Əkrəm Rəhimli- Bije: Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946-cı illər)-I hissə

GADTB: 1941-1946-cı illərdə Güney Azərbaycandakı olaylarla bağlı Firqə arxivindəki materialların, o cümlədən, S.C.Pişəvərinin əsər, məqalə və xatirələrinin, eləcə də İran, Türkiyə, Azərbaycan və onun sərhədlərindən kənarda yazılmış çoxsaylı əsərlərdə mövcud olan faktların və arxivlərdə saxlanılan sənədlərin bir qisminin işıq üzü görməsi 1941-1946-cı illərdə Güneydəki olaylara – 21 Azər mövzusuna, Azərbaycan Milli Hökuməti ilə bağlı məsələlərə yenidən qayıtmaq zərurəti yaradır. Bu baxımdan müəllifin mütaliə, tədqiqat və axtarışlarının nəticəsi olan bu kitabda heç bir ideoloji cərəyana meyil etmədən Güneydə baş vermiş hadisələrin obyektiv şəkildə oxucuya çatdırılmasına cəhd olunur.

Məlum olduğu kimi, 40-cı illərin ilk yarısında Güneydəki xalq hərəkatı, Azərbaycan Demokrat Firqəsi, 21 Azər, Milli Hökumətlə bağlı kitablar, tədqiqatlar, məqalələr, xatirələr və arxiv sənədləri həm İranda, həm də onun hüdudlarından kənarda çap olunub. Bunların bir çoxu dövrün və rejimlərin ruhuna uyğun yazıldığından, onlardakı faktlar və şərhlər çox vaxt obyektiv məzmundan uzaq olmuş, bəzən də real düşünən müəlliflərə həqiqətləri olduğu kimi yazmağa imkan verilməyib. 1978-1979-cu il İran inqilabına qədər bu ölkədə çap olunmuş kitab və məqalələrdə şah rejiminin Güney Azərbaycandakı ayrı-seçkilik əməllərin, törətdiyi cinayətlərin, günahsız qətllərin, həbs və sürgünlərin üzərindən ya sükutla keçilib, ya da olaylara bilərəkdən başqa rəng verilib. Hər şey rejimin senzurası altında olduğundan Azərbaycandakı hadisələrlə bağlı məsələlər birtərəfli şərh edilib, şahənşah qoşununun 1946-cı ilin noyabr-dekabr aylarında Azərbaycana hücumuna və törədilmiş qanlı hadisələrə bəraət qazandırmağa cəhd olunub. Bunun üçün qondarma və yalan uydurmalar («təcziyə tələblik» – separatçılıq – Allahsız bolşeviklərə satılma və s.) ortaya atılıb, həqiqətlər bilərəkdən təhrif olunub.

Şahlıq rejiminin devrilməsi və dövlət senzurasının bir qədər yumşaldılması ilə son illərdə İranda çap edilmiş əsərlərdə, məqalələrdə, müsahibə və xatirələrdə 1941-1946-cı illərdə Güney Azərbaycandakı milli-demokratik hərəkat və muxtariyyət tələbi haqqında bir sıra həqiqətlər yazılır və etiraf edilir. Bu baxımdan azərbaycanlı ziyalıların (eləcə də tələbələrin) təşəbbüsü ilə çap olunan mətbuatın xidməti xüsusi qeyd edilməlidir. «Tribun», «Varlıq», «Səhər», «Yol», «Öyrənci», «Savalan», «Çağrı», «Səhənd», «Çiçək», «Xəzər» və s., xaricdə çap olunan «Tribun», «21 Azər», «Azərbaycan», «İldırım», «Araz», «Günəş», «Azərbaycanın səsi», «Kimlik» və s. Kimi jurnalların, eləcə də Təbrizdə, Urmiyada, Ərdəbildə, Zənganda, Həmədanda və digər Azərbaycan şəhərlərində çap olunan anadilli qəzetlərin bu sahədəki fəaliyyəti önəmlidir. Onların səhifələrində vaxtaşırı gedən məqalələr, xatirələr və müsahibələr 21 Azər hərəkatı, Azərbaycan Milli Hökuməti ilə bağlı bir sıra mübahisəli, kölgəli və qaranlıq məsələlərin işıqlandırılmasında dəyərli xidmət göstərib. Bundan başqa, Məmmədrza şahın dostu olmuş və onun xəfiyyə orqanında işləmiş Hüseyn Fərdustun, atası 40-cı illərdə Təbrizdəki ABŞ konsulunun müavini vəzifəsində çalışmış amerikalı Robert Rossonun, Hüseyn Əlizadənin (Barış Mərəndli), 1945-ci ildə Təbrizdəki hərbi qornizonun baş komandanı, general Ələkbər Deraxşaninin, İran Xalq Partiyasının keçmiş sədri Nurəddin Keyannurinin, Əsəd Müstəfinin, «Dad» qəzetinin baş redaktoru Əbülhəsən Ümid Nurinin, eləcə də 21 Azər hərəkatının iştirakçıları və hadisələrin canlı şahidi olmuş Balaş Azəroğlunun, Əmrəli Lahrudinin, Nüsrətulla Cahanşahlunun, Ehsan Təbərinin, Həmid Mollazadənin, Əyyub Nəmininin, Əbülfəz Haşiminin çap olunmuş xatirələrində və yazılarında 21 Azərlə bağlı həqiqətə söykənən xeyli material var. Milli Hökumətdə daxili işlər naziri (vəziri), sonra isə qısa müddət ərzində Azərbaycan valisi (ostandarı) olmuş doktor Salamulla Cavidin xatirələrində və əlyazmalarında bir çox qaranlıq və mübahisəli məsələlər aydınlaşdırılır.

Güney Azərbaycanda 1941-1946-cı illərdə baş vermiş hərəkat keçmiş Sovet məkanında hamıdan çox Quzeydəki müəlliflərin diqqətini çəkib və onların bir çoxu Güneydəki olayları və faciələri qələmə alarkən oradakı kədər və dərdlərlə yaşamalı olublar. Atalar yaxşı deyib: «Qardaşın ürəyi yanana yadın heç ətəyinin ucu da yanmaz». Mirzə İbrahimov, Cəfər Xəndan, Əvəz Sadıq, Qulam Məmmədli, Həsən Həsənov, Zülfəli İbrahimov, Əlövsət Quliyev, Qılman Musayev, Nüsrət Bağırov və başqaları kitab və yazılarında, Süleyman Rüstəm, Rəsul Rza, Səməd Vurğun, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Məmməd Rahim, Fikrət Sadıq, Fikrət Qoca və digər şairlər öz şeirlərində, Ənvər Məmmədxanlı, Hüseyn Mehdi, İlyas Əfəndiyev dram əsərlərində Güneydə azadlıq istəyən xalqın başına gətirilən faciələri böyük ürək ağrısı və vətəndaşlıq qeyrəti ilə xalqa çatdırmışlar. Güney Azərbaycandakı siyasi, iqtisadi, sosial və ədəbi-mədəni hərəkat Azərbaycan güneyşünaslığının mühüm tədqiqat obyekti olmuş və olaraq qalır.

Bu sahədə 70-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun tərkibində yaradılmış «Güney Azərbaycan tarixi» şöbəsi əməkdaşlarının, xüsusən Güneydəki xalq hərəkatının fəallarından olmuş M.Çeşmazərin əməyini xüsusi qeyd etməliyik.

Sovet rejimi dövründə Güney Azərbaycana aid yazılar, xüsusən 1941-1946-cı il xalq hərəkatı, 21 Azər və Azərbaycan Milli Hökumətinin fəaliyyəti və məğlubiyyəti ilə bağlı bir çox məsələlərin şərhi o vaxtkı siyasi mühitin çərçivəsindən kənara çıxa bilməyib. Buna görə həmin tədqiqatlarda və yazılarda bir sıra məsələlərə: Güney Azərbaycandakı hərəkata Sovetlərin xəyanəti və müdaxiləsi, Güneydə muxtar türk dövlətinin yaradılmasına Stalin-Mikoyan-Beriya dəstəsinin mənfi münasibəti, İran Xalq Partiyasının (Tudə) Azərbaycan Demokrat Firqəsinə və Azərbaycandakı xalq hərəkatına qısqanc münasibəti və bir çox hallarda qarşı durması, Qəvamülsəltənənin Sovet rəhbərliyi ilə Moskvadakı sövdələşməsinin mahiyyəti, Milli Hökumətin süqutunda neft amilinin rolu və İrana qarşı Sovet ekspansiya niyyətləri, şah qoşunlarının Azərbaycana hücumundan əvvəl hazırlanmış təxribat əməliyyatı, Milli Hökumətin məğlubiyyətinin səbəbləri, taktiki səhvləri və ondan alınan ibrət dərsləri və s. bu məsələlərə 90-cı illərin əvvəllərinə qədər Sovet ideoloji təzyiqinin nəticələrinə yetərincə cavab verilməmişdi. Son illərdə bu boşluğun doldurulmasında həm Güneydə fəaliyyət göstərən, həm də Azərbaycan Respublikası tarixçilərinin əsər və kitablarında 1941-1946-cı illərdə Güneydəki xalq hərəkatına və onun ayrı-ayrı məsələlərinə işıq salınsa da, bu sahədə tədqiqat və axtarışları davam etdirməyə ehtiyac var. Əlbəttə, biz də bu boşluğu tam doldurmaq iddiasında deyilik.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın