Şənbə , Aprel 20 2024
azfa

Albaniyanın quzey torpaqları; vaynaxlar yurddaşlarımız olub

GADTB: I əsr müəllifi Qay Pliniy Sekundun (23-79) Albaniyanın şimaldan Sarmatiya ilə qonşu olduğu barədə məlumatı əldə rəhbər tutan S, Yuşkov belə bir nəticəyə gəlmişdir ki, Albaniya Terek və Sulak çaylarına qədər bütün Qafqazı əhatə ediridi (Алиев K., 1974, s.107). Alim öz fikrini əsəslandırmaq üçün Albaniyanın şimal sərhəddinin Soana çayına qədər uzandığını söyləyən Ptolomeyə və Çeçenistandakı Terek və Arqun çaylarını “Sona” adlandıran Vahuştiyə istinad etmişdir. Onun bu fikri bir vaxtlar “Azərbaycan tarixi” kitabına da daxil edilmiş (История Азербайджана, 1958, s. 51), sonra isə nədənsə ondan imtina edilmişdir.

Yuxarıdakı fikir bizə tam inandırıcı gəlməkdədir və onun doğruluğunu Çeçenistan, Alaniya və Abxaziyanı Azərbaycanın tərkib hissəsi kimi göstərən bəzi ərəb müəlliflərinin məlumatları da təsdiqləməkdədir. Təsadüfi deyil ki, Yaqut əl – Həməvi “Möcəm əl-Buldan” əsərində Əbu Təmmamın Əbu Səid Səqəriyə ithaf ediyi şerində rast gəlinən “durdz” (durdzuk”, çeçenlərin əski adı. Dağıstanlılar bu günə qədər çeçnlərə dirdzuk deyirlər) yer adından söz açarkən onun Azərbaycan hüdudları içində olduğunu vurğulamışdır (Səid Nəfisi, 1990, s. 52).

Əl-İstəhri Azərbaycanın batı (qərb) və quzey sərhədlərindən söz açarkən, Lan ölkəsinin adını çəkir: “Azərbaycan, Arran və Ərməniyyəni biz bir xəritədə yerləşdirib, vahid iqlim (kimi qəbul) etdik. Şərqdən buranı Cibəl, Deyləm, Xəzər dənizinin qərb(hissəsi), qərbdən Ərmən və Lan sərhədləri, Cəzirə sərhəddinin bir hissəsi, şimaldan Lan və Qabq (Böyük Qafqaz) dağları, cənubdan İraq və Cəzirə sərhədlərinin bir hissəsi var” (Ал-

Истахри, 1901, s. 17).

Məlumat üçün bildirək ki, ərəblər “Lan” deyərkən, qədim yunanların Alaniya (alanlar ölkəsi) adlandırdıqları və bugünkü Rusiyanın Gürcüstanla sərhəd olan Quzey Qafqaz torpaqlarını nəzərdə tuturdular. Lan ölkəsinin Azərbaycanın şimal və qərb sərhədlərini təşkil etməsi indiki Gürcüstanın böyük hissəsinin, eləcə də Dağıstanın, Çeçenistanın və İnquşetiyanın Terek çayına qədər olan hissəsinin “Azərbaycan” anlayışına daxil olduğunu sübut etməkdədir. Bu məlumat Atropatena (Azərbaycanın) sərhədlərinin Pont (Qara) dənizindən Girkan (Xəzər) dənizinə qədər uzandığını söyləyən antik müəlliflərin söylədikləri ilə üst-üstə düşməkdədir. Məsələn Atropatena şahı Artabazın torpaqlarından söz açan Polibiy yazır ki, “…Bu sonuncu (Atropatena şahı Artabazan) bütün hökmdarlar içərisində ən qüdrətlisi və ən müdrükü hesab edilirdi, atropatenalılar və qonşu xalqlar üzərində hökm edirdi… Qərar qəbul edildikdən sonra ordu dağları aşaraq Artabazanın Midiyanın qonşuluğunda yerləşən, ondan ortadakı dağlarla ayrılan, Fasidadan (Fazis, Gürcüstandakı Rioni çayı) yuxarıda yeləşən hissəsi Pont (Qara dəniz) üzərində yüksələn, digər hissəsi isə Qirkan (Xəzər) dənizinə qədər uzanan ölkəsinə soxuldu. Bu ölkənin sərhədləri içərisində döyüşkən və özü-özünü at və müharibədə lazım olan digər şeylərlə təmin edən xalq yaşayır. Bu şahlıq hələ farslarn dövründə mövcud idi və İskəndərin dövründə o diqqətdən kənarda qalmışdı” (Алиев K., 1974, s. 16).

Azərbaycanın quzey torpaqlarının, yəni Arran-Albaniya ərazisinin ən başdan Atropatenanın, başqa sözlə Azərbaycan dövlətinin tərkibində olduğu faktı öz əksini çox sayda alimin birlikdə qələmə aldıqları “Qədim dünya tarixi. Qədim cəmiyyətlərin çiçəklənmə dövrü adlı” kitabda da tapmışdır (История древнего мира, 1982, s. 412-413). Bu gerçəyi Miney Feliks Kapella özünün “Filologiyanın mürkuriy ilə izdivacı” adlı kitabında, Kiçik Midiyanı, yəni Atropatenanı göz önündə tutaraq,bu cür ifadə etmişdir: Assiriyadan sonra Xəzər dənizinədək uzanan və Qafqaz dağları ilə əhatələnən Midiya başlayır” (Алиев K., 1988, s. 19).

Dağıstanda, Mahaçqala ilə Tarki kəndi arasında yerləşən ərazidə arxeoloji qazıntılar aparmış K. Smirnov qeyd edir ki, Albaniya ərazisi Tarki kəndini də əhatə etmişdir və ya da ən azı onun mədəni təsiri altında olmuşdur (Смирнов K., 1954, s. 271).

Bu nəticə Böyük Qafqaz dağlarının cənub ətəklərinin Albaniyanın şimal sərhədlərini təşkil etdiyini söyləyən Strabonun məlu-matı ilə tam üst-üstə düşür (Strabon, Xl, 5, 6). Eyni fikri Tasit də təsdiq edir. Onun yazdığına görə, Böyük Qafqaz dağının cənub ətəkləri “Alban dağları” adlanırmış (Таsit. Salnamə, Vl, 33).

Son 200 ildə, xüsusən də sovet dövründə rus siyasətçilərinin Güney Qafqazı və Rusiyanın ən azı Avropa hissəsini türklərdən və müsəlmanlardan təmizləməyi və bu əraziləri xristianlaşdırmağı hədəfləyən gizli geosiyasi məqsədlərinə uyğun olaraq, tarixi məqsədyönlü şəkildə təhrif etməklə məşğul olan rus tarixçilərinin Atropatenanı Arazdan cənubda göstərməsinin əsas səbəblərindən biri Azərbaycan əraziləri hesabına rusların dəstəyi ilə qurulan qondarma xristian Ermənistan və Gürcüstan “dövlət”lə-rinin mövcudluğu üçün “elmi” (ideoloji) zəmin yaratmaq idi.

Elə bu məqsədlə də türklərin köçəri olduqları və Güney Qafqaza çox-çox sonralar kənardan gəldikləri barədə yalançı konsepsiyalar dövriyyəyə buraxılmışdı. Bu konsepsiyalara qarşı çıxanlar təqib və təzyiqlərə məruz qalır, bir çox hallarda isə “pantürkist” adı ilə damğalanaraq həbsə atlır və məhv edilirdi. Buna paralel olaraq Ermənistan və Gürcüstandan, o cümlədən hələ də əhalisinin böyük əksəriyyətini türklərin təşkil etdiyi İrəvan və Tiflisdən türklərin Orta Asiyaya kütləvi surətdə köçürülməsi gerçəkləşdirilirdi.

Şahlar Hacıyev,

Tarixçi Alim.

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …