
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən iyulun 12-də Güney Azərbaycanın Təbriz, Binab, Qoşaçay və Marağa bölgələrindən olan azərbaycanlı milli-mədəni fəal rejimin Marağa zindanında həbs etdiyi Həkimə xanım Əhmədinin ailə üzvləri ilə görüşüb, onlara ürək-dirək veriblər.
Bundan sonra ailəsi ilə görüş keçirildiyi xəbərini alan Həkimə Əhmədi fəallar görüşdən qayıtdıqdan bir neçə dəqiqə sonra onlarla telefon əlaqəsi saxlayaraq öz təşəkkürünü bildirib. Yüksək əhval-ruhiyyədə olduğu deyilən Həkimə Əhmədi həbsini və vəziyyəti ictimaiyyətə çatdıran və bu istiqamətdə xəbər yayan hər kəsə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Həkimə Əhmədi 2018-ci il oktyabrın 18-də irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanılaraq Mərənd şəhərində rejimin ETTELAAT İdarəsinin təcridxanasına salınıb.
Azərbaycanlı fəal rejim tərəfindən ağır işgəncəyə məruz qalıb, qabırğa və barmaqları ağır xəsarət alıb. 2018-ci il oktyabrın 30-da xəstəxanaya aparılan fəal noyabrın 2-də yenidən təcridxanaya qaytarılıb.
Hazırda fəal rejimin Marağada yerləşən zindanına köçürülüb və 9 aydır qeyri-müəyyən şəraitdə saxlanılır.
İki uşaq anası olan fəalın sosiologiya üzrə magistr diplomu var və bundan əvvəl də mədəni fəaliyyətlərinə görə rejim tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb.