
GADTB: Azərbaycan milli hərəkatının fəalları Abbas Lisanı və Yusif Kari, molla rejimin Kəşfiyyat Nazirliyinin təcridxanasında 44 gün təkadamlıq kameralarda saxlanıldıqdan sonra dünən – 10 dey 1404-cü il tarixində – Evin həbsxanasının 7-ci bölməsinin karantin hissəsinə köçürülüblər. Digər saxlanılan milli fəal Əli Xeyircu isə həmin bölmənin 6-cı zalına yerləşdirilib.
Abbas Lisanı ailəsi ilə telefon əlaqəsində ayaq barmaqlarında keyimə, saxlanılma zamanı döyülmə nəticəsində yaranan şiddətli ağrılar və bel yırtığı (disk yırtığı) səbəbilə ağrılarının artdığını bildirib.
Məlumata görə, bu fəallar saxlanıldıqları müddətdə həbslərinin qanunsuz olduğunu əsas gətirərək istintaqçının suallarını cavablandırmaqdan imtina edib və heç bir dindirilmədə iştirak etməyiblər.
Digər milli fəal Behzad Dəşti 26 azər 1404-cü il tarixində yeddi milyard tümən məbləğində ağır girov qarşılığında Evin həbsxanasının 209 saylı təcridxanasından azad edilərək məhkəmə prosesinin sonunadək müvəqqəti olaraq azadlıqda saxlanılır. Əli Xeyircu isə 3 dey tarixində Evin həbsxanasının 7-ci bölməsinə köçürülmüşdü.
Qeyd olunur ki, bu fəallar 22 aban 1404-cü il tarixində Tehran ümumi və inqilab prokuroru Əli Salehiyə və Evin həbsxanasının rəisinə ünvanladıqları ayrı-ayrı məktublarda saxlanılma zamanı aldıqları xəsarətlərin qeydə alınması üçün dərhal Məhkəmə-Tibbi Ekspertiza İdarəsinə göndərilmələrini tələb etmiş, 27 aban tarixində isə Evin həbsxanasındakı 209 saylı Kəşfiyyat Nazirliyinin təcridxanasına köçürülmüşdülər.
Abbas Lisanı, Əli Xeyircu, Yusif Kari və Behzad Dəşti 20 aban 1404-cü il səhər saatlarında Evin həbsxanasının qarşısında saxlanılıblar. Onlar ailələri ilə qısa telefon danışıqlarında molla rejimin qüvvələri tərəfindən ağır şəkildə döyüldüklərini bildiriblər. Saxlanıldıqdan bir neçə saat sonra bu şəxslər Evin Prokurorluğunun 6-cı istintaq şöbəsinə, müstəntiq Vahid Nasirinin rəhbərliyi altında aparılaraq aşağıdakı ittihamlarla üzləşdiriliblər:
Abbas Lisanı üçün: “qanunsuz qrup yaratmaq və rəhbərlik etmək”, “ölkənin təhlükəsizliyinə qarşı birləşmə və sövdələşmə” və “ictimai asayişin pozulması”.
Əli Xeyircu, Yusif Kari və Behzad Dəşti üçün: “qanunsuz qrupa üzvlük”, “ölkənin təhlükəsizliyinə qarşı birləşmə və sövdələşmə” və “ictimai asayişin pozulması”.
Məlumata əsasən, “ictimai asayişin pozulması” ittihamı üzrə bir milyard tümən girov təyin edilib, digər ittihamlar üzrə isə həbs-qətimkan tədbiri seçilib. Saxlanılanlar istintaq zamanı məruz qaldıqları döyülmələrə etiraz edərək Məhkəmə-Tibbi Ekspertizaya göndərilmələrini tələb ediblər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi