GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, bu ilin 20 yanvar tarixində Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki azərbaycanlıların qətlində birbaşa iştirak edən Mixail Avaqyana büstün qoyulması ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri tərəfindən dərhal Gürcüstan XİN-də görüş keçirilərək ölkəmizin qeyd olunan məsələ ilə bağlı etirazı qarşı tərəfin diqqətinə çatdırılıb.
Azərbaycan Respublikası XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, bununla yanaşı, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib.
L.Abdullayeva məsələnin Xarici İşlər Nazirliyinin nəzarətində olduğunu vurğulayıb.