GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, mayın 31-də Sloveniyanın Maribor şəhərində yerləşən və müharibə qurbanlarına həsr olunan Dobrava Memorial Park Kompleksi ərazisində Xocalı soyqırımının qurbanlarına həsr olunan xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən xatirə lövhəsinin Mariborda ucaldılması Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin dəstəyi ilə mümkün olub.
Bu, Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Sloveniya-Azərbaycan Dostluq Assosiasiyasının və Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyasının birgə layihəsidir.
“Avropa qəbiristanlıqlarının açılış həftəsi” çərçivəsində keçirilən mərasimdə Sloveniya parlamentinin yuxarı palatasının (Dövlət Şurası) sədri Aloys Kovştsa, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev, Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Qalib İsrafilov, Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin üzvü, professor Fərhad Bədəlbəyli, Maribor şəhərinin meri Andrey Fiştravets, diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.
Açılış mərasimində Dobrava Memorial Parkının direktoru, Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyasının prezidenti Lidiya Pliberşek, Sloveniya parlamentinin yuxarı palatasının sədri Aloys Kovştsa, səfir Qalib İsrafilov və deputat Azay Quliyev çıxış ediblər.
Lidiya Pliberşek və Andrey Fiştravets çıxışlarında bildiriblər ki, Xocalı faciəsinin qurbanlarına həsr olunmuş xatirə lövhəsi Memorial Parkın genişləndirilməsinin ikinci mühüm mərhələsini təşkil edir. Günahsız insanlara qarşı bəşəri cinayətlərin və müharibələrin ittiham olunduğu bu kimi abidələr gələcək nəsillərə humanizm və sülhpərvər dəyərlərin ötürülməsi, gənc nəsil arasında bu dəyərlərin təbliğ olunmasında mühüm əhəmiyyət daşıyır. Qeyd edilib ki, Memorial Park təkcə yerli ictimaiyyət üçün deyil, beynəlxalq ictimaiyyət üçün açıq olan və bir çox ali dəyərləri özündə ehtiva edən simvolik məkana çevrilib.
Aloys Kovştsa çıxışında qeyd edib ki, Azərbaycan və Sloveniya arasında sıx dostluq münasibətləri mövcuddur və 2016-cı ildə ölkə parlamenti tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş qərar və həmin sənəddə Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımının insanlığa qarşı cinayət olduğunun vurğulanması bu münasibətlərin hansı səviyyədə inkişaf etməsindən xəbər verir.
Səfir Qalib İsrafilov çıxışında bu abidənin açılmasında iştirak edən bütün tərəflərə öz minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycanın Xocalı şəhəri dinc əhalinin yaşadığı sülh şəhəri idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilən şəhərdə dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülüb. Bu faciə dünyanın bir çox ölkələri tərəfindən soyqırımı kimi tanınıb. Səfir 2016-cı ildə Milli Sloveniya Parlamentinin Ermənistan silahlı qüvvələrinin 26 fevral 1992-ci il tarixində Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının insanlığa qarşı cinayət olduğunu tanımasını yüksək addım kimi dəyərləndirib, buna görə bir daha Sloveniya parlamentinə xüsusi təşəkkürünü çatdırıb. O, Xocalı qurbanlarının xatirəsinə ucaldılmış memorial abidənin Avropa mədəni irsinin bir hissəsi kimi qəbul edildiyinə görə Memorial Kompleksin rəhbərliyinə minnətdarlıq edib.
Çıxışların ardınca yerli musiqiçilər və Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayeva matəm və vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.
Sonra memorial kompleksi ərazisində Xocalı faciəsinin qurbanlarına həsr olunmuş xatirə lövhəsinin açılışı olub.
Qeyd edək ki, 36 hektar ərazini əhatə edən Dobrava Memorial Parkında II Dünya müharibəsi zamanı həlak olan sloven, xorvat, boşnak və digər xalqlarının nümayəndələrinə, eləcə də sovet əsgərlərinə və keçmiş Yuqoslaviyanın bir çox yerlərində baş vermiş kütləvi edamlar və məzarlara həsr olunmuş simvolik xatirə abidələri Avropanın mədəni irsi kimi qorunur və təbliğ edilir.
2015-ci il oktyabrın 19-da Sloveniyanın Prezidenti Borut Pahor Dobrava Memorial Parkında ucaldılan ilk xatirə lövhəsinin açılış mərasimində iştirak edib. Dobrava Memorial Parkı Kompleksi mədəni irs nümunəsi kimi YUNESKO tərəfindən qorunur.