Cümə , Aprel 26 2024
azfa

Albanların dili, xristianlığa qədərki yazısı və inanc sistemi

GADTB: Tarixi rəvayətə görə, e.ə II əsrdə (bəzi mənbələrə görə I əsrdə) Albaniya ərazisində Aran adlı bir hökmdar taxt-taca yiyələnmiş və onun soyundan olanlar (Aranşahlar) bu ölkəni uzun müddət idarə etmişlər. Mənbələrdən belə məlum olur ki, Aranşahlar sülaləsindən sonra bu ölkə başqa bir türk mənşəli sülalə – Parfiya Arsaklarının bir qolu olan Albaniya Arsakları tərəfindən idarə edilmişdir. V əsrdə Albaniya hökmdarı olan və xristianlığı öz ölkəsində dövlət dini səviyyəsinə qaldıran Cəsur Vaçaqanın da Arsaklar sülaləsindən olduğu məlumdur. O da dəqiq məlumdur ki, eyni sülaləyə mənsub Arsvaqenin dövründə (430-440) alban əyanlarının önəmli hissəsi xristian idilər. Mənbələrin yazdığına görə, onun hakimiyyəti dövründə Ərməniyyə və Albaniyaya

(Arana) gələn suriyalı xristian maarifçisi Mesrop Maştots öncə ermənilər üçün yeni əlifba düzəltmiş, daha sonra isə Albaniyaya (Arana) keçərək əski alban yazısını yenisiylə əvəz etmişdir.

Bəs, bundan öncə Albaniyada hansı əlifbadan istifadə edildiyi və dövlət dilinin hansı dil olduğu barədə nə deyə bilərik?

Bu suala düzgün-dürüst cavab verə bilməmiz üçün əlimizdə hər hansı bir qaynaq varmı?

Bəli var. Bu qaynaq e.ə. IV əsrdə Arran ərazisində hakimiyyətdə olmuş Azo adlı bir hökmdara aid olan və üzərində türkcə yazı nümunələrinə rast gəlinən sikkələrdir. İlk öncə qeyd etmək lazımdır ki, elm aləminə Azərbaycan, o cümlədən Qərbi Azərbaycan (bugünkü Ermənistan) və Gürcüstandan tapılan çox sayda gümüş sikkə məlumdur. Üzərindəki yazıların arami yazısı olduğunun iddia edilməsinə rəğmən, “Orxon-Yenisey yazıları”nın yerli variantı olduğu heç bir şübhə oyatmayan bu maddi mədəniyyət nümunələri Əhəmənilərin bəzi mənbələrə görə Kilikiya, digər mənbələrə görə isə Babil satrapı, başqa sözlə, canişini Mazaeusa (e.ə. 385-e.ə 328) aid olduğu iddia edilir. Bu sikkələrin hamısının üz tərəfində taxtda oturan və beldən yuxarı çılpaq olan adam, qarşısında isə şahlıq quşu, sünbül və üzüm salxımı təsvir edilmiş və hamısında eyni işarələrdən ibarət eyni yazı yazılmışdır. Sözügedən sikkələrdən bəzisinin üz tərəfi digərlərinin cüzi fərqlə eyni olsa da, arxa tərəfində qədim yunan hərfləri ilə yazılmış yazılar olan sikkələrə də rast gəlinməkdədir ki, onlar haqqında bir qədər sonra danışacağıq. Bu məsələ tədqiqatımız baxımından olduqca böyük önəm daşıyır. Çünki ortada bilinqva var və bu da oxunuşun dəqiqliyini təmin etmək

baxımından çox önəmlidir (Tuncay B., 2015b).

Sikkələrin üzərindəki yazıların işarələrinin “Orxon-Yenisey əlifbası”nın işarələri ilə müqayisəsi onların əski türk-run hərflə-

ri ilə yazıldığına heç bir şübhə yeri qoymur. Yazıları bu hərflərlə sağdan sola oxuduqda onların üz tərəflərində “SULTRS”, arxa tərəflərində isə “ZSRNq” yazıldığı görünür.

Sikkələrin üz tərəfində yer alan yazı (SULTRS), saitlər artırılarsa, fikrimizcə, “SU” (ordu, qoşun) və “(i)LT(e // ə)R(i)S”,

yəni “İltəris” sözlərindən ibarətdir.

Məlum olduğu kimi, “İltəris” kəlməsi əski türk mətnlərində həm şəxs adı, həm də “el qurtaran” (eli xilas edən) mənasını

verən kəlmədir. Məsələn, Bigə xaqanın atasının adının İltəris olduğu məlumdur. Ola bilsin ki, burada kəlmə məhz antroponim kimi işlənib və hansısa yerli hökmdarın adıdır. Amma o da ola

bilər ki, kəlmə “el qurtaran” (xilaskar) anlamında işlənib. Bu halda həmin kəlmə özündən əvvəlki “su” (qoşun) sözü ilə bir-

likdə “eli qurtaran qoşun” mənasını verəcəkdir. (Tuncay B., Ögə Y., 2018, s. 67).

“ZSRNq” formasında olan yazıdakı ilk hərf (sağdakı) sikkələrdən bəzisinin üz qabığındakı taxtda oturmuş şəxsin taxtının altında tək işarə şəklində təkrarlanır. Bu da bizə həmin işarənin taxtda əyləşmiş şəxsin adının göstərcisi olduğunu düşünməyə əsas verir. Belə isə, arxa üzdəki “ZSRNq” kəıməsinin “Z” (şəxs adı) və “SRNq” hissələrindən ibarət iki sözə ayırmaq lazım gələcək.

Öncə addan başlayaq. Bir samit səslə yazılmış bu şəxs adına çatışmayan saitləri əlavə etməklə onu rekonstruksiyaya çalışsaq, qədim Manna şahlarından olmuş Azanın adına bənzər bir ad ortaya çıxmış olacaq. İkinci kəlməyə – “SRNq” kəlməsinə gəlincə,

onun sonundkı “Nq” (səğir nun) qarışıq səsini yiyəlik hal şəkilçisi kimi, yəni “(ı)Nq” kimi qəbul etsək, o zaman məntiq kəlmənin kökünü “sar” (qədim Aşşur dilində “çar”, padşah”) kimi oxumağı tələb edir. Belə isə, sikkələrin arxa tərəfində “Aza sarınq”, yəni “Aza padşahın” (hökmdar Azaya məxsus) sözləri yazılıb. Bunun məhz belə olduğunu bəzi sikkələrin ön tərəfindəki

yunan hərfləri də tam təsdiqləyir. Orada qədim yunan hərfləri ilə şaquli formada (yuxarıdan aşağıya) iki dəfə təkrarlanan “Azo” (“Aza” şəxs adının başqa bir fonetik variantı) və üfiqi formada “Aka” (türkcə “ağa”) yazılıb (Manna və Midiya dövrünə aid bu yazı ənənəsi, görünür, xristianlığın qəbuluna qədər Qafqaz Albaniyasında da davam etmişdir. Belə düşünməyə bizə Albaniyada hakimiyyətdə olmuş Aranşahlar sülaləsindən Azo adlı bir hökmdara aid olan və üzərində türkcə yazı nümunələrinə rast gəlinən sikkələr əsas verir (Tuncay B., 2017).

Oxuduğumuz yazıları birləşdirsək, söhbətin Aza (Azo) padşahın xilaskar ordusundan getdiyini düşünə bilərik. Bu adın etimologiyasından söz açan Q. Qeybullayev bu adı türkmənşəli sayaraq, erkən orta əsrlərdə xakasların xaqanı Ajonun, uyğur xaqanlarından Açonun adları ilə müqayisə etmişdir. Müqayisəyə

çəkilən “Ajo” və “Aco” adlarının sonunun eynən yunan yazısında olduğu kimi “o” ilə bitmiş olması, adın əslində “Aza” deyil,

“Azo” şəklində olduğunu söyləməyə tam əsas verir (Tuncay B., 2015b). Yunan əlifbasının bölgəmizə Makedoniyalı İskəndərdən sonra, yəni e.ə. IV əsrdə yol tapdığı məlumdur. Yazılarından birinin yunanca olduğu bilinqvalar da məhz həmin dövrdən geniş yayılmağa başlamışdır. Deməli, sikkələrdə adı keçən çar Azo Ağa(Aka) e.ə. IV əsrdən öncə yaşamış olmamalı idi. O zaman ortaya sual çıxır: Azo kimdir?

Sualın cavabını XI əsr gürcü salnaməsi “Kartlis Tsxovreba”-da tapırıq. İ. Cəfərsoy həmin əsərə istinadən yazır ki, “Aran həm ölkənin (Albaniyanın – B. T.), həm də ölkənin hakim nəslinin adıdır. Həmin nəslin böyük qanadları Albaniyanı, kiçik qanadları İberiyanı idarə edirdi. İberiyanın ilk çarı Aran nəslindən Azon olmuşdur. O, eradan qabaq IV əsrin sonlarında makedoniyalıların vassalı kimi İberiyanı idarə etmişdir. Sasanilərin zamanın-

da İberiya Aran hakimi tərəfindən idarə olunurdu. İberiya çarı Vaxtanq Qorq Aslan (446-499) Aran hakiminin bacısı oğlu idi O Qorq Aslan ki, onu Mari Brosse və İ. O. Senkovski hansısa türk tayfasının başçısı adlandırırlar” (Cəfərsoy İ., 2014).

İlhami Cəfərsoy kitabının başqa yerində isə bunları yazır:

““Kartlis tsxovreba”da göstərilir ki, Aran Kartvellərin çarı idi. Aranın oğlu Azon Makedoniyalı İskəndərin vassalı kimi Metexdə çar oldu və İberiyanı 24 il idarə etdi. Azonın ölümündən sonra hakimiyyətə gələn Parnauz (Farnavaz) Aran nəslinin Metexdəki bütlərini sındırmadı. Öz bütlərinin yanında Aran nəslinin bütlərini saxladı” (Cəfərsoy İ., 2014).

Bəxtiyar Tuncay,

Şahlar Hacıyev.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …