
GADTB: Rusiya İran rejiminə pilotsuz uçuş aparatlarının hissələrini, sursat və TNT partlayıcısı göndərməyə başlayıb. Bu yüklərin Xəzər dənizi vasitəsilə daşındığı və Tehrana ABŞ və İsrailin hücumları nəticəsində zərər görmüş hərbi imkanlarının bir hissəsini bərpa etməyə kömək edə biləcəyi bildirilir.
Bu məlumat Avropanın dövlət qurumlarına aid bir sənəddə yer alıb və sənədin məzmunu Qərb rəsmilərindən biri tərəfindən də təsdiqlənib. Göndərilən bəzi materiallardan ballistik raketlərin döyüş başlıqlarının hazırlanmasında istifadə etmək mümkündür. Digər müstəqil məlumatlarda da Rusiyaya məxsus pilotsuz uçuş aparatı hissələrinin Xəzər dənizi üzərindən İrana daşındığı təsdiqlənib.
NBC-nin məlumatına görə, yüklərin Əmirabad limanına çatdırılmasında 20-dən çox Rusiya gəmisi iştirak edib. Bu gəmilərin bir çoxu ABŞ və Avropa tərəfindən sanksiyalara məruz qalıb.
Donanmanın bir hissəsi ABŞ tərəfindən sanksiyaya məruz qoyulmuş MG-Flot şirkəti tərəfindən idarə olunur.
Xəzər dənizinin Qərb dövlətlərinin hərbi-dəniz qüvvələrinin birbaşa çıxışının olmaması onu Tehran və Moskva arasında yükdaşımalar üçün strateji marşruta çevirib. Bu vəziyyət həmin yüklərin izlənilməsini və qarşısının alınmasını çətinləşdirir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi