qarayazı düzü, Zaqatala dairəsi, Sığnaq qəzası, Naxçıvan qəzası, Cənub-Qərbi Qafqaz – Batum və Qars vilayətləri. Bu ərazilərin iddialara səbəb olduğu dövrdə etnik məskunlaşma mənzərəsi də diqqət çəkir. Nəzərə alaq ki, bu göstərici, XIX əsr ərzində Rusiya imperiyasının kütləvi köçürmə aktının nəticələrini də özündə daşıyır və 1918-20-ci illərə aiddir.

Tiflis qəzasında yerləşən, əhalisinin 88%-ni azərbaycanlıların təşkil etdiyi, etnoqrafik və iqtisadi baxımdan Gəncə-Qazax düzənliyi ilə bütöv tam təşkil edən Qarayazı düzü uzun sürən mübahisə və toqquşma zamanı gürcülər tərəfindən zəbt edilmiş və yerli əhalinin böyük narazılığına səbəb olmuşdu. Bu məlumat 1920-ci ildə Azərbaycan Xarici İşlər Komissarlığı informasiya şöbəsinin müdiri A.Şepotyev tərəfindən Moskvaya, RSFSR XXİK-nın müavini Karaxana göndərilmiş 4 məktubun “Qafqaz respublikaları arasında ərazi münaqişələri” adlandırdığı 3-cü məktubda verilir”. Gürcülər Qarayazı düzünə iddia edərkən, buranın inzibati vahid kimi Tiflis qəzasına aid edildiyini əsas göstərirdilər. Həm etnoqrafik, həm də iqtisadi baxımdan Gəncə-Qazax düzənliyi ilə tam təşkil edən bu ərazi də Rusiya imperiyasının inzibati siyasətinin törətdiyi münaqişə mənbəyi oldu. Yaxud Yelizavetpol quberniyasında yerləşən Qazax qəzasının dağlıq hissəsində cüzi sayda erməninin yaşaması artıq bu ərazini Ermənistanın iddia predmetinə çevirmiş və dağlıq hissənin bir tərəfini bəhs edilən dövrdə erməni dəstələri zəbt etmişdilər. Tiflis quberniyası Borçalı qəzasının vəziyyəti daha mürəkkəb olmuşdur. Qəzanın müxtəlif yerlərində gürcü, erməni, yunan, rus, ukraynalı, alman əhalisinin yaşaması ilə yanaşı Axalsıx qəzasının sərhədinə qədər Borçalı qəzasının bütün orta zonası, buranın bütün əhalisinin 93%-ni təşkil edən Azərbaycan türkləri tərəfindən məskunlaşmışdı. Moskvaya verilən məlumatda Azərbaycan Respublikasının bütün orta Borçalıya iddiası təbii səciyyələndirilmişdir. Gürcüstan isə Borçalı qəzasının bütün ərazisinə iddia edərək tarixi ənənələri əsas gətirirdi, bir vaxtlar Borçalının gürcü çarlığının bir hissəsi olduğunu vurğulayırdılar. Tarixdən bəllidir ki, hələ erkən orta əsrlərdən türk tayfalarının, XVI-XVII əsrlərdə isə kütləvi surətdə Azərbaycan türklərinin məskunlaşdığı Borçalı mahalı Qazax mahalı ilə birlikdə XVIII əsrdə Nadir şahın qəzəbinə düçar olduğu üçün Uğurlu Ziyad oğlunun bəylərbəyi olduğu Gəncə bəylərbəyliyinin tərkibindən çıxarılıb Kartli-Kaxeti çarının tabeliyinə verilsə də, XVIII əsrin ortalarında, Azərbaycanda xanlıqlar yaranan zaman Borçalı sultanlıq elan olunmuşdu”. Rusiya idarəçiliyində Tiflis quberniyası tərkibində qəzaya çevrilmiş Borçalıdan, əhalisi Azərbaycan türklərindən ibarət Qarayazı və Qaraçöp rayonları ayrılır, Tiflis qəzasına verilir. Yəni növbəti dəyişikliklə Azərbaycan türklərinin yaşadığı tarixi ərazilər inzibati baxımdan parçalanır və rus idarəçiliyi sistemindən gürcü idarəçiliyinə keçilir. Sonralar gürcülərin Borçalıya iddiası həm də bu qəzanın rus idarəçiliyi zamanı Tiflis quberniyasına aid olmasına söykənirdi. Bu prinsip gürcülərin ermənilərlə də böyük münaqişəsinə səbəb olmuşdur. Almanların bölgəyə nəzarəti zamanı yerli toqquşmalar baş verirdisə də, almanlar gedən kimi ermənilər gürcülərə qarşı müharibə edərək, 1918-ci ilin dekabrında Tiflisə qədər irəliləmiş, bir sıra inadlı döyüşlərdən sonra geri oturdulmuşdular. Ermənilərin başladığı bu müharibə gürcü xalqının ermənilərə qarşı hədsiz qəzəbinə səbəb olmuş, yalnız orta Borçalıda hərbi qüvvələrini yerləşdirmiş ingilis komandanlığının işə qarışması ilə dayanmışdı. Lakin münaqişə ocağı olaraq sonrakı illərdə, o cümlədən bu gün də mütəmadi gərginləşmə davam edir. Bu da rus idarəçiliyindən qalma növbəti miras və səngiməyən erməni ərazi hərisliyinin bir nümunəsidir.

Axalsıx qəzası da üç respublika arasında mübahisə obyektinə çevrilmişdi. “Mesxeti” adı ilə bir vaxtlar gürcü çarlığı tərkibində olmasını əsas tutan gürcülər, Osmanlı qüvvələri Axalsıxı tərk edən kimi, hərbi dəstələri ilə bu vilayətə daxil olmuş, Azərbaycanın və Ermənistanın etirazlarına baxmayaraq, gürcü hakimiyyətini tanımaq istəməyən yerli müsəlman əhali ilə inadlı mübarizədən sonra oranı tuta bilmişlər. Bütün əhalisinin 73,5%-i müsəlmanlar, 8,8%-i gürcülər, 12,5%-i ermənilər olan Axalsıx qəzasında 1919-cu ilin yazınadək partizan müharibəsi davam etmişdir.

Müəyyən müddət vassal asılılığında olması həmin bölgənin gələcək taleyini müəyyənləşdirməli prinsip kimi əsas götürülürdü. Bəhs edilən ərazilər kimi Abxaziya da mübahisəli hesab olunurdu. Yerli Milli Şuranın idarə etdiyi Abxaziya Gürcüstanın ali hakimiyyəti altında muxtariyyət elan edildi. Abxaz milli məclisinin buraxılması, abxaz təşkilatlarına qarşı repressiyalar mübarizəyə rəvac verdi. Həmçinin Tiflis quberniyası ərazisinə daxil edilmiş Osetin torpaqları Gürcüstan hakimiyyətinə tabe edildi.

Rus idarəçiliyi dövründə Tiflis quberniyasına daxil edilmiş bütün əraziləri birmənalı tərzdə gürcü ərazisi hesab edən gürcülər Sığnaq qəzasının 100% yalnız azərbaycanlılarla məskunlaşmış şərq – düzənlik hissəsinə də iddia etmiş və Tiflis quberniyasının tərkibində olduğundan bu ərazini faktiki olaraq ələ keçirmişdilər.

Cənub-Qərbi Qafqaz – Batum və Qars vilayətləri ilə bağlı vəziyyət gərgin olmuşdur. Brest-Litovsk müqaviləsi ilə Türkiyəyə verilmiş bu bölgədə əhalinin 56%-i müsəlman olmuş, hətta müsəlmanlığı qəbul etmiş gürcülər, xüsusən Acar əhalisi “gürcü təbəəliyi haqqında eşitmək belə istəmirdilər”. Buna baxmayaraq Gürcüstan, “müsəlman Gürcüstanı” adlandırılan bu əraziyə iddia ilə, onun Gürcüstanın qalan hissəsi ilə birləşməsi üçün səylə təbliğat aparırdı. Ermənistan nəinki müttəfiqlərin vəd etdiyi Qars vilayətinə, həm də Batumadək bütün Acariyaya iddialarla çıxış etdi. Yerli əhali ayağa qalxdı, müstəqil hərəkət etdi. Seçilən Milli Şura Qarsda, Qafqazda sayca beşinci – “Cənub-Qərbi Qafqaz” respublikasının müstəqilliyini bəyan etdi. Respublikanın tərkibinə müsəlmanların məskunlaşdığı torpaqları – Qars, Batum vilayətləri, Axalsıx, Axalkalaki (Ahalkələk), Şərur, Naxçıvan, Sürməli qəzaları və İrəvan qəzasının cənub-şərq hissəsini daxil etmək nəzərdə tutulurdu.

Azərbaycan Cümhuriyyəti hökuməti Cənub-Qərbi Qafqaz respublikasının digər dövlətlər tərəfindən tanınmasını rəsmiləşdirmək uğrunda səy etsə də, erməni və gürcü respublikaları Qafqazın bu bölgəsində müsəlmanların hər hansı bir müstəqil hərəkətlərini tanımaqdan qəti imtina etdilər.

Erməni-daşnak hərbi dəstələrinin respublikanın sərhəd bölgələrinə mütəmadi talançı basqınları, törətdiyi vəhşiliklər dəfələrlə yerli camaatın Azərbaycan hökumətinə kömək üçün müraciətlərə səbəb olurdu. İmkanı daxilində Azərbaycan hökuməti diplomatik dəstək göstərsə də, “Cənub-Qərbi Qafqaz” respublikasını “türk fitnəsi” hesab edən ingilis komandanlığı bu respublikanı məhv etdi: 1919-cu il aprelin 12-də ingilis qoşunları Qars parlamentini qovub, 30 parlament və hökumət üzvünü həbs etdi, onlardan 11-i isə Malta adasına sürgünə göndərildi. Elə həmin gün erməni hərbi hissələri respublika ərazisinə soxularaq kütləvi qətllərə, talan və qarətlərə başladılar. Qars vilayəti ilə yanaşı, İrəvan quberniyasının bir hissəsi və bir sıra ərazilər ingilislər tərəfindən Ermənistan hökumətinin sərəncamına verildi. Demək olar ki, həm 1919-cu il, həm də 1920-ci il ərzində daşnaklar Qars vilayətində genosid siyasətini yeritmişlər. Bölgənin yalnız türk, azərbaycanlı əhalisi deyil, digər millətlərdən olanlar da bu siyasətə məruz qalmışdılar. “Nə türk ağalığı, nə də rus mütləqiyyəti dövründə” görmədikləri həqarəti, eşitmədikləri təhqirləri görən yunanlar Qarsda 1919-cu il iyunun 15-də birinci qurultaylarını keçirərək 45 minlik yunan əhalisi adından daşnak hökumətinə öz etirazlarını bildirmişdilər.

Firdovsiyyə ƏhmƏdova,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri,

əməkdar müəllim.

Həmçinin yoxlayın

Suriyada minlərlə döyüşçü Türkiyədən əmr gözləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azad Suriya Ordusunun tərkibindəki “Həmzə” briqadası Türkiyənin Fəratın …

Ahıska türklərinin soyqırımı: “Sovet hakimiyyəti ölənlərin sayını azaldıb”- Müsahibə

GADTB: Tarixin sürgün və işgəncələrinə məruz qalan xalqlarından biri də Ahıska türkləridir. Stalin siyasətinə “xəyanət” …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir