
GADTB: ABŞ prezidenti Donald Trampın da iştirak etdiyi Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışmanın yeni video görüntüləri internetdə yayılıb.
Videoda panikanın ilk saniyələri, qonaqların təxliyəsi və salonun girişində atəş açıldıqdan sonra Məxfi Xidmət əməkdaşlarının operativ hərəkətləri əks olunub.
Hadisədən sonra jurnalistlərə danışan Donald Tramp bildirib ki, baş verən silahlı insident onu Tehrana qarşı siyasətindən geri çəkilməyə məcbur etməyəcək.
“Düşünmürəm, amma heç vaxt bilmirsiniz. Biz çox şey öyrənirik. Dünyanın ən yaxşı insanları bunun üzərində işləyir”, – deyə, Tramp hücumun İranla müharibə ilə mümkün əlaqəsi barədə suala cavab verərkən bildirib.
ABŞ prezidenti əlavə edib ki, bu hadisə İranla davam edən münaqişədə “qalib gəlməsinə” mane olmayacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik sahəsində insidentdən sonra Vaşinqtondakı otellərdən birində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib.
Yayımlanan görüntülərə görə, zalda yüksək səslər eşidilib, bundan sonra çaxnaşma baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezidenti, birinci xanım Melaniya Trampı, vitse-prezident Ceys Devid Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar.
“Axios” portalının müxbiri Barak Ravid X sosial şəbəkəsində bildirib ki, tədbirdən qısa müddət əvvəl zalda silah səsləri eşidilib.
Daha sonra atışmanın tədbirin keçirildiyi otelin foyesində baş verdiyi bildirilib.
Keytlin Kollins CNNN-in efirində bildirib ki, silahlı şəxs zərərsizləşdirilib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi