
GADTB: Azərbaycan tarixinin qorunması üçün fəaliyyət göstərən bir qrup fəal və tarix həvəskarı, Makının tarixi Qaban (Qayaqala) qalasının ətrafında insan zənciri yaradaraq, bu qədim abidəyə diqqətin artırılması və onun bərpası üçün dövlət büdcəsindən vəsait ayrılmasını tələb ediblər.
“Abbas Lisaninin məlumat səhifəsi”nin verdiyi xəbərə görə, Makının tarixi toxumasında yerləşən Qaban qalası, böyük tarixi əhəmiyyətinə baxmayaraq, uzun illərdir baxımsız vəziyyətdə qalıb. Noyabrın 2-də şəhər sakinləri və fəallar məsul qurumların biganəliyinə etiraz əlaməti olaraq qalaya toplaşıb və onun tədricən dağıdılmasına qarşı aksiya keçiriblər.
Tarixi mənbələrə görə, Qaban qalası son Qacarlar dövrünə qədər istifadədə olub. Arxeoloji qazıntılar zamanı burada Urartu və Paleolit dövrlərinə aid tapıntılar aşkar edilib ki, bu da qalaya minilliklərə söykənən tarix verir. Lakin onun dəqiq inşa tarixi hələ də müəyyən edilməyib.
Qərbi Azərbaycan vilayətinin Mədəni İrs və Turizm İdarəsinin o zamankı rəis müavini Məhəmməd Fəthi 2016-cı ildə “Mehr” xəbər agentliyinə açıqlamasında, qalada Teymurilər və Səfəvilər dövrlərinə aid çoxsaylı daş kitabələrin aşkarlanmasından danışmış və burada Orta Paleolit dövrünə aid izlərin də tapıldığını bildirmişdi.
Tarixi abidələrə qarşı məqsədli laqeydlik və onların təbii aşınmaya tərk edilməsi, Azərbaycan bölgəsinin tarixi kimliyini zəiflətməyə yönəlmiş siyasət kimi qiymətləndirilir. Bu yanaşmanın nəticəsində təkcə Makudakı Qaban qalası deyil, həmçinin Təbrizdəki Ərk qalası və Rəbi Rəşidi, eləcə də tarixi Qəhqəhə və Buynu Yoğun qalaları da oxşar aqibətlə üzləşib.
Video:
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi