Cümə axşamı , Noyabr 21 2024
azfa

Adı bir ordu gücündə olan – Xosrov bəy Sultanov

GADTB: Xosrov Paşa bəy oğlu Sultanov Azərbaycan siyasi tarixində ilk hərbi nazir, Qarabağın General-qubernatoru, Azərbaycan siyasi mühacirətinin əsas simalarından biri kimi xatırlanır. Xosrov bəy hərbiçi olmasada, mülki şəxs olaraq Azərbaycanın ilk hərbi naziri kimi adı tarixə düşüb. O 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Kurdhacı (Qasımuşağı) kəndində(indiki Laçın rayonu) anadan olub. Orta təhsilini Gəncə Klassik Gimnaziya¬sında alıb. 1897-ci ildə Odessa Univeristeti Pediatrya fakultəsinə girib. Univeristet təhsilini orada bitirdikdən sonra Tiflisə gəlmiş, burada uzun müddət doktorluq etmişdi (1).

Xosrov bəyin atası Paşa bəy iki dəfə ailə həyatı qurub. Bəyim xanımla evliliyindən Xosrov bəy, Sultan bəy, İsgəndər bəy, Rüstəm bəy və Aftab xanım dünyaya gəlib. Ağaxanım adlı xanımla ikinci evliliyin¬dən Bahadur bəy, İsrafil bəy, Zülfüqar bəy, Ziba xanım və Məhbub xanım dünyaya gəlib.

Xosrov bəy Sultanovun nəzərə çarpacaq ictimai-siyasi, əməli fəaliyyəti Bakı Xeyriyyə Cəmiyyətinin təmsilcisi olmaqla başlayır. Qafqaz cəbhəsində Türkiyəli qardaşlarımıza yardım məqsədilə yaradılmış “Qardaş Köməyi”-nin əsas təmsilcisi Xosrov bəy Sul-tanov idi (2,s 122). Xosrov bəy Bakı Xeyriyyə Cəmiy-yəti tərəfindən görəvləndirilmişdi. Həmin zaman o sistemli və ardıcıl şəkildə yardım işlərini əlaqələn-dirmiş və bu xidmətləri ilə böyük işlər başarmışdı. “Qardaş Yardımı” Birinci dünya müharibəsi illərində yaranmışdı. Məqsədi bu idi: Rus ordusunun Türkiyə¬nin şərq vilayətlərinin işğalı zamanı rusların və xüsusən, rus ordusunda olan erməni əsgərlərinin vəhşiliyinə məruz qalan türk xalqı imkan tapdıqca Qafqaza qaçırdı və beləliklə, canlarını qurtara bilirdi. Bu təşkilat Azərbaycana gələn fəlakətzadələrə yardım edir və işğal vilayətlərində sahibsiz qalan türk uşaqlarını toplayaraq Azərbaycana göndərirdi. Bir tərəfdən uşaqlar, digər tərəfdən rus və erməni əsgərlərinin əzabına dözməyən türk xalqı qardaşları Azərbaycan xalqının himayəsində yer axtarırdılar. “Qardaş Köməyi” təşkilatı onları köçkünlər üçün tikilmiş evlərə yerləşdirirdi. Kiçik yaşlı uşaqlar üçün bağça və uşaq evləri açılmış, məktəb yaşlarında olanlar isə məktəblərdə yerləşdirilmişdi. Azərbaycanın hər vilayətində və qəzasında “Qardaş Köməyi”-nin şöbələri var idi. Xalqımızın mərhəmətiylə toplanan pullarla qaçqınların bütün xərclərini ödəyə bilirdilər(3,s  37-38). Xosrov bəy “Qardaş Yardımı” təşkilatı vasitəsi ilə həmçinin Azərbaycanın müxtəlif bölgələrində yerləşən sığınacaqlara maliyyə yardımlarını əlaqələndirirdi. Həmin zaman Gəncə Milli Müsəlman Komitəsinə, Ələkbər bəy Rəfibəyliyə göndərdiyi teleqrafda qeyd edirdi :

 “Mənim tərəfindən sizin adınıza 7140 rubul pul göndərilməsi üçün əmr verilmişdi. Bu pulun 2100 rubulu hər bir yetimə 25 manat hesabı ilə sığınacağın ləvazimatı üçün, 5040 manat isə 2 ay ərzində hər bir yetimə 30 manat hesabı ilə sığınacağın baxımı üçün göndərilmişdi. Baş səlahiyyətli təmsilçi Sultanov”(2,s 178-179).

1917-ci ilin fevral ayından sonra Azərbaycan ictimai-siyasi mühitində canlanma başladı. Mart ayında Türk Ədəmi Mərkəziyyət Partiyasının təsis olunması, Musavat Partiyasının fəaliyyətini aktivləşdirməsi əhəmiyyətli siyasi hadisələr idi. Xosrov bəy həmin zaman Musavat partiyasına qoşuldu. Azərbaycan tarixində çox ciddi qərarların verilməsində, onun həyata keçirilməsində Xosrov bəy Sultanovda yer aldı. Zaqafqaziya Seymində, Müsəlman fraksiyasının fəaliyyətində fəal iştirak etdi. 1918-ci ilin may ayının 28-də Tiflisdə İstiqlal bəyannaməsinə imza atanlardan biri Xosrov bəy oldu.

Həmin zaman Fətəli xan Xoylunun foramlaşdırdığı birinci hökümətdə Xosrov bəy Sultanov Hərbiyyə naziri təyin olunur. Xosrov bəyin bu vəzifəyə gətirilməsində bir sıra səbəblər var idi. Bir çox milli zehniyyətdə, ruhda hərbiçilər olsada onlar deyil, məs Xosrov bəy bu vəzifəyə gətirilmişdi. Xosrov bəy “Qardaş Yardımında” baş səlahiyyətli çalışarkən Osmanlı dövləti ilə, həmin dövlətin Şərq Hərbi Komandanlığı ilə ciddi əlaqələr yarada bilmişdi. Çoxlu sayda Osmanlı zabitləri ilə, əsr düşmüş hərbiçilərlə münasibətlər qurmuşdu. Bizə hərbi baxımdan yardım edə biləcək Osmanlı dövləti yanında xüsusi  hörməti olan bir şəxs idi. Bu əsas faktorlardan biri kimi çıxış edirdi. İkinci bir məqam Xosrov bəyin özünün, qardaşı Sultan bəy Sultanovun xalq arasında nüfüzlü, birlik yarada biləcək, insanları hərbi səfərbərliyə sövq edə biləcək gücdə olması idi.

Xosrov bəy 1918-ci ilin 29 mayında Azərbaycan Milli Şurasının və hökumətinin yaranmasını, onların məqsəd və vəzifələrini izah etmək, regionda qayda-qanun və əmin-amanlıq yaratmaq məqsədilə Nəsib bəy Yusifbəyli və Şəfı bəy Rüstəmbəyli ilə birlikdə ilk nümayəndə heyətinin tərkibində Gəncəyə göndərilmişdir(5,s 362).

Azərbaycan Cümhuriyyətinin qurulması ilə uzun illər Azərbaycan türklərinin ağır yükünü öz çiyinlərində daşıyan şəxsiyyətlərdən biri olaraq Xosrov bəy Sultanovun çox ağır bir fəaliyyət dövrü başlayır. O həkim olsada, milli hökümətdə tutduğu vəzifələri ilə çox məsuliyyətli məqamlarda dayan¬mışdı. İlk hökümət kabinəsində hərb naziri olan Xosrov bəy 1918 il iyunun 17-də Gəncədə Fətəli Xan Xoylunun təşkil etdiyi 2-ci hökumət kabinəsində  əkinçilik naziri təyin olunmuşdu. 1918-ci ilin dekabr ayında təşkil olunmuş, Xan Xoylunun 3-cü və sonuncu rəhbərlik etdiyi kabinədə Xosrov bəy Əkinçilik və dövlət əmlakı naziri təyin olunur. Xosrov bəy 1918-ci ilin son 6 ayı ərzində 3 dəfə nazir təyin olunur və Xan Xoylunun rəhbərlik etdiyi bütün kabinələrdə təmsil olunur.

1919-cu ilin əvvələrində Xosrov bəy Sultanov Qarabağda sülh, əminamanlıq  yaratmaq istəyən bir şəxs olaraq gərgin fəaliyyətə başlayır. Ermənilər müsəlmanlara qarşı fəallaşmışdı. Andronik isə dekabrda guya “ingilislərin Qarabağı onun ixtiyarına verməsi haqqında” şayiə yaymağa başlamışdı. Azərbaycan Hökumətinin sədri Fətəli xan Xoylu dekabrın 20-də Parlamentdəki çıxışında buna qarşı etirazını bildirmişdi. Eyni zamanda, dekabrın 22-də Bakıdakı ingilis qoşunlarının komandanı Tomson da bu şaiyəni təkzib etdi. Buna baxmayaraq, erməni separatçıları və Gorusda möhkəmlənmiş Andronik azərbaycanlılara qarşı soyqırımını davam etdirirdi. Buna görə də Azərbaycan Cümhuriyyəti hökumətinin Daxili İşlər Nazirliyi 1919 il yanvarın əvvəllərində Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları əsasında müvəqqəti general-qubernatorluq yaradılmasını təklif etdi. Hökumət bu təklifi qəbul etdi və yanvarın 13-də həmin qəzalarda müvəqqəti general-qubernatorluq vəzifəsinin təsis edilməsi haqqında qərar çıxardı. Bu vəzifəyə yanvarın 29-da Xosrov bəy Sultanov  təyin olundu. 1919-cu ilin fevral ayının 12-də Xosrov bəy Qarabağa gələrək vəzifələrinin icrasına başlayır. Azərbaycan Hökumətinin qəti addımlarından narahat olan Ermənistan belə bir şəraitdə Dağlıq Qarabağa açıq iddia ilə çıxış etdi. Azərbaycan Hökuməti yanvarın 31-də cavab notasında Qarabağın tarixən Azərbay¬canın ayrılmaz tərkib hissəsi olduğunu bildirdi ve Qarabağ general-qubernatorluğunun yaradılmasına Ermənistanın etirazını Azərbaycanın suverenliyinə qəsd və onun daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirdi. Ermənistan bununla sakitləşməyərək, təzyiqi artırmağa çalışırdı. O, fevralda Britaniyanın Tiflisdəki silahlı qüvvələrinin komandanı Uorkerə müraciət etdi. Müraciətdə Xosrov paşa bəy Sultanovun Qarabağa general-qubernator təyin edilməsinə etiraz olunur, onun səlahiyyətləri etibarsız elan edilirdi. Lakin bu müraciət cavabsız qaldı. Belə olduqda, Ermənistan xarici işlər naziri general Tomsona müraciət etdi. Qarabağda yaşayan erməni milli şurası və Ermənistanın Azərbaycandakı diplomatik nüma-yəndəsi Bekzadyan da müxtəlif vasitələrlə ingilis komandanlığına təsir göstərməyə çalışırdı. 1919 il martın axırlarında Tomsonun İrəvana səfəri zamanı Ermənistan hökuməti ona təzyiqi gücləndirməyə cəhd etmiş, lakin bu cəhd də nəticəsiz qalmışdı. General Tomsonun nümayəndəsi polkovnik Gatelvort Bakıdan Şuşaya gedərək, ermənilərin Azərbaycan Cümhuriy¬yəti hökumətinə tabe olmasını tələb etmişdi. Cümhu¬riyyət hökuməti isə Ermənistanın əsassız iddialarına baxmayaraq, general-qubernator¬luğun fəaliyyətə baş-laması üçün tədbirlərini davam etdirirdi (5,s 132-133).

 Xosrov bəy Sultanov Şuşaya gələn kimi Qarabağ torpağını erməni terrorizmindən azad etmək üçün gərgin fəaliyyətə başladı. O, 1919-cu il fevralın 12-də Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciət edərək onlara general-qubernator-luğun yaradılması səbəblərini izah etmişdir. Müraciət-də deyilirdi ki, Azərbaycan hökumətinin yanvar ayında verdiyi qərarla Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzaları xüsusi general-qubernatorluğa daxil edilmiş-dir. Bu fövqəladə tədbir onunla izah olunur ki, “Azərbaycanın ən gözəl guşələrindən olan dörd qəza bir ildən artıqdır ki, hərc-mərcliyin içindədir. Məsuliyyətsiz ünsürlərin rəhbərliyi altında silahlı dəstələr öz şəxsi iddialarını həyata keçirmək üçün kəndləri yandırır, əhalini məhv edir, minlərlə qadın və uşağı qaçqınlığa məruz qoyur. Əhalidən ümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər özlərinin şəxsi məqsədlərini gizlədərək ona siyasi don geydirməyə çalışırlar. Bütün bunları nəzərə alaraq hökumət adları çəkilən dörd qəzada general-qubernatorluq yaratmağı nəzərə almışdır. Öz həyatını xalqına həsr etmiş bir ictimai xadim kimi mən bildirirəm ki, millətindən asılı olmayaraq qanunçuluğa və ədalətə ciddi əməl edəcəyəm və bildirirəm ki, general-qubernatorluğun  rayonlarında yeganə hökumət Azərbaycan höku-mətinin hakimiyyətidir və hamı məcburi şəkildə ona tabe olmalıdır. Hər hansı bir şəkildə qayda-qanunun pozulması, hərc-mərcliyə gətiribçıxarmış hərəkət general-qubernatorluğun qanunları ilə ciddi şəkildə cəzalandırılacaq. Qanun qarşısında hamı bərabərdir (6,s 61).

Xosrov bəy Sultanov fəaliyyəti ilə rəhbərlik etdiyi müvvəqəti general-qubernatorluğun ərazisində tək həqiqi hakimiyyətin Azərbaycan Cümhuriyyəti milli hökümətinin olmasını tanıtdı,  bütün təxribatçı, seperatçı ünsürlərin zərərsizləşdirilərək sülhün bərqərar olması üçün bütün gücünü səfərbər etmişdi.    

Erməni Milli Şurası Şuşanın erməni hissəsinə gizli şəkildə silah gətirirdi. Bu Zəngəzur yaylağına qalxan Azərbaycan əhalisinin qarşısını almaq üçün idi. Belə olduqda Xosrov bəy Sultanov köç gedən yollarda təhlükəsizliyi təmin etmək məqsədilə Azərbaycan ordusunun əsgərlərini təhlükəli yerlərə göndərdi və eyni zamanda erməni Milli Şurasının üzvlərinin həbs edilib Qarabağdan çıxarılması haqqında göstəriş verdi. Buna cavab olaraq silahlanmış ermənilər 1919-cu ilin iyun ayının 4-də Azərbaycan əsgərlərinə atəş açdılar və üç əsgər öldürüldü. Belə hərəkətlərdən sonra o, Şuşada və ətraf kəndlərdə qayda-qanun yaratmaq üçün fəaliyyətə başladı və ilk addım kimi erməni milli şurasının üzvlərinin Azərbaycanın hüdudlarından çıxarılmasına nail oldu. İngilis komandanlığının nümayəndələri Azərbaycan çinovniklərinin müşayiəti ilə erməni milli şurasının üzvlərini Şuşadan çıxardılar. Atışmalar zamanı hər iki tərəfdən ölənlər oldu. İyunun 6-da Şuşada sülh əldə edildi. Baş vermiş hadisə ilə bağlı Şuşa erməniləri X.Sultanova üzrxahlıq məktubu yazaraq bildirirdilər ki, “çox hörmətli Xosrov bəy, icazə verin Sizin şəxsinizdə Şuşa şəhərinin müsəlman camaatından dünən törədilmiş hadisə ilə bağlı üzr istəyək. Biz adını erməni qoymuş xuliqanların Sizin əsgərlərə qarşı törətdiyi zorakılıq faktından çox həyəcanlanmışıq və bu, haqlı olaraq Sizin ordunun və zabitlərin həyəcanına səbəb olmuşdur “(7,s 263-264).

Xosrov bəy Sultanovun Azərbaycan Cümhuriyyəti maraqlarına uyğun olaraq apardığı bu məqsədyönlü siyasət nəticəsində Ermənilər tutduqları bu çirkin mövqeydən geri çəkilməyə məcbur edildi. Xosrov bəyin əleyhinə ermənilər onun əleyhinə təkcə Cənubi Qafqazda deyil, Avropa və Amerikada güclü təbliğat aparırdılar (7,s 265). Xosrov bəyin şəxsi nüfuzu, bacarığı, böyük təcrübəsi hesabına Azərbaycan Cümhuriyyətinin əsas həsas nöqtələrindən biri yoluna qoyulmuşdu. Xosrov bəy həmin zaman burada yürütdüyü siyasət qanunauyğun şəkildə həyata keçirilmişdi, onun əməlləri ilə bağlı ermənilər heç bir əsaslı şəkildə mənfi əsas, arqument tapa bilmə¬mişdilər.  Haqqında şayiələr yaysalarda, onun fəaliy¬yəti İngilis komandanlığı gözü önündə baş verdiyindən əhəmiyyətli rol oynamırdı. Sadəcə çirkin nifrətdən doğan əsassız, milli ədavət toxumları səpən fikirlərdir. Nümunə üçün deyə ki, 1919-cu ildə Şuşada erməni qoşununda döyüşmüş Zare Məlik-Şahnəzərov adlı bir erməni əsgərin “Şuşanın süqutu” adlı xatirəsindən oxuyuruq. “Şuşanın süqutundan əvvəl mənim yaddaşıma daha bir hadisə həkk olunub. Mən Müsa-vatçı qubernatorla təsadüfən üz-üzə gəldim. Erməni-lərə düşmən olan bu qəddar adam Xosrov bəy Sultanov idi. Məhz bu adam Qarabağda erməni qırğınları təşkil eləmişdi” (8,s 141).

Xosrov bəy bütün gücünü Azərbaycan Cümhu-riyyətinin varlığını qorumasına, onun yaşamasına həsr etmişdi. Ona etibar edilmiş bütün vəzifələrin öhdəsin-dən layiqincə gəlirdi. Xosrov bəy Sultanov 1919-cu il sentyabrın 24-də Azərbaycan Hökumətinin Rostovda konsul-agenti təyin edilmişdi (4,s 334).

Azərbaycan Cümhuriyyəti 1920-ci il 27 apreldə Sovetlər tərəfindən işğal edildikdən sonra Xosrov bəy Sultanov bir müddət Azərbaycanda yaşayır. Onun yeni qurulmuş Sovet rəhbərliyində təmsil olunmuş  müyyən şəxslərlə münasibətləri var idi. Onun tanıdığı, yaxın münasibətdə olduğu yeni rejimin qurucuları arasında Nəriman Nərimanov və Çingiz İldırımda var idi. Nərimanovla tələbə vaxtlarından dostluq münasibətləri var idi. Hər ikisi tibb təhsili almışdı. Çingiz İldırım isə onun həm qohumu, həmçinin Qarabağ General-qubernatoru çalışarkən müavini olmuşdu. Sovetlərin hakimiyyətə gəlməsi ilə Qarabağ hərbi İnqilabi Komitəsinin sədri təyin olunmuşdu. Çox böyük ehtimal Qarabağ və ətraf zonada böyük nüfuza malik Xosrov bəyin bu vəzifəyə gətirilməsində məlum ikiliyin böyük rolu olmuşdu. Xosrov bəy bu vəzifədə təxmini iki həftə olur və sonra həbs olunur. 12 may 1920-ci il tarixində həbs olunan Xosrov bəy Pankratovun xüsusi göstərişi ilə həbs olunmuşdu. O ilk həbs olunan şəxslərdən biri idi, Azərbaycan Cümhu-riyyəti Gəncə General-quberantoru Xudadat bəy Rəfi-bəyli ilə bir gündə həbs olunmuşdu. Hər ikisidə həkim idi. Gələcək təhlükələrdən biri kimi Pankratovun siyahısına düşmüşdü Xosrov bəy Sultanov.

X.Sultanovun Qarabağ İnqilabi Komitəsinin sədri təyin olunması ilə bağlı qərar 1920-ci il may ayının 1-də verilib. Həmin gün axşam saat 9-da öz iclasını keçirən İnqilabi Komitə Qarabağ ərazisində bütün qəza komissarlarına, qəzalara və Yevlax komissarına elan olunması üçün aşığıdakı qərarları qəbul edir:

1. Azərbaycanda sovet hökumətinin qurulması və Xalq Komissarları Şurası Hökumətinin təşkil olunması ilə əlaqədar Qarabağda müvəqqəti general-qubernatorluq haqqında əsasnamə 28 apreldən etiba-rən ləğv edilmiş hesab olunsun.

2. Keçmiş Qarabağ general-qubematorluğunun dəf-tərxanası İnqilabi Komitənin dəftərxanasına çevrilsin.

3.4 qəza hüdudunda – Şuşa, Zəngəzur, Cəbrayıl və Cəvanşir qəzalarında bütün hakimiyyətin İnqilabi Komitə təşkilatına verilməsi elan edilsin.

4. İnqilabi Komitənin heyəti; sədr Xosrov Sultanov, sədr müavini Bahadur Vəlibəyov, katib Məmməd Həsən Mirzəcanov, İnqilabi Komitənin üzvləri: Ocaq-qulu Musayev, Məmməd Əli Qayıbov, Fərhad Ağayevdən ibarət olsun.

5. Qəza rəisləri və pristav vəzifələri ləğv edilmiş sayılır və onlar qəza və sahə komissarları ilə əvəz olunur.

6. Mühafizəçilərin adı dəyişdirilib xalq milisi olur.

7. Partizanlar bu gündən etibarən Qırmızı kəndli qvardiyası adlanır.

Sənədə X.Sultanov, B.Vəlibəyov və İnqilabi Komitənin işləri üzrə icraçı Hacıbəyov qol çəkiblər” (13,s 115).

Göründüyü kimi Xosrov bəy yeni hökümətlə razılaşsada amma yeni qurulmaqda olan bu hökümətin Pankratovları, onun Erməni həvadarları ona güzəştdə getmədilər. Onu əsas təhlükələrdən biri, idarəolunmaz şəxs kimi görürdülər. Bu səbəbdən onun həbs qərarı verilir.

X.Sultanovun işi ilə (12 may – 9 avqust 1920-ci il (Pr. 20584) MTN arxivi) bağlı 14 may 1920-ci ildə XI ordunun İnqilabi Hərbi Şurası yanında xüsusi şöbənin hərbi müstəntiqi M.Səfıkürdlü tərəfindən aparılan dindirmə əsasında aşağıdakı məzmunda Protokol tərtib olunur:

“Mən XI ordunun İnqilabi Hərbi Şurası yanında xüsusi şöbənin hərbi müstəntiqi Səfikürdlü may ayının 14-də əksinqilabi işdə ittiham olunan Xosrov Paşa oğlu Sultanovu dindirdim. O, Xarkovda institutun tibb fakültəsində oxumuş, inqilaba qədər Bibiheybət xəstəxanasında həkim işləmişdir. Hazırda Qarabağ İnqilabi Komitəsinin sədridir. Sonuncu il Şuşada yaşayıb”(13,s 116-117).

Xosrov bəy ona qarşı ittihamları rədd edib amma onun işi müstəntiq Səfikürdlü tərəfindən Azərbaycan SSR Ali Tribunalına təqdim edilir. Çox böyük ehtimal güllələnəcəkdi. Güman etmək olar ki, onu güllələməkdə Çingiz İldırım və N.Nərimanov xilas edib.

Xosrov bəyin xilas olunma əməliyyatı, Azərbay-candan mühacirətə nə vaxt getməsi haqqında əlimizdə elə bir ciddi məlumat yoxdur. Bir çox mənbələrdə 1920-ci il, bəzi mənbələrdə 1923-cü il göstərilir. Xosrov bəyin Sovet rejminin repressiya maşınından xilas olduqdan sonra onun mühacirət həyatı başlayır.

Xosrov bəyin mühacirət həyatı ziddiyyətli və qarşıdurmalar ilə zəngindir. Xosrov bəy Azərbaycan siyasi mühacirətinin əsas liderlərindən biri idi. Ona görə Sovet rejminə əks mövqeydə dayanan qüvvələr onunla əməkdaşlıqdan, birlikdə hərəkət etməkdə maraqlı idi. Xosrov bəyin nüfuzu, Türkiyə dövləti yanındakı etibarı onun fəaliyyət çevrəsinə geniş imkanlar yaradırdı. Hansı ki, zamanında onun “Qardaş Yardımı” adlı təşkilat vasitəsi ilə qazandığı etibar xüsusi rol oynamışdı.

Xosrov bəy Sultanov mühacirət daxilində ziddiy-yətlər yarandığı zaman Məhəmməd Əmin Rəsulzadəyə və onun rəhbərlik etdiyi qrupa əks mövqeydə daya-nanlardan biri idi. Xosrov bəy Azərbaycan Cümhuriy-yəti dönəmində ilk öncə Musavatçı olmuş, sonra İttihada keçmişdi. Mühacirətdə İttihadı, rəhbərlik et-diyi qrupu gücləndirməyə çalışan Xosrov bəy Musavatı zəiflətməkdə, onun rəhbəri Rəsulzadənin nüfuzunu azaltmaqda maraqlı idi.

Türkiyədəki Azərbaycan mühacirləri əsasən “Türk Ocaqları” MK-sı və onun Başqanı, həm də Maarif naziri Həmdullah Subhi Tanrıövərdən maliyə dəstəyi alırdı. Əhməd bəy Ağaoğlu X. Sultanova yazdığı məktubunda “Türk Ocaqları”nın hər ay ona, “eləcə də Ə. Əmircanov və M. Ə.Rəsulzadəyə 75 lirə məbləğində pul verilməsi barədə qərar çıxardığını” göstərirdi. H. S. Tanrıövərin X. Sultanova yazdığı məktubunda da X. Sultanov, Ə. Əmircanov, M. Ə. Rəsulzadəyə hər ay 75 lirə verilməsi faktı təsdiqlənir(11,s 98-99).

Sonradan Xosrov bəyə Türk Ocaqları tərəfindən maliyyə yardımları kəsilir və bunlara görə Xosrov bəy Əhməd Bəy Ağaoğlunu ittiham edirdi.

1924-cü ilin payızında İstanbulda Xosrov bəyin rəhbərliyi altında Musavat partiyasını tərk etmiş şəxslərdən ibarət qrup yaradılmışdı. İstiqlal komitəsini mühacirlərin mərkəzi orqanı kimi tanımaq istəməyən qrup Azərbaycan Milli Demokratik Respub¬lika partiyasının yaradıldığını elan etdi. Yeni Partiyanın adı onun, öz növbəsində Gürcüstanın Sosial Demokrat Partiyasına müxalifətdə olan gürcü milli demokratları ilə idealoji yaxınlığına dəlalət edirdi (sağ). Sultanovun mövqeyi xeyli dərəcədə onunla güc¬lənirdi ki, o, qohumluq əlaqələri sayəsində Azərbay¬canın özündə antibolşevik müqavimət hərəkatı ilə əlaqə saxlamaq üçün real imkanlara malik idi. Belə ki, Xosrov bəyin qardaşı İsgəndər bəy Sultanov Azərbaycan-İran sərhədində fəaliyyət göstərən, Qarabağ ərazisində partizanlıq fəaliyyəti və sürətli həmlələri işğalçı hakimiyyətə heçdə az ziyan vurmayan üsyançı dəstənin komandiri idi(9,s 196).

Xosrov bəy Sultanov mühacirlər arasında xüsusi mövqeyə sahib idi. Polşalıların ilk əlaqələr yaratdığı Azərbaycanlı mühacirlərdən biri Xosrov bəy idi. Sonralar Xosrov bəy Polşa tərəfindən yaradılmış “Prometey”-in üzvülərindən biri olacaqdı. Polşalılar antisovet hərakatın güclənməsində, Qafqazlı mühacirlərin bu işdə fəal iştirak etməsində maraqlı idilər. Azərbaycanlı, Gürcü, Dağlı mühacirləri bir araya gətirərək daha geniş bir mübarizə işinə imza atmaq istəyirdilər. Bunun nəticəsində Birləşmiş Qafqaz Konfederatları Komitəsi yaradılır. Komitənin tərkibinə Azərbaycandan Xosrov bəy Sultanov, Əbdüləli bəy Əmircanov, Əkbər ağa Şeyxülislamov, Gürcüstan milli demokratlarından Aleksandr Asatiani, David Vaçnadze, eləcədə Mixeil Sereteli, Şimali Qafqaz Dağlı Respublikası parlamentinin keçmiş sədri Vassan Girey Cabağı, Əli Xan Qantemir, Aytek Namitok daxil idilər. Komitənin rəhbər orqanı Sultanov, Vaçnadze, Cabağıdan ibarət Rəyasət heyəti idi( 9,s 198).

M.Ə.Rəsulzadə və rəhbərlik etdiyi Musavat partiyası yeni qurulmuş komitədə təmsil olunmur-dular. Buna mühacirətdaxili qarşıdurmanın, qarşılıqlı ittihamların başlanğıcı deyə bilərik. Belə ki, 1925-ci ilin oktyabr ayında Xosrov bəy Trabzondan Cənubi Azərbaycana yola düşür. Avqust ayında Xosrov bəy Konfederatlar Komitəsinin fəaliyyətə başlaması üçün Polşanın İstanbuldakı elçisindən 3 min türk lirəsi almışdı. Xosrov bəy oktyabr -dekabr aylarında Xoy, Təbrizdə və Tehranda olur, oradakı Azərbaycanlı mühacirlərlə danışıqlar aparır və geniş şəkildə mübarizə ilə bağlı fikirlərini çatdırır. Xosrov bəyin səfəri ilə bağlı Bolşeviklər məlumat əldə etmişdilər, nəticədə Xosrov bəy bu səfərdən uğur əldə edə bilmir. 1925-ci il oktyabr ayının 5-də M.Ə.Rəsulzadənin Ceyhun Hacıbəyliyə məktubunda qeyd edir ki, “ Xosrov bəy İrana yola düşmüşdür. Trabzondan təbil və zurna çala-çala yola salınmışdır. Avropa da, Türkiyə də onunla imiş. Başqaları yalnız kağız qaralamaqla məşğul olmuşlar”(14,s 65). Məktubdakı bu hissədəndə göründüyü kimi onlar bir-birini fəaliyyətsizlik və uğursuzluqlarda ittiham edirmişlər.

Mühacirətdə yaşadıqlar zaman M.Ə.Rəsulzadə ilə Xosrov bəy arasında münasibətlər yumşalmadı. Münasibətlərin gərginliyi “Prometey” daxilindədə davam edirdi. M.Ə.Rəsulzadənin Ceyhun bəy Hacıbəyliyə 1927-ci il 12 yanvar tarixində İstanbuldan göndərdiyi məktubda qeyd edir:  “ Əfəndim, bu jurnal bizim planımıza görə İstanbulda çıxmalı idi. İcazəsini almaq mənim üçün su içmək kimi asan bir şey idi. Bir ay müddətində bütün işləri başa çatdıra bilərdim. Fəqət doktor Xosrov bəy qəzetin üstündə mənim sahibi-imtiyaz və müdir olmamı münasib bilmədi. Onun etirazından sonra digərləri də, yəni gürcülər də həqiqətən bu qəzetin rəhbərliyinin “Yeni Kafkasya”nın redaksiya heyəti ilə qarışa biləcəyini bildirdilər”(14,s 71). Bu məktubdan məlum olur ki, “Prometey” jurnalı İstanbulda çıxmalı idi, rəhbəridə M.Ə.Rəsulzadə olmalı idi. Xosrov bəyin Rəsulzadə ilə münasibətlərindəki gərginliyin nəticəsində bu tipli uğursuzluqlar ortaya çıxmışdı.

1927-ci ilin yanvar ayının 12-də Parisdə Azərbaycan və Şimali Qafqaz Birləşmiş Müvəqqəti Mərkəzinin yaradılmasına dair sənəd imzalandı. Mərkəzin prezidenti Ə.Topçubaşi, Heydər Bammat isə katibi seçildi. Mərkəzin heyyətinə Azərbaycandan Ə.Topçubaşi, C.Hacıbəyli və X.Sultanov, Şimali Qafqazdan – Ə.M.Çermoyev, H.Bammat, eləcədə çər-kəzlər – Konstantin Xaqandokov, İsmayıl Şakov daxil idi.

Yanvarın 15-də Topçubaşinin sədrliyi ilə Azərbaycan və Şimali Qafqaz Birləşmiş Müvəqqəti Mərkəzinin iclası keçirilir. Qafqazın əsas tərəfdaşı Varşava tərəfindən İstanbulda Qafqaz İstiqlal Komitəsi deyil, bu qurumun tanınmasına nail olmaq üçün qərar qəbul etdi. Bu məqsədlə “dost dövlətin nümayən¬dəsinə Birləşmiş Mərkəzin yaradılması” və “Birləşmiş Mərkəzin nümayəndəsinin bir sıra təfərrüatlar, o cümlədən maliyyə yardımı məsələlərinə dair şəxsi danışıqlar üçün dərhal Varşavaya ezam edilməsi” barədə vermək lazım idi.

Qərara alınır ki, Varşavaya Xosrov bəy Sultanov göndərilsin. Onun qarşısında iki məqsəd var idi. Birləşmiş Mərkəz haqqında müfəssəl məlumat vermək və fəaliyyət üçün maliyyə yardımı alınmasını təmin etmək. Xosrov bəy və digər Birləşmiş Mərkəz üzvü-lərinin cəhdi uğursuzluqla nəticələnir, Polşadan dəstək ala bilmirlər. Xosrov bəy Varşavanı tərk edərək İstanbula gəlir və Kommersiya fəaliyyəti ilə məşğul olur(9,s 235-237).

1927-ci il fevralın 26-da İstanbulda Azərbaycan Milli Mərkəzi yaradılır. Xosrov bəy həmin mərkəzdə ona yer saxlansada təmsil olunmur. Rəsulzadə ilə aralarında yaranmış narazılıqlardan, mühacirlər arasında mövcud münasibətlərin nəticəsində Xosrov bəy Milli Mərkəzlə birlikdə hərəkət etmir, müstəqil fəaliyyətə üstünlük verir. Həmçinin 1928-ci ilin iyununda Azərbaycan Milli Mərkəzinin ikinci tərkibi seçilərkən yenədə ona yer saxlansada təmsil olunmur.

Xosrov bəy Milli Mərkəzə alternativ qurumların yaradılmasına cəhd edirdi. Milli Mərkəzə müxalif mətbuat orqanları, Xosrov bəyin mühacirətdə təsis etdiyi və rəhbəri olduğu Milli Demokratik Partiyası, Azərbaycan icmasının bəzi nümayəndələrinin təmsil olunduğu Azərbaycanın Müvəqqəti Milli Müstəqillik Komitəsi adlanan komitə yaradılmışdı.(15,s 592).

Xosrov bəy Sultanov Azərbaycan Mühacirətinin sağ qanadının təmsilçisi idi, onun təmsil olunduğu təşkilatların əsas təmsilçiləri sağlar idi. Biz Prometeyə və Qafqaz İstiqlal Komitəsinə qarşı görülən işlər zamanı biz onun sağlarla hərəkət etdiyini müşahidə edirik.    

Sonrakı dönəmlərdə Xosrov bəy anti-prometeyçi “Qafqaz” qrupunda təmsil olunmuş, müxtəlif vaxtlarda Almanlarla danışıqla aparmış, Azərbaycanın istiqlalı məsələsi ilə bağlı mövqey qoymuşdu.

Xosrov bəy Sultanovun yaşamının böyük bir kəsimi Türkiyə ilə bağlı idi. Əldə edilmiş sənədlərdən məlum olur ki, Xosrov bəy İstanbul, Bəyoğlunda uşaq xəstəxanasında çalışmışdır. Türkiyədə Hüseyinqulu Xan Xoylunun nəvəsi Kərim Mehmetzadənin verdiyi məlumata görə o uşaq olarkən Xosrov bəy onların həkimi olub. Başqa bir məlumat əldə edə bilmədik. Dediklərinə görə varislərində heç kəs qalmayıb. Xosrov bəyin məzarı İstanbul Fəriköy Məzarlığındadır.

Xosrov bəy Sultanov Azərbaycan və Türkiyə tarixində  iki böyük dövlətin əsas qardaşlıq simvol-larından biridir. Onu tarixdə bir çox xidmətləri yaşadır amma mənim üçün iki hadisə böyük əhəmiyyət kəsb edir. Bu Xosrov bəy Sultanovun xoşbəxtliyi, bizim üçünsə Xosrov bəyə qarşı böyük sevgi yaradan hadisələrdir. Biri Atatürklə bağlı, digəri isə Əhməd Cavadla bağlıdır.

Birincisi Xosrov bəy Sultanovun Mustafa Kamal Atatürkü son yolculuğa salmaq, Azərbaycan türkləri adına çələnglə dəfndə iştirak etmək xoşbəxtliyidir. Dəfndə bu iki rəsmi şəxsə qismət olmuşdu. Digəri isə Azərbaycan Cümhuriyyəti sabiq Daxili İşlər Naziri Mustafa bəy Vəkilov olub( 16,s 3).

İkinci məqam qeyd etdiyimiz kimi Əhməd Cavadla bağlıdır. Xosrov bəy “Qardaş yardımında” çalışarkən özünə bacarıqlı və işguzar bir gənc axtararkən Gəncəyə gəlmiş, Nəsib bəy Yusifbəylidən belə bir gənc istəmiş və Nəsib bəy isə Əhməd Cavadı tövsiyyə  etmişdi. Xosrov bəyin Əhməd Cavad xoşuna gəlmiş, onu özünə katibliyə götürmüş və onların böyük yolculuğu başlamışdır. Bu yolculuqda, yardıma ehtiyacı olan Türkiyəli qardaşlarımıza dəstək olma çabalarında Əhməd Cavad həyatının böyük mənasını, Azərbaycan qədər sevdiyi Şükriyyəni tapmışdı Batumda, o gözəl yurtda. Ən maraqlı məqam Xosrov bəyin, Əhməd Cavaddan gizlin onu şeirlərini qəzet və jurnallardan topladaraq ilk şeirlər kitabı “Qoşma”nı çap etdirməsidir.( 17,s 7-9). Bu Əhməd Cavada, Azərbaycan istiqlalını şeirləri ilə tərənnüm edən böyük vətənpərvərə dəyərli ərmağan, həmçinin millətimiz qarşısında böyük xidmət idi.

Ədəbiyyat:

1. Mövsüm Əliyev, “Xosrov bəy Sultanov”, Odlar Yurdu, 1991, no: 11.

2. Betül Aslan, “1-ci Dünya savaşında Azərbaycan Türklərinin Anadolu Türklərinə “Kardaş Kömeği (Yardımı)” və Bakı Müsəlman Cəmiyyət-i Xeyriyyəsi”, Ankara, 2000.

3. Nağı Şeyxzamanlı “Xatirələrim”, Bakı, 2004.

4. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, Bakı, 2004, Cild 1.

5. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, Bakı, 2004, Cild 2.

6. Həvva Məmmədova “Azərbaycan Xalq Cümhuriyyəti dövründə yuxarı Qarabağda siyasi vəziyyət: Erməni terrorizminin güclənməsi (1918-1920), Bakı, 2006.

7. Cəmil Həsənli “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”(1918-1920), Bakı, 2009.

8. Ziyadxan Nəbibəyli “ Sultan bəy və Xosrov bəy qardaşları”, Bakı, 2011.

9. Giorgi Mamulia, Ramiz Abutalıbov “Odlar Yurdu – Azadlıq və Müstəqillik uğrunda mübarizədə” – Azərbaycan mühacirətinin siyasi tarixi(1920-1945), Bakı, 2015.

10. Abid Tahirli “Azərbaycan mühacirət mətbuatında publisistika”(1921-1991), Bakı, 2005.

11. Xaləddin İbrahimli “Azərbaycan mühacirət tarixi”, Bakı, 2012.

12. Hacı Nərimanoğlu “Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular”, Bakı, 2012.

13. Lətif Şüküroğlu- Cümhuriyyət höküməti repressiya məngənəsində”, Bakı, 2000.

14. Məhəmməd Əmin Rəsulzadə “Məktublar, Şəfibəyçilik”, Bakı, 2017.

15. А. М. ТОПЧИБАШИ –  ПАРИЖСКИЙ АРХИВ. КНИГА ТРЕТЬЯ 1924–1930, МОСКВА, 2017 (Составители, предисловие, перевод и примечания Г. Мамулиа и Р. Абуталыбов).

16. Mücahit dərgisi, say: 55-56, Ankara, 1963.

17. Ali Salettin “Bir kere yükselen bayrak”, Bakı, 1993.

Ceyhun Nəbi

Həmçinin yoxlayın

Urmiyada voleybol komandasının yarışında milli şüarlar; Qərbi Azərbaycanayerli vali tələb etdilər- video

GADTB: Urmiya şəhərindəki “Durnalar Yuvası” idman arenasında bələdiyyə volleybol klubunun Tehranın Peykan klubu ilə oyununun …

Qaşqay türkləri milli geyimlərin başqa etnosun adına qeydiyyata alınmasına etiraz etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri milli geyimlərin irqçi fars-molla rejimi tərəfindən …

Bir cavab yazın