
GADTB: “Axios” xəbər saytının müxbiri yüksək vəzifəli ABŞ rəsmisinə istinadən yazıb ki, ABŞ ordusu SEPAH-ın bir ticarət gəmisinə hücumuna cavab olaraq Hörmüz boğazı ətrafındakı mövqelərə zərbələr endirib.
O, başqa bir paylaşımında yenə ABŞ rəsmisinə istinadla bildirib ki, hücuma məruz qalan hədəflər arasında hava müşahidə radarları, raket və pilotsuz uçuş aparatları anbarları, raket və PUA buraxılış məntəqələri, dəniz müşahidə radarları və yer-hava raket sistemlərinin buraxılış qurğuları olub.
Eyni zamanda, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da “X” sosial şəbəkəsində yaydığı yeni açıqlamada bildirib:
“Bu gün ABŞ-ın şərq sahili vaxtı ilə saat 19:15-də ABŞ Mərkəzi Komandanlığının qüvvələri bu həftə İrana qarşı üçüncü hücum dalğasına başlayıb. Bu addım İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazından keçən, Kipr bayrağı altında üzən ‘JFS Galaxy’ konteyner gəmisinə açıq şəkildə hücum etməsindən sonra atılıb.
Mülki heyət üzvlərindən biri itkin düşüb və gəmi göyərtəsində baş verən yanğın, eləcə də mühərrik bölməsinə dəyən ciddi zərər səbəbindən səfərini davam etdirə bilmir.
İran əvvəllər də ticarət gəmilərinə qarşı hücumlara görə məsuliyyət daşıdığı halda, ona memorandumun şərtlərinə sadiqliyini nümayiş etdirmək üçün daha bir fürsət verilmişdi, lakin Tehran bu dəfə də bunu bacarmadı.
Buna cavab olaraq ABŞ, Hörmüz boğazından sərbəst keçən mülki dənizçilərə və ticarət gəmilərinə qarşı hücum imkanlarını zəiflətmək istiqamətində tədbirlərini davam etdirəcək və bununla İrana ağır bədəl ödədəcək. Bu hücumlar Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişi ilə həyata keçirilir.”
Bu arada, Xuzistan vilayətinin təhlükəsizlik məsələləri üzrə qubernator müavini bildirib ki, Həndican, Mahşəhr və Abadan şəhərləri hücuma məruz qalıb.
İslam Təbliğat Təşkilatına yaxınlığı ilə tanınan Mehr xəbər agentliyi Xuzistan valiliyinin təhlükəsizlik məsələləri üzrə müavini Vəliullah Həyatiyə istinadən yazıb: “Həndican, Mahşəhr və Abadan rayonları düşmənin atdığı mərmilərlə vurulub.”
İran İslam Respublikasının dövlət radio və televiziya qurumuna məxsus Xəbər Şəbəkəsi isə Hörmüzqan vilayətinin Cask limanında daha iki partlayış səsinin eşidildiyini bildirib.
Hökumətyönlü media həmçinin Xuzistan vilayətinin ən cənub nöqtəsində, Deyləm rayonunun və Buşehr vilayətinin girişində yerləşən Şah Abdullah kəndində partlayış baş verdiyini, lakin hadisə nəticəsində insan tələfatının qeydə alınmadığını xəbər verib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi