Bazar ertəsi , Avqust 24 2026
azfa

Əsgər Əkbərzadənin qayınatası işin gedişinə etiraz etdikdən və müstəntiqdən izahat tələb etdikdən sonra saxlanılıb

GADTB: Yayılan məlumatlara görə, azərbaycanlı fəal Əsgər Əkbərzadənin qayınatası iyulun 11-də səhər saatlarında kürəkəninin vəziyyətini öyrənmək məqsədilə Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 10 saylı istintaq şöbəsinə müraciət etdikdən sonra üç saat müddətinə saxlanılıb.

Bildirilib ki, o, müraciəti zamanı iş üzrə müstəntiq Həsən Kərimidən Əsgər Əkbərzadənin həbsdə saxlanılmasının davam etdirilməsi və onun Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasında tutulmasının səbəbləri barədə izahat tələb edib.

Məlumata görə, iş üzrə müstəntiq Əsgər Əkbərzadənin məhkəmə orqanlarının nümayəndələri və təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməkdən imtina etdiyini, eləcə də dindirilmələr zamanı suallara cavab vermədiyini iddia edib. Bu açıqlamalar azərbaycanlı fəalın qayınatasının etirazı ilə qarşılanıb. Bundan sonra müstəntiq onu həbs etməklə hədələyərək üç saatlıq saxlanılması barədə göstəriş verib.

Azərbaycanlı fəallar Əsgər Əkbərzadə, Siyamək Mirzayi və Əli Vasiqi tirin 7-də təhlükəsizlik qüvvələrinin onların iş yerlərinə və evlərinə keçirdiyi əməliyyat zamanı saxlanılaraq Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıblar. Saxlanılma zamanı onların evlərində axtarış aparıldığı, ailələrinə məxsus bəzi şəxsi əşyaların və elektron avadanlıqların müsadirə edildiyi bildirilir.

Yayılan məlumatlara əsasən, Siyamək Mirzayi və Əli Vasiqiyə qarşı “qanunsuz qruplarda üzvlük” və “rejim əleyhinə təbliğat aparmaq” kimi ittihamlar irəli sürülüb və onlar barəsində bir aylıq həbs qətimkan tədbiri seçilib. Hər iki fəal tirin 11-də Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasından Ərdəbil Mərkəzi Həbsxanasının 9-cu bölməsinə köçürülüb.

Eyni zamanda, Əsgər Əkbərzadənin Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasındakı vəziyyəti barədə hələ də dəqiq məlumat yayılmayıb. Onun yaxınları bildiriblər ki, Əsgər Əkbərzadə 3-cü dərəcəli qaraciyər piylənməsindən əziyyət çəkir və lazım olan dərmanlara çıxış imkanının olmaması onun səhhəti ilə bağlı narahatlıqları artırır.

Həmçinin yoxlayın

Molla rejimi gəmilərin Hörmüz boğazından keçidinə görə haqq alınmasını parlamentdə təsdiqlədi

GADTB: Molla rejimi gəli əldə etmək məqsədilə gəmilərin Hörmüz boğazından keçidinə görə haqq alınmasını parlamentdə …

Molla rejimi Əli Babayinin məzuniyyətə buraxılmasına və elektron qandaldan istifadəsinə etiraz edilib

QADTB: Məhkəmə orqanlarının məsul şəxsləri azərbaycanlı siyasi məhbus Əli Babayinin məzuniyyətə buraxılması və elektron qandaldan …