Çərşənbə , Avqust 5 2026
azfa

SEPAH terror təşkilatı ABŞ hücumlarına cavab olaraq regionun ərəb ölkələrinə raket zərbələri endirdiyini bildirir

GADTB: İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr İdarəsi bəyan edib ki, bu qurumun Aerokosmik Qüvvələri ABŞ-ın İranın cənubunda yerləşən bir neçə sahil bazasına və rabitə qülləsinə endirdiyi hava zərbələrinə cavab olaraq İordaniyadakı “Şahzadə Həsən” (Prince Hassan) hərbi bazasını bir neçə ballistik raketlə hədəfə alıb.

Bəyanatda iddia olunur ki, bazanın komanda-idarəetmə mərkəzi və MQ-9 pilotsuz uçuş aparatlarının saxlanıldığı anqarlar məhv edilib. SEPAH həmçinin bildirib ki, ABŞ hücumları Hörmüz boğazının cənubunda bir neçə gəminin dayandırılmasından sonra həyata keçirilib və Vaşinqtona xəbərdarlıq edərək ABŞ-ın hücumlarını davam etdirməsinin “daha sərt cavablarla” qarşılanacağını bəyan edib.

Məlumata görə, SEPAH eyni zamanda Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreyn istiqamətində də raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.

Reuters agentliyi bir şahidə istinadən Qətərin paytaxtı Doha şəhərində partlayış səslərinin eşidildiyini xəbər verib.

Bununla yanaşı, Qətər hökuməti mobil telefonlar vasitəsilə əhaliyə təhlükəsizlik xəbərdarlığı göndərib.

Xəbərdarlıqda vətəndaşlardan evlərində və təhlükəsiz məkanlarda qalmaları, təhlükə aradan qalxana qədər pəncərələrdən, şüşəli fasadlardan və açıq ərazilərdən uzaq durmaları istənilib.

Qətər rəsmiləri ölkənin hərbi qüvvələrinin bir raket hücumunun qarşısını aldığını açıqlayıb.

Regionda gərginliyin bazar günü səhər saatlarında artdığı bir vaxtda, Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin İrandan gələn raketlər və pilotsuz uçuş aparatları ilə qarşıdurmaya girdiyini bildirib.

Həmçinin yoxlayın

Heqset İranla müharibə nəticəsində ABŞ-ın hava hücumundan müdafiə raketlərinin ciddi azalması barədə iddianı rədd etdi

GADTB: ABŞ-ın müdafiə naziri Pit Heqset CNN-in ABŞ ordusunun İranla müharibə zamanı THAAD hava hücumundan …

Türkcə danışdığı üçün Təbrizdə doktorluq dissertasiyasının müdafiəsi ləğv edilib-Video

GADTB: Təbrizdə bir doktorantın dissertasiya müdafiəsinin yalnız türkcə danışdığına görə ləğv edilməsi elmi və akademik …