Çərşənbə axşamı , Sentyabr 15 2026
azfa

ABŞ Ədliyyə Nazirliyi İrana məxsus sanksiyalı neftin satışından əldə edilən 61 milyon dollarlıq kriptovalyutanın müsadirəsi üçün iddia qaldırıb

GADTB: ABŞ Ədliyyə Nazirliyi sanksiyaya məruz qalmış İran xam nefti və neft məhsullarının qara bazarda satışından əldə edildiyi bildirilən təxminən 61 milyon dollar dəyərində kriptovalyutanın müsadirəsi üçün mülki iddia qaldırıb.

Nazirliyin açıqlamasına görə, iki Çin şirkəti Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Binance” kriptovalyuta birjasındakı ticarət hesablarından və kriptovalyuta ünvanları şəbəkəsindən istifadə etməklə İranın qanunsuz neft gəlirlərindən 1,5 milyard dollardan çox vəsaiti köçürüb və yuyub. İddiaya əsasən, bu vəsaitlər İran İslam Respublikası rejiminin hökumətinə, onun agentlərinə və SEPAH-la əlaqəli qurumlara ötürülüb.

ABŞ Ədliyyə Nazirliyinin hesabatından

ABŞ-ın Nyu-Yorkun Cənub Dairəsi üzrə prokurorunun müavini Şon S. Bakli və FTB-nin Nyu-York ofisinin məsul direktor müavini Ceyms C. Barnakl Jr. sanksiyalı İran xam nefti və neft məhsullarının qara bazarda satışından əldə edilmiş təxminən 61 milyon dollar dəyərində kriptovalyutanın mülki qaydada müsadirəsi üçün iddia qaldırıldığını açıqlayıblar.

Bildirilib ki, bu vəsait İran İslam Respublikası hökumətinin və ölkənin hərbi strukturlarının, o cümlədən ABŞ tərəfindən terror təşkilatı kimi tanınan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) maliyyələşdirilməsi üçün istifadə edilməli idi.

Şon S. Bakli deyib: “Bugünkü tədbir İran İslam Respublikası hökumətini və onun terrorçu proksilərini ABŞ və dünyanın digər yerlərində insanların həyatını və təhlükəsizliyini təhdid etmək üçün güvəndikləri qanunsuz vəsaitlərdən məhrum etmək əzmimizi nümayiş etdirir. İran İslam Respublikası hökuməti ordusunu maliyyələşdirmək, Yaxın Şərqdə və bütün dünyada terrorizmi gücləndirmək, həmçinin nüvə proqramının və nüvə başlığı daşıya bilən ballistik raketlərin inkişafı istiqamətində digər zərərli fəaliyyətlərini maliyyələşdirmək üçün sanksiyalı xam neftin qara bazarda satışından asılıdır.

Bu gün təqdim olunan iddiada qeyd edildiyi kimi, İran İslam Respublikası hökuməti Çin və digər ölkələrdə fəaliyyət göstərən kriptovalyuta vasitəçiləri şəbəkəsindən istifadə edərək İranın qanunsuz neft fəaliyyətlərindən əldə edilmiş və İran İslam Respublikası ordusunun və terror təşkilatı kimi tanınan İslam İnqilabı Keşikçiləri Korpusunun xeyrinə nəzərdə tutulan 1,5 milyard dollardan çox vəsaiti yuyub.

Bu gün İran İslam Respublikası hökumətinə məxsus 61 milyon dollardan çox vəsaiti müsadirə etmişik və onun tam müsadirəsi üçün məhkəməyə müraciət edirik. Əks halda bu vəsait ABŞ-a və müttəfiqlərimizə qarşı düşmən hərbi əməliyyatların və terror hücumlarının həyata keçirilməsində istifadə oluna bilərdi.”

FTB-nin Nyu-York ofisinin məsul direktor müavini Ceyms C. Barnakl Jr. bildirib: “Bugünkü iddia FTB-nin pulun izini sürmək, qanunsuz sxemlərin kökünü kəsmək və sanksiyalardan yayınmağa və ya terror fəaliyyətləri həyata keçirməyə çalışan hər hansı hökumətə kriptovalyuta axınını dayandırmaq imkanını nümayiş etdirir.

Qara bazarda xam neft satışından əldə edilən maliyyə mənbələrinin kəsilməsi İran İslam Respublikası ordusunu və terrorçuları zəiflədir. FTB təhlükəli xarici aktorların maliyyə mənbələrini qurutmaq əzmindən geri çəkilməyəcək.”

İddiada irəli sürülən əsas ittihamlar

Məhkəməyə təqdim edilmiş iddiaya əsasən:

1. Çinin Blessed Trust və Hexa Wheel şirkətləri İran neftinin qara bazarda satışından əldə edilən gəlirlərin yuyulması üçün Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Binance” kriptovalyuta birjasındakı ticarət hesablarından istifadə edib və bu qanunsuz vəsaitləri İran İslam Respublikası hökumətinə, onun agentlərinə və/və ya proksilərinə ötürüblər. İddiaya görə, vəsaitlər terror fəaliyyətlərinin və İran hökumətinin digər fəaliyyətlərinin maliyyələşdirilməsi üçün istifadə olunub.

Blessed Trust maliyyə və kriptovalyuta xidmətləri göstərən şirkətlərə özünü sərvətlərin idarə edilməsi və ya virtual aktivlərin saxlanması xidmətləri göstərən qurum kimi təqdim etsə də, əslində İran xam nefti və neft məhsullarının satışından əldə edilən gəlirləri qəbul edib və köçürüb, həmçinin fiat valyutanın kriptovalyutaya çevrilməsi üçün “bazara giriş” xidmətləri göstərib. İddiada bu əməliyyatların ABŞ-da yerləşən kriptovalyuta emitentlərindən istifadə etməklə də həyata keçirildiyi bildirilir.

Hexa Wheel isə özünü əmtəə brokerliyi şirkəti kimi təqdim etsə də, əslində Blessed Trust-a bənzər xidmətlər göstərib və Blessed Trust və onunla əlaqəli şirkətlərlə koordinasiyalı şəkildə fəaliyyət göstərib. Bildirilir ki, hər iki şirkətin müştəriləri arasında Çinin neft və neft məhsulları sektorunda fəaliyyət göstərən şirkətlər də olub.

Bir-biri ilə əlaqəli müstəqil kriptovalyuta ünvanlarından ibarət və “Entity A” adlandırılan şəbəkə İran neftinin qanunsuz satışından əldə edilmiş təxminən 1,5 milyard dollardan çox vəsaiti qəbul edib və paylayıb.

İddiaya görə, “Entity A” İran neftinin satışından əldə edilən gəlirləri SEPAH-la əlaqəli maliyyə xidmətləri şirkətlərinə, SEPAH-la əlaqəli kriptovalyuta ünvanlarına və İranda fəaliyyət göstərən bir kriptovalyuta birjasına köçürüb.

İranın neft gəlirlərinin bu şəkildə köçürülməsi əsasən Blessed Trust, Hexa Wheel və bu qurumlarla əlaqəli şəxslər tərəfindən asanlaşdırılıb. Əməliyyatlar və kriptovalyuta ünvanları vəsaitlərin mahiyyətini, mənbəyini və sahiblik əlaqələrini gizlətmək məqsədilə hazırlanıb və həyata keçirilib.

Blessed Trust və Hexa Wheel həmçinin bu sxemin bir hissəsi olaraq on milyonlarla dolların göndərilməsi və ya qəbul edilməsi üçün ABŞ maliyyə sistemindən istifadə ediblər.

Bakli FTB-nin Nyu-York ofisinin əks-kəşfiyyat və əks-casusluq bölmələrinin apardığı işləri yüksək qiymətləndirib. O, həmçinin Ədliyyə Nazirliyinin Milli Təhlükəsizlik Bölməsinin Terrorizmlə Mübarizə və Əks-Kəşfiyyat və İxrac Nəzarəti bölmələrinə, eləcə də Ədliyyə Nazirliyinin Cinayətkarlıqla Mübarizə İdarəsinin Çirkli Pulların Yuyulması, Narkotiklərlə Mübarizə və Müsadirə bölməsinə araşdırmaya və bugünkü müsadirə tədbirinə göstərdikləri dəstəyə görə təşəkkür edib.

İşə bu prokurorluğun Qanunsuz Maliyyələşdirmə və Çirkli Pulların Yuyulması bölməsi, həmçinin Milli Təhlükəsizlik və Beynəlxalq Narkotiklərlə Mübarizə bölməsi baxır. ABŞ prokurorlarının köməkçiləri Kristofer Bramvell, Ceyn Çunq, Devid Markovitz və Culiana N. Mürri işin hüquqi təqibini həyata keçirirlər.

ABŞ Ədliyyə Nazirliyi qeyd edib ki, mülki müsadirə iddiası yalnız pul və ya əmlakın cinayət fəaliyyətində iştirak etdiyinə və ya cinayətdən əldə edilmiş gəlirlərdən ibarət olduğuna dair irəli sürülən iddiadır. Məhkəmə ABŞ-ın xeyrinə qərar çıxarmayana qədər bu iddialar sübuta yetirilmiş fakt hesab edilmir.

Nazirlik həmçinin vurğulayıb ki, iddianın əvvəlində də qeyd edildiyi kimi, burada təqdim olunan şikayətin və onun təsvirinin bütün məzmunu yalnız iddialardan ibarətdir və orada təsvir edilən hər bir fakt da iddia kimi qəbul edilməlidir.

Həmçinin yoxlayın

Dubayda Azərbaycan Traxtur  komandası ilə Şabab Əl-Əhli oyununda milli şüarlar səsləndirilib – Video

GADTB: Traxturun azarkeşləri sevimli komandalarını harada olmasından asılı olmayaraq tək buraxmırlar. Təbrizdən sərhədlərdən kənara qədər …

Urmiya Üzüm Festivalına molla rejimin Sepah və irqçi-irticaçı qüvvələri hücuma keçib– Video

GADTB: Urmiya Üzüm Festivalında Azərbaycan rəqsi və Azərbaycan mədəni nümunələri nümayiş etdirilib.   Belə proqramların …