Cümə axşamı , Aprel 25 2024
azfa

ABŞ Çinin Uyğur türklərinə qarşı siyasətini `soyqırım` kimi tanıdı

GADTB-nin Mətbuat Mərkəzinin “Amerikanın səsinə” istinadən yaydığı məlumata görə, Birləşmiş Ştatlar Prezident Donald Tramp administrasiyasının hakmiyyətdə olduğu son saatlarda çərşənbə axşamı Çin hökumətinin Sincanda (Şərqi Türküstanda) etnik Uyğur müsəlmanlar və digər azlıqlara qarşı siyasətini rəsmi olaraq “soyqırım” kimi tanıyıb.

“Mövcud faktları diqqətlə araşdırdıqdan sonra Çin Xalq Respublikasının Çin Kommunist Partiyasının rəhbərliyi və nəzarəti altında Sincanda əksəriyyəti müsəlman olan Uyğurlara və digər etnik və dini azlıqlara qarşı soyqırım törətdiyini müəyyən etdim,” ABŞ Dövlət Katibi Mayk Pompeo çərşənbə axşamı verdiyi bəyanatda bildirib.

Birləşmiş Ştatlar illərdir Çinin Sincanda həbslər və yenidən təlim siyasətini tənqid etsə də, bunun rəsmi olaraq soyqırım kimi tanınmasından çəkinib.

Qeyri-hökumət təşkilatları, jurnalistlər və keçmiş məhbusların verdiyi məlumatlar uyğurlara qarşı genişmiqyaslı repressiya kampaniyasının aparıldığını sənədlər əsasında təsdiq edir. BMT azı bir milyon müsəlman uyğurun düşərgələrdə saxlandığını təxmin edir.

Çin rəsmiləri bunların “peşə təhsili mərkəzləri” olduğunu bildirərək, hökumətin Sincanda insan haqlarının pozulmasında iştirakı ilə bağlı iddiaları rədd edir.

ABŞ-ın yüksək səviyyəli rəsmiləri bu qərarın ardınca ABŞ-a giriş üçün yeni yoxlamalar və viza prosedurlarının yaranacağını bildirir. Bununla yanaşı, insan haqlarının pozulmasına görə Çin Kommunist Partiyasının rəsmilərinə qarşı viza və maliyyə sanksiyalarının artırılacağı gözlənilir.

Birləşmiş Ştatlar həmçinin Çinli rəsmilərini ABŞ məhkəmələrində soyqırım ilə əlaqədar olaraq mühakimə edə bilər və ya uyğurlara qarşı təqiblər məsələsini BMT Təhlükəsizlik Şurası və digər insan hüquqları qurumları qarşısında qaldıra bilər.

ABŞ hökuməti rəsmi olaraq soyqırımı yalnız dəlillərin geniş araşdırılmasından sonra elan edir. Birləşmiş Ştatlar son illərdə 2004-cü ildə Sudanın Darfur regionunda vəhşiliklər və İslam Dövləti terror qrupu tərəfindən 2016-cı ildə İraq və Suriyada etnik Yezidilərə qarşı törədilmiş qətllərin soyqırım kimi tanınmasına dair qərarlar verib.

ABŞ hökumətinin çərşənbə axşamı günü verdiyi qərar Birləşmiş Ştatlarda yeni seçilmiş prezident, Pekinin Sincanda siyasətini tənqid edən Co Baydenin hakimiyyətə gəlməsindən bir gün əvvələ təsadüf edir.

“Çinin qərbində bir milyondan çox Uyğur müsəlmanın zorla saxlanması vicdansızlıqdır. Amerika Çincanda saxlanma düşərgələrinə qarşı çıxmalıdır və bu dəhşətli zülmdə iştirak edən insanları və şirkətləri məsuliyyətə cəlb etməlidir”, Bayden 2019-cu ildə Xarici Əlaqələr Şurası qarşısında çıxışında bildirib.

Baydenin kampaniyasının sözçüsü Endrü Beyts keçən il Çinin Sincan regionunda müsəlmanlara qarşı hərəkətlərini “soyqırım” adlandırıb.

Beynəlxalq Qaçqınlar (Refugees International) təşkilatının prezidenti Erik Şvarts Pompeonun Çinin Uyğurlarla rəftarını “soyqırım” kimi qiymətləndirən bəyanatını alqışlayıb.

“Jurnalistlər və akademiklər tərəfindən hazırlanmış hesabatlardan göründüyü kimi, soyıqırma dair dəlillər kifayət qədər çoxsaylı və məzmunludur. Dövlət Katibinin bəyanatı Sincanda törədilən soyqırım cinayətinə görə rəsmilərin üzərində beynəlxalq təhqiqat aparılmasının və cinayət işi açılmasının önəmini vurğulayır,” Şvarts bəyanatda bildirib.

Eyni zamanda Şvarts Pompeonun “eyni tapıntını Myanma dövlətinə qarşı 2017-ci ilin avqustundan başlayaraq Rohinca əhalisinə qarşı qəddar kütləvi basqılarına şamil etməkdən boyun qaçırmasını” sual altına alıb.

Respublikaçı Senator Ben Sasse qiymətləndirmənin “yaxşı və düzgün”, ancaq “gec” olduğunu deyərək, Çin Kommunist Partiyasını “genosid törədən diktatura” adlandırıb.

“Birləşmiş Ştatların bu təhlükəyə sinə gərməyə, Sincanda zorlanılan və işgəncəyə məruz qalan Uyğurların tərəfini tutmağa öhdəliyi var,” Sasse deyib.

Bu son addım Birləşmiş Ştatların qul əməyi ilə bağlı narahatlıqlara görə Sincandan pambıq və pomidor məhsullarının idxalına qadağa qoymasından sonraya təsadüf edir. Ötən həftə Britaniya və Kanada da məcburi əmək və digər insan haqları pozuntularını əsas gətirərək, Sincandan məhsul idxalına qadağalar tətbiq ediblər.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …