Şənbə , Oktyabr 16 2021
azfa

Azərbaycanın və Türk dünyasının tarixində şərəfli imza: Nuru Paşa

GADTB: 100 illiyi böyük təntənə ilə qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin qısa tarixinin dəyərli səhifələrindən birini Qafqaz İslam Ordusu hərəkatı təşkil edir.

Məlumdur ki, Cümhuriyyət hökumətinin dəvəti əsasında Azərbaycana gəlmiş Osmanlı Türkiyəsinın hərbi qüvvələri ilə milli hərbi qüvvələr və milli könüllü dəstələrin bazasında yardılmış bu Ordunun müzəffər yürüşü nəticəsində Qaraməryəmə qədər irəliləmiş bolşevik-daşnak qüvvələrini pərən-pərən salınmış və 1918-ci il sentyabr ayının 15-də Bakı şəhəri yad qüvvələrdən təmizləyərək xalqın ixtiyarına verilmişdi.

Qafqaz İslam Ordusu Osmanlı Türkiyəsi və Azərbaycan hökumətinin, qardaş köməyinə gəlmiş Osmanlı hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələrinin və bütün Azərbaycan xalqının mübariz iradəsinin tarixi nəticəsi kimi həyata vəsiqə alsa da, heç şübhəsiz ki, bu Ordunun təşkilatlanmasında və ona həvalə olunan vəzifələrin uğurla yerinə yetirilməsində onun komandanı Nuru paşanın rolu danılmazdır. Məhz bunun üçündür ki, Nuru paşa hər zaman Azərbaycanda böyük ehtiramla xatırlanır və onun şəxsiyyətinə yüksək dəyər verilir.

Azərbaycan milli azadlıq hərəkatının fəalları və liderləri də Nuru paşanın şəxsiyyətini və fəaliyyətini yüksək qiymətləndirirdilər. Bunu onların əsərlərində və dövrü mətbuatda çap olunmuş yazılarda da görmək mümkündür. Əslində, Nuru paşa haqqında söylənilənlər və yazılanlar bu insana ümumxalq ehtiramının bir təcəssümü idi. Çox mürəkkəb tarixi şəraitdə Türkiyənin Azərbaycana etdiyi hərbi yardım Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun timsalında həyata keçirdi. Buna görə də Nuru paşanın şəxsində bir tərəfdən göstərilən yardımlara görə Azərbaycan xalqının bütün Türkiyəyə olan minnətdarlıq duyğuları cəmləşmişdisə, digər tərəfdən də bu insana bəslənilən şəxsi hörmət və ehtiram duyğuları cəmləşmişdi. Yəni, Türkiyənin yardımı deyəndə sadə xalq kütlələri tərəfindən ilk növbədə Nuru paşanın fəaliyyəti göz önünə gəlirdi. Ona görə Nuru paşaya bəslədiyi hörmət və ehtiramla xalq eyni zamanda türk xalqına öz minnətdarlığını və xoş duyğularını ifadə edirdi. Bu insan xalqın nəzərində bir xilaskar kimi canlanırdı və aradan 100 illik bir fasilə keçməsinə baxmayaraq elə indi də Nuru paşa böyük ehtiram və xoş duyğularla xatırlanmaqdadır.

Nuru paşanın şəxsinə olan ehtiramı zərrəcə kiçiltmədən onu da qeyd etmək lazımdır ki, onun bir tarixi şəxsiyyətə çevrilməsində Azərbaycan xalqının və Azərbaycan hərbçilərinin da rolunu nəzərə almamaq mümkün deyildir. Başqa sözlə, Azərbaycan xalqı müstəqillik ərəfəsində və illərində rastlaşdığı faciəvi sonluqlardan, sözsüz ki, Nuru paşanın rəhbərliyi altında olan türk hərbi qüvvələrinin yardımı olmadan nicat tapmaq mümkün deyildi. Lakin onu da unutmaq olmaz ki, Nuru paşanın rəhbərliyi altında olan hərbi qüvvələr Azərbaycan xalqından təcrid olunmuş halda, Azərbaycanın milli hərbi qüvvələri ilə əməkdaşlıq etmədən üzərinə götürdüyü tarixi vəzifələri də layiqincə yerinə yetirə bilməzdi. Bu mənada Qafqaz İslam Ordusu hərəkatı Azərbaycan və Türkiyənin hərbi qardaşlığının heç zaman unudulmayacaq ortaq bir səhifəsidir və bu səhifənin yazılmasında Nuru paşanın bir komandan kimi müstəsna rolu vardır.

Aparılan araşdırmalar onu göstərir ki, Nuru paşanın ulu əcdadı Krım türklərindən idi. Onun ata-babaları Krımdan Türkiyə ərazisinə gələrək burada kök salmış və öz həyatlarını qurmuşdular. Aparılan araşdırmalardan o da məlumdur ki, Nuru paşanın atası Hacı Əhməd (sonralar ona “paşa” titulu da verilmişdi) çoxuşaqlı bir ailədən idi. Ailə qayğılarına baxmayaraq, Hacı Əhməd övladlarının təhsilinə ciddi diqqət yetirmiş və onlarda hərbi təhsilə maraq yarada bilmişdi. Qeyd etmək lazımdır ki, Hacı Əhmədin qardaşı Xəlil də hərbi təhsil almış və sonralar general (paşa) rütbəsinə qədər yüksələrək həm Nuru paşanın, həm də onun böyük qardaşı Ənvər paşanın yaxın silahdaşlarından biri olmuşdu. Nuru paşanın özü də çoxuşaqlı bir ailədən idi. O, ailənin ikinci övladı idi. Ondan sonra ailədə daha dörd uşaq var idi.

Nuru paşa 1889-cu ildə İstanbulda anadan olmuşdu. Sonralar, yəni Türkiyə Cümhuriyyəti illərində soyadların tətbiqinə başlananda Nuru paşa və onun yaxın qohumları özlərinə Killigil və ya Killioğlu soyadını qəbul etdilər. Bu ad Nuru paşanın əcdadlarının mənsub olduğu Killi adlı məntəqənin adı ilə bağlı idi.

Nuru paşa ilkin təhsilini başa vurduqdan sonra əmisi Xəlil paşanın və qardaşı Ənvər paşanın yolunu davam etdirdi və 1906-cı ildə Quru qoşunları məktəbinə daxil oldu. 1909-cu ildə bu məktəbi başa vuran Nuru paşa Osmanlı ordusu sıralarında zabit kimi xidmətə başladı. Mövcud olan məlumata görə, Nuru paşa 1911-ci ildə Hərbi Akademiyada da təhsilini başa çatdırdı. Bundan sonra o, bir sıra hərbi vəzifələrdə xidmət etdi. 1913-cü ildə yüzbaşı, 1916-cı ildə minbaşı və 1918-ci ildə, Azərbaycana gəlməsi ərəfəsində yarbay rütbəsi aldı. Nuru paşa bu rütbədə də həyatını başa vurdu.

Nuru paşa real olaraq “paşa” (general) rütbəsinə malik olmamışdı. Qafqaz İslam Ordusu komandanı təyin ediləndə o, yarbay rütbəsində idi. Lakin ölkə xaricində çox böyük sayda hərbi qüvvələrə və daha yüksək rütbəli zabitlərə komandanlıq etməli olduğu üçün ona Osmanlı sultanının qərarı ilə Azərbaycanda olduğu müddətdə (Qafqaz İslam Ordusunun komandanı olması ilə əlaqədar) fəxri olaraq “feriq” (general-leytenant) rütbəsi verildi. Azərbaycanda olduğu zaman Nuru paşa bu rütbəni daşımalı və bu rütbənin səlahiyyətlərinə malik olmalı idi. Azərbaycanda xidməti vəzifə icra edən digər türk zabitlərinə də müvəqqəti olaraq bir üst rütbə daşımaq səlahiyyəti verilmişdi. Nuru paşa Türkiyəyə geri döndükdən sonra feriq rütbəsini təhvil verdi və bir müddətdən sonra yarbay rütbəsində təqaüdə çıxdı. Lakin Azərbaycanda göstərdiyi çox dəyərli xidmətlərinə görə Nuru paşaya həm Azərbaycanda, həm də Türkiyədə “paşa” deyə müraciət etmişdilər. Elə bu gün də Nuru paşa həm Azərbaycanda, həm də Türkiyədə paşa kimi xatırlanır və elə bu ad altında da ortaq tariximizin səhifələrində əbədilik həkk olunmuşdur.

Nuru paşa kifayət qədər cəsarətli bir döyüşçü idi və məsuliyyətli vəzifələrin icrasını öz üzərinə götürməkdən heç zaman çəkinməzdi. Birinci Dünya müharibəsi ərəfəsində Nuru paşanın qardaşı Ənvər paşa Türkiyənin hərbi naziri idi. Özü isə sultan qvardiyasında xidmət edirdi. Yəni, qayğısız xidmət etmək üçün əlində böyük imkanlar var idi. Amma hələ Birinci Dünya müharibəsi ərəfəsində Afrikanın şimalında Osmanlı nəzarəti altında olan ərazilərin itirilməsi təhlükəsi yarananda Nuru paşa Osmanlı sultanından xahiş etdi ki, onun Şimali Afrikaya yollanmasına və orada Osmanlı maraqlarının silah gücünə qorunmasında iştirak etməsinə icazə versin. Bunun nəticəsi idi ki, Nuru paşa 1911-12-ci illərdə və bir də Birinci Dünya müharibəsi illərində Trablusqərb cəbhəsində ağır döyüşlərə qatıldı və elə bu döyüşlərdə də Qafqaz İslam Ordusuna uğurlu komandanlıq üçün dəyərli hərbi təcrübəni əldə etdi. O, Liviya ərazisində cəbhə komandanı idi və burada Türkiyəyə və onun müttəfiqlərinə qarşı cəbhə tutan qüvvələrlə aparılan döyüşlərə rəhbərlik edirdi. Bu cəbhədə göstərdiyi igidliklərə görə, Nuru paşa minbaşı rütbəsinə, 1916-cı ildə “Altun ləyaqət” medalına, habelə Almaniyanın “Dəmir xaç” medalına, 1917-ci ildə isə “Altun imtiyaz” medalına, habelə Avstriya-Macarıstan dövlətinin üçüncü dərəcəli fərqlənmə nişanına layiq görüldü. Nuru paşa Trablusqərb cəbhəsində İtaliya qoşunlarına qarşı döyüşlərdə xüsusi qətiyyət və şücaət göstərdi. Ona görə də Trablusqərb cəbhəsində göstərdiyi şücaətə görə, Nuru paşa həm də tarixi ədəbiyyatda Trablusqərb qəhrəmanı kimi anılmaqdadır.

Yəni, hələ gənc olmasına baxmayaraq! Nuru paşa Birinci Dünya müharibəsi cəbhələrində kifayət qədər ciddi döyüş təcrübəsi qazanmışdı və bu təcrübə də Qafqaz İslam Ordusunun komandanı kimi məsuliyyətli bir vəzifənin icrasında onun üçün çox gərəkli oldu. Nuru paşanın Trablusqərb cəbhəsində göstərdiyi şücaətlərdən Azərbaycanın milli mücadiləsinin üzvlərinin də müəyyən məlumatı var idi və onun Qafqaz İslam Ordusuna komandan təyin edilməsi də Azərbaycan milli mücadiləsinin liderləri tərəfindən hərbi yardım alınması xahişi ilə İstanbula ezam olunmuş nümayəndə heyətinin rəhbəri Nağı bəy Şeyxzamanlı tərəfindən irəli sürülmüşdü. 1918-ci ilin yanvar ayında Gəncədən Türkiyəyə doğru hərəkətə başlayan Nağı bəy Şeyxzamanlı və onun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbula yetişən kimi Osmanlı sultanı, Osmanlı hökumətinin rəhbəri Tələt paşa və hərbi nazir Ənvər paşa ilə görüşdü. Bu rəsmilər qarşısında çox ciddi təhlükə qarşısında olan Azərbaycan xalqına hərbi yardım edilməsi barəsində məsələ qaldırıldı. Osmanlı hökuməti bu xahişə müsbət cavab verdi. Əslində, Cənbu Qafqazda cərəyan edən qanlı hadisələr Osmanlı rəhbərliyi tərəfindən də çox narahatçılıqla izlənilirdi və Azərbaycan xalqına hərbi kömək göstərilməsi üçün Ənvər paşa konkret planlar üzərində düşünməyə başlamışdı. Onun düçüncəsinə əsasən, nəzərdə tutulmuşdu ki, Azərbaycana ilkin olaraq Osmanlı zabitləri göndərilsin və onların rəhbərliyi altında Azərbaycanın milli hərbi qüvvələri təşkilatlandırılsın. Osmanlı zabitlərinin köməyi və iştirakı ilə təşkilatlandırılacaq orduya Qafqaz İslam Ordusu adı verilməsi qərarlaşdırılmışdı. Ənvər paşa tərəfindən bu Orduya komandanlıq edəcək şəxslərin namizədliyi də müəyyənləşdirilmişdi. Onların arasında Nuru paşanın adı yox idi. Belə olanda Nağı Şeyxzamanlı dərhal Ənvər paşa qarşısında Qafqaz İslam Ordusunun komandanı vəzifəsinə qardaşı Nuru paşanın namizədliyinin baxılmasının mümkünlüyü barəsində xahiş qaldırdı. Ənvər paşa da bu xahişə müsbət cavab verdi və Nuru paşanı Qafqaz İslam Ordusu komandanı təyin etdi. Bundan sonra Nuru paşa ilə Azərbaycana yollanmalı olacaq heyətin toplanmasına başlandı və bu heyət 1918-ci il mart ayının ikinci yarısında İstanbuldan Azərbaycana doğru hərəkətə başladı.

Nuru paşanın hansı hisslərlə Azərbaycana yola düşdüyünü söyləmək çətindir. O, öz xatirələrində bu barədə heç nə yazmamışdır. Ancaq Nağı bəy Şeyxzamanlının  qeydlərindən görmək çətin deyil ki, Azərbaycan səfərini həm Nuru paşa, həm də Ənvər paşa həyəcanla yaşayırdılar. Nuru paşa üçün yeni bir həyat başlayırdı. Bu, elə bir həyat idi ki, Nuru paşa orada bütün gənclik çılğınlıqlarını kənara qoymalı, yaşına uyğun gəlməyən insani müdrikliyi ilə siyasi, diplomatik və hərbi müdrikliyi birləşdirməli, həm Türkiyə rəhbərliyinin, həm də Azərbaycan xalqının ümidlərini doğrultmalı idi.

Nuru paşa təxminən 20 nəfərlik bir heyətlə Mosul-Təbriz-Naxçıvan-Qarabağ-Yevlax marşrutu ilə hərəkət edib, 1918-ci il may ayının 24-də Yevlaxa çatdı. Onun Azərbaycan torpağında ilk izdihamlı qarşılanması da Yevlaxda oldu. N.Şeyxzamanlı öz xatirələrində bu barədə belə yazırdı: “Gəncədə xəbər aldım kit Nuru paşa Qarabağa gəlibdir, bir gün sonra da Gəncədə olacaqdır. Mən dərhal ertəsi gün Yevlax stansiyasına yola düşdüm. Yevlaxda bir saat gözlədik. Gəncədən gedən heyət Nuru paşanı Qarabağda qarşılamışdı. Çoxsaylı bir süvari dəstəsi aralandı, Nuru paşa Yevlax stansiyasına çatdı. Görüşərək Nuru paşa mənə dedi: “Hamıdan səni soruşurdum “. Xalqımız Nuru paşanı Gəncədə böyük təntənə ilə qarşıladı… ”

Nuru paşanın xatirələrində yazdıqlarından aydın olur ki, hələ Yevlaxda ikən Qafqaz İslam Ordusu komandanlığı qərargahının harada yaradılması məsələsi qalxıbmış. Bu qərargahın Nuxada yerləşdirilməsi təklifi də ortada varmış. Ancaq vəziyyət götür-qoy edildikdən sonra qərargahın Gəncədə yaradılması məqsədəuyğun bilindi.

Nuru paşa Gəncəyə çatandan bir neçə gün sonra Bakı Soveti tərəfindən təşkilatlandırılmış çox böyük sayda bolşevik və daşnak qoşunları Gəncəyə doğru hücuma başladılar. Onlar qısa bir zaman içində Gəncəni və bütün Azərbaycan ərazisini nəzarət altına götürərək Azərbaycanın milli qüvvələrini məhv etmək niyyətində idilər. Belə bir şəraitdə Azərbaycanda güclü ordunun təşkilatlandırılması üçün lazım olan kifayət qədər vaxt yox idi. Ona görə də Gəncəyə çatandan bir neçə gün sonra Nuru paşa Türkiyə rəhbərliyinə məktub göndərərək qarşıya qoyulan vəzifələrin həlli üçün Azərbaycana təcili hərbi qüvvələrin göndərilməsini xahiş etdi. 1918-ci il iyun ayının 4-də Batumda müstəqil Azərbaycan dövləti ilə Türkiyə dövləti arasında imzalanan müqavilə Azərbaycana hərbi qüvvələrin göndərilməsi üçün hüquqi baza yaratdı və dərhal bu imkandan istifadə edildi. Əvvəlcə 5-ci Qafqaz diviziyasına aid olan 9-cu Qafqaz alayı ilə 2-ci süvari alayı Azərbaycana doğru hərəkət etdilər. 1918-ci il iyun ayının 7-də 9-cu Qafqaz alayı Qazaxa çatdı. İyunun 9-da isə bu qüvvələrin Gəncədə qarşılanması oldu.

Türk qoşun hissələrinin qarşılanmasına Azərbaycanın dövlət və hökumət rəhbərləri, habelə Nuru paşa və onunla bərabər artıq Gəncədə olan türk zabitləri də çıxmışdılar. Türk hissələrinin Gəncəyə gəlməsi Nuru paşanın da böyük sevincinə səbəb olmuşdu. Çünki bu qüvvələrin yetişməsi ilə Nuru paşa onun qarşısına qoyulan vəzifələrin həyata keçirilməsi üçün daha real imkanlar əldə edirdi. Nuru paşanın türk qüvvələrini qarşılaması, onlara müraciəti, Nuru paşanı birinci dəfə görən türk zabitlərinin onun haqqında ilkin təəssüratları barədə 9-cu türk alayının 1-ci taborunun bölük komandiri Mucib Kamalyerinin xatirələrində maraqlı qeydlər vardır:

“Trenimiz Gəncə stansiyasına girdiyi zaman Nuru paşa məiyyət ərkanı ilə bizi qarşılayanların ən başında yer almışdı. Çox gənc, qara saqqallı və yakışıqlı bir insandı. Trendən endiyimiz yerdə, həmən oradaca kəndisinə qarşı toplu halda rəsmi vəziyyət alan subaylara bu qısa xitabda bulundu, Ənvər paşanın Azərbaycanda və Rusiyadakı bütün türk aləmində ümid və sevgilərlə anıldığını, onun belə yayılmış şöhrətindən istifadə edilməsi məqsədiylə kəndisinin ordu komandanlığına təyin edilmiş olduğunu söylədi. Fəqət ən ağır vəzifə məsuliyyətlərinin tarixi şərəfı ilə bərabər bizlərin omuzlarına yüklənmiş olduğunu bilməmiz lazım olduğunu da əlavə etdi .

Subaylar Osmanlı ordusunda yarbay olan bu yeni paşanı mübhəm düşüncələr içərisində dinləmisdilər. Amma bir kaç ay keçmədən onun ciddi bir əsgər, 30 yaşında fərağəti-nəfs sahibi bir insan, mütəvazi bir qəhrəman olduğu anlaşılmış, kəndisinə istisnasız könüldən bağlanılmışdı.

Bu sətirləri temmuz 1967-də yazarkən Nuru paşaya Azərbaycanda yavərlik etmiş olan sayın Qılınc Əli bəyə paşanın xüsusi, rəsmi həyatı haqqındakı fıkirlərini telefona sordum. Bir cümlə ilə ifadə etdilər:

– Böyük vətənpərvər, enerjili və mələk kimi bir insandı”.

5-ci Qafqaz diviziyasının əsas qüvvələri Azərbaycana çatmazdan əvvəl Bakıda hakimiyyəti ələ keçirmiş olan S.Şaumyanın rəhbərliyi altında olan bolşevik-daşnak qüvvələri artıq Şamaxı-Göyçay yolu boyunca Qaraməryəmə qədər irəliləmiş, dəmir yolu boyunca isə az qala Ucara çatmışdılar. Bolşevik-daşnak qüvvələr Gəncəni ələ keçirməklə Azərbaycanın müstəqilliyinə son qoymaq, Azərbaycan xalqını isə qılıncdan keçirmək niyyətində idilər. Yaranmış bu təhlükənin qarşısının alınması Nuru paşadan və onun silahdaşlarından qətiyyətli fəaliyyət göstərilməsini, çoxsaylı bolşevik-daşnak qoşunlarına qarşı düzgün döyüş təşkil edilməsini tələb edirdi. Ona görə də Gəncə ətrafında toplanmış olan erməni silahlı dəstələri zərərsizləşdirildikdən sonra mövcud olan qüvvələr Qaraməryəm ətrafına göndərildi. Ancaq 1918-ci il iyun ayının 17-də 10-cu türk piyada alayının komandiri Osman bəyin Nuru paşa ilə razılaşdırmadan Qaraməryəm ətrafında ciddi döyüşə girməsi, bu alayın və oradakı milli hərbi qüvvələrin ağır uğursuzluğa uğraması həm Qafqaz İslam Ordusunun vəziyyətini, həm də hərbi şəraiti həddindən artıq mürəkkəbləşdirdi.

Nuru paşa bu məlumatı alan kimi Əlahiddə Azərbaycan Koprusunun komandiri general-leytenant Əliağa Şıxlinski ilə birlikdə cəbhə bölgəsinə yola düşdü. Ümumiyyətlə, Nuru paşa uzun xidmət yolu keçmiş Əliağa Şıxlinskinin təcrübəsinə, onun hazırlıq səviyyəsinə böyük hörmətlə yanaşır və onun bilik və təcrübəsindən istifadə edilməsinə xüsusi dəyər verirdi. Bakıya doğru yürüş zamanı Nuru paşa üç dəfə ön cəbhəyə yollanmışdı və hər üç səfərində də o, Əliağa Şıxlinski ilə birlikdə olmuşdu. Qafqaz İslam Ordusunun ilkin strukturunda Nuru paşanın qərarı ilə hətta 5-ci türk diviziyası, Azərbaycanın milli diviziyaları kimi birbaşa Əliağa Şıxlinskiyə və onun vasitəsilə Qafqaz İslam Ordusunun komandanına tabe etdirilmişdi.

Nuru paşa ilə Əliağa Şıxlinski 1918-ci il iyun ayının 18-də qatarla Müsüslüyə gəldilər, əvvəlcə buradakı zabitlərlə görüşüb söhbət etdilər. Sonra isə onlar faytonla Göyçaya yollandılar, Qaraməryəm ətrafında baş vermiş döyüşün gedişi və nəticələri ilə yaxından tanış oldular. Nuru paşa eyni zamanda yerli əhalinin nümayəndələri ilə də görüşdü, onları qardaş köməyinə yetişmiş olan türk qoşunlarına daha yaxından kömək etməyə çağırdı. Nuru paşa hissini və həyəcanını onun görüşünə gələnlərlə bölüşdü, onlarla fıkir mübadiləsi apardı. Təcavüzü genişlənməkdə olan bolşevik-daşnak qoşunlarına qarşı yalnız ordu hissələrinin fəaliyyətinin kifayət etmədiyini bildirdi. O, öz söhbətində xüsusi olaraq vurğuladı ki, xalq kütlələri türk hərbçilərini tək qoymamalı, hər vasitə ilə onlara yardım etməlidir.

(Ardı var)

Mehman SÜLEYMANOV

Tarix elmləri doktoru, ehtiyatda olan polkovnik

Həmçinin yoxlayın

İran Ermənistanlıa birlikdə Qarabağdan Avropaya narkotik tranziti şəbəkəsi qurubmuş

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasında çıxışı …

Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan işıq festivalı keçirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin …

Bir cavab yazın