Cümə , Aprel 19 2024
azfa

Əkrəm Rəhimli- Bije: Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946-cı illər)- II Hissə

GADTB: Qeyd etmək lazımdır ki, hər bir arxiv sənədində mövcud olan məlumat və faktlar ayrı-ayrı insanların və məmurların subyektiv fikri, siyasi mühitin təzyiq və təsiri altında ola bilər. Bu səbəbdən onları süzgəcdən keçirmədən ehkam kimi qəbul etmək olmaz. Arxivdə saxlanılan sənədlər bəzən müxtəlif düşüncə tərzinə sahib insanların təfəkkürünün məhsuludur və yuxarı orqanlara verdiyi məlumatdır. Bu yazılarda və verilən məlumatlarda subyektivlikdən irəli gələn yanlışlıqların olması istisna deyil.

Azərbaycan Demokrat Firqəsi mühacirət dövründə 21 Azərlə, Azərbaycan Milli Hökuməti və onun fəaliyyəti ilə bağlı bir neçə kitab, broşura, bloknot və s. çap etdirmişdi. Firqənin orqanı olan «Azərbaycan» qəzeti, «Azərbaycan», «Səhər» jurnallarının səhifələrində bu problemə müəyyən yer verilib. Bundan əlavə, firqə kitabları seriyasından olan S.C.Pişəvərinin seçilmiş əsərləri, «21 Azər», «Azadlıq yolunun mübarizləri», «Sənədlər məcmuəsi (1324-1325)», «21 Azər (1324-1325) nehzəti İran milli demokrat hərəkatı tarixinin parlaq səhifəsidir» adlı kitabça, mərhum Lütfəli Ərdəbilinin hazırladığı «Fədailər Azərbaycan xalqının 21 Azər nehzətində» monoqrafiyası və bir sıra digər kitabçalar, xatirələr və broşuralarda 21 Azər hərəkatına, Azərbaycan Milli Hökumətinə və onu həyata keçirdiyi sosial, siyasi, iq-tisadi və mədəni tədbirlərə aid bir sıra materiallar verilmişdi. Bu materialların bir çoxunda da dövrün təzyiq və təsiri hiss olunur.

Bu mövzuya həsr edilmiş və dolayısı ilə ondan bəhs edən yazılarda 1941-1946-cı illərdə Güney Azərbaycandakı hərəkata, xüsusən 21 Azərlə bağlı məsələlərə yanaşma birmənalı deyil. Bir sıra tədqiqatlarda, kitab, məqalə və çıxışlarda Güneydəki xalq hərəkatının, o cümlədən, 21 Azərin milli zəmində, milli-demokratik qüvvələrin istəyi və fəal iştirakı ilə baş verdiyi istisnasız olaraq vurğulanır. Pəhləvilərin zülmünə, rejimin zorakılığına məruz qalmış, milli varlığı tapdalanmış xalq çıxış yolunu və qurtuluşu ayağa qalxıb mübarizəyə qoşulmaqda və zülmkar rejimi yıxmaqda görürdü. Hərəkatın milli zəmininin hələ məşrutə hərəkatı və Xiyabani dövründən hazırlandığı söylənilir. Hərəkata rəhbərlik edən liderlərin çoxunun ya özü, ya da ata-babaları Səttarxan və Xiyabani hərəkatının iştirakçıları idilər. Onlar Rza şahın zindanlarından, təqib və sürgün düşərgələrindən keçib gəlmiş adamlar olublar. Ağır mübarizə yolu keçmiş bu insanlar hərəkatın təşkilində, mütəşəkkilləşməsində və kütləni mübarizəyə qaldırmaq işində, eləcə də ADF-nin yaradılmasında yetərincə rol oynayıblar. Bunu həm Azərbaycan Demokrat Firqəsinin yaradılmasında, həm də 21 Azər və Milli Hökumət dövründə bir daha aydın görmək olur. Bu konsepsiyanın tərəfdarları qeyd edirlər ki, hər hansı bir ölkədə baş verən demokratik hərəkat təkcə öz qınına qapanıb qala bilməz. Belə bir tezis mövcuddur ki, «Həqiqi vətənpərvərlərin borcu xaricdən gələn köməkliyi rədd etmək deyil, bəlkə, hansı dövlətdən və nə vaxt kömək almaqdan ibarətdir». Hər hansı siyasi-ictimai hərəkat zamanı xaricin yardımından yararlanmaq yeni məsələ deyildi. Güney Azərbaycanda və İranda 21 Azərdən əvvəl olmuş hərəkatlarda da (eləcə də beynəlxalq miqyasda) xarici yardımdan istifadə olunub. Bu haqda Azərbaycan və İran beynəlxalq tarixşünaslığında çoxlu faktlar mövcuddur.

21 Azər hərəkatında xarici hərbi yardım məsələsində də fikirlər haçalanır. Bir qrup müəlliflər, hərəkata rəhbərlik edənlər və iştirakçılar belə hesab edirlər ki, 21 Azərdə fədailərinin istifadə etdikləri silahların çoxu İran ordusuna məxsus, tərksilah zamanı onların əllərindən alınmış silahlar idi. 1941-ci ilin avqust ayında xarici qüvvələr İrana yeridilərkən məğlubiyyətə və ruh düşkünlüyünə uğramış İran ordusunun (o cümlədən, 3, 4 və 5-ci diviziya) əsgərləri külli miqdarda silahı atıb qaçıblar. Bu vəziyyətdən istifadə edən xalq toplanmış silahın çox hissəsini sonradan İran dövlətinə təhvil verməyib və Azərbaycanın bir çox yerlərində (o cümlədən, Ərdəbil, Qaradağ, Marağa, Sərab, Xoy, Urmiya və s.) həmin silahlardan vaxtaşırı olaraq jandarmların tərksilah olunmasında istifadə ediblər. 21 Azər inqilabı zamanı tərk-silah edilmiş ordu, jandarm və polis qüvvələrindən alınmış silah və hərbi sursat xalq könüllülərinin (fədailərinin) silahlandırılmasında yetərincə gərəkli olub. Məsələyə obyektiv yanaşanların bir çoxu 21 Azər hərəkatında Sovet hərbi yardımından da istifadə olunduğunu istisna etmirlər.

Yuxarıdakı yanaşmadan fərqli olaraq, bəzi müəlliflər ADF-nin Moskvanın sifarişi və Bakının əli ilə ancaq Sovet doktrinası əsasında yaradıldığını iddia edib, 21 Azər hərəkatının Sovetlərin istəyi və tələbi ilə baş verdiyini söyləyirlər. Onların fikrincə, 21 Azərin və Azərbaycan Milli Hökumətinin milli zəmini yox idi, o, xaricin – Sovetlərin «resepti» və iştirakı ilə meydana gəlmişdi. 21 Azər, guya, yad əllərin yaratdığı və milli zəminsiz «qondarma» bir hərəkat olub. Hərəkatda iştirak edənlərin bir çoxu fədai paltarı geymiş Sovet zabit və əsgərləri imiş və s. Əsası olmayan, arqumentsiz söylənilən bu fikirlərin sahibləri, çox təəssüf ki, təkcə İranda və İran hüdudlarından kənarda olanlar deyildi. Bəzən Quzey Azərbaycan müəlliflərinin əsərlərində də bu cür yanlış fikir və mülahizələrə rast gəlmək olur. Əgər silah verməklə, hərbi yardımla istənilən siyasi məqsədə nail olunsaydı, onda Sovetlərin başçılığı altında dünya sosialist sistemi yaşayardı və qəti qələbəyə qovuşmuş olardı. Az silahla böyük qüvvələrin diz çökdürülməsinə aid tarixdə çoxlu faktlar var. Bu o zaman mümkün olur ki, xalqın istəyi və tələbi bir hədəf ətrafında monolitləşir və milli zəmində baş verir. Azadlıq təşnəsi olan, qəlbi, ruhu vətənin nicatı ilə döyünən, tapdalanmış hüququnu bərpa etmək uğurunda hər cür fədakarlığa hazır olan bir millət üçün onun kimdən silah almasından vacib, o silahı əldə saxlamaq və azadlıq üçün ölümə hazır olmaq istəyinin olması gərəkdir. Belə bir istək, belə bir məram 21 Azər hərəkatında Güneydəki soydaşlarımızı ADF-nin ətrafında birləşdirmiş, onlarda qələbəyə və milli qurtuluşa böyük və sarsılmaz inam yaratmışdı.

İkinci dünya müharibəsi illərində Güneydəki xalq hərəkatına Sovetlərin yardımı və bir çox hallarda hərəkatı istiqamətləndirmək işinə müdaxiləsi danılmazdır. Bundan daha böyük və kəsərli fakt isə yuxarıda qeyd etdiyimiz kimi, hərəkatın əsasında milli azadlığını istəyən xalqın dayanması və hərəkata sayseçmə güneyli şəxsiyyətlərin başçılıq etməsidir.

Güney Azərbaycandakı hərəkata Sovetlərin müdaxiləsi məsələsində həmçinin belə bir cəhət diqqətdən qaçırılmamalıdır ki, 21 Azərə və ondan əvvəlki olaylara Sovetlər tərəfindən göstərilən köməklikdə əsas vasitəçi Quzey Azərbaycan, onun Sovet ordusu sırasında İrana gəlmiş ziyalıları (Əziz Əliyev, Mirzə İbrahimov, Əvəz Sadıq, Cəfər Xəndan, Süleyman Rüstəm, Qulam Məmmədli, Qılman İlkin (Musayev) və s.) və sıravi vətəndaşları olublar. Onlar vətənin o biri parçasının azadlığını güneylilərdən az istəmirdilər. Belə bir şəraitdə qardaşın doğma qardaşına inanmamağa mənəvi haqqı yox idi. Əslində, fakt və sənədlərin göstərdiyi kimi, 1946-cı ilin aprelinədək Quzey Azərbaycan rəhbərliyi və Güneydəki hərəkatı istiqamətləndirilməsində iştirak edən azərbaycanlıların özləri belə, Stalin-Mikoyan güruhunun gizli hazırladıqları xəyanət və dönüklükdən demək olar ki, xəbərsiz idilər. Moskvanın açıq xəyanətindən və riyakarlığından sonra ona qarşı çıxmaq, müqavimət göstərmək və ya hadisələrin sonrakı istiqamətini dəyişmək o zamankı tarixi şəraitdə mümkün deyildi. Bu o dövrün reallığıdır, onu nəzərə almadan 21 Azərlə bağlı hadisələri obyektiv qiymətləndirmək mümkün deyil.

1941-1946-cı illərdə Güney Azərbaycandakı milli-demokratik hərəkat haqqında müəyyən qədər yazılmasına baxmayaraq, bu hərəkat kompleks şəkildə ətraflı tədqiq olunub öyrənilməyib. XX əsrin son onilliklərində Sovet İttifaqının çökməsi və İranda şahlıq rejiminin aradan qalxması 1941-1946-cı illərdə Güneydəki xalq hərəkatının real işıqlandırılmasına imkan yaradıb. Biz bu imkandan faydalanıb problem üzrə boşluğu qismən də olsa doldurmağa, həqiqətləri üzə çıxartmağa çalışmışıq. Məqsədimiz şanlı keçmişimizlə, 21 Azərə gedən yolla və 21 Azərin mahiyyəti ilə bağlı olayları bir daha gündəmə gətirmək, ictimaiyyətin diqqətini bu mövzuya cəlb etmək və ən başlıcası, gənc nəsli o dövrün olayları ilə tanış etməkdir.

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Bir cavab yazın