GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 21 Azər hərəkatının ildönümü ilə bağlı dekabrın 11-dən İranda qeyri-fars millətlərin hüquqlarının pozulmasına etiraz əlaməti olaraq 3 günlük aclıq aksiyasına başlayan azərbaycanlı siyasi məhbus Əlirza Fərşi bu gün aksiyasını dayandırdı.
Azərbaycanlı siyasi məhbus aclıq aksiyasına başlayarkən yaydığı bəyanatda bildirmişdi ki, 21 Azər hərəkatının ildönümündə İranda qeyri-fars millətlərin hüquqlarının pozulmasına, Urmiya gölünün qurudulmasına, Azərbaycan mədənlərinin talanmasına və azərbaycanlıların ağır sosial durumunun həll olunmamasına etiraz olaraq aclıq aksiyasına başlayır.
Aclıq aksiyası ilə bağlı yaydığı bəyanatda Əlirza Fərşi yazıb: “İranda Azərbaycan, qaşqay, türkmən, Xorasan və xələc türklərinin, eyni zamanda ərəb, bəluç, kürd, lor, gilək və başqa etnik, dil və milli azlıqların hüquqlarının tapdalanmasına, onların öz müqəddəratını təyinetmə, ana dilində təhsil, iqtisadi-sosial və başqa hüquqlarından məhrum edilməsinə etiraz olaraq üç günlük aclıq aksiyasına başlayıram”.
Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.
Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.O, 2020-ci ilin iyul ayının 21-dən bu günə kimi Tehranın “Fəşafuyə” zindanında iki illik həbs cəzasını çəkməkdədir.