Bazar , Noyabr 17 2024
azfa

Azərbaycan folklorunda Novruz adətləri: İlaxır çərşənbə-Torpaq çərşənbəsi

GADTB: Torpaq çərşənbəsi-ilaxır çərşənbələrdən sonuncusu… Torpaq çərşənbəsi Novruzun müjdəçisi olduğu üçün bizə daha əzizdir. Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır Çərşənbə” və ya “Torpaq çərşənbəsi” adlanır. İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar. Sonuncu, həm də “ilaxır çərşənbə”də bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.

Axır çərşənbədə  hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanarkən bu sözlər deyilir: “Sarılığım sənə, qırmızılığın mənə”, ya da “Ağırlığım odda yansın”. Tonqal heç vaxt su ilə söndürülməməlidir. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

Bu çərşənbədə bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və ya sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan. İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır.

Torpaq ən sonuncu çərşənbəmizdir.Bu son çərşənbəmiz uşaqlar üçün daha maraqlı və əyləncəli keçir. Torpaq təbiətin insanlara bəxş etdiyi ən qiymətli nemətlərindəndir. Bu çərşənbənin “torpaq – çillə – beçə çərşənbəsi ” də adlandırırlar. Bundan başqa bu çərşənbə xalq arasında “ilaxır çərşənbə”, “torpaq çərşənbəsi”, “çərşənbə – suri” adları ilə də tanınır. Sonuncu çərşənbədə nəhayət torpaq oyanır. Bununla da torpaq artıq əkinə hazır vəziyyətdə olur. İlin axır çərşənbəsi ilin ən əziz günlərindəndir. Axır çəşənbənin axşam şənlikləri daha gur keçirilir. Üzərlik yandırlır, tonqallar yandırılır, bacalardan torblalar sallanır, qulaq falına çıxılır, papaq atılır, yumurta döyüşdürülür.

Axır çərşənbə gününün başlıca özəlliyi ondan ibarətdir ki, qəbir üstünə gedilər,ölülərin ruhuna quran oxunar, dua edilər.

Azərbaycan türklərində bir adət də budur ki, həmin çərşənbə axşamında od üstündən yeddi dəfə o yan – bu yana atılar, bununla da adamlar köhnə ilin azar – bezarını, dərt – bəlalarını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, gələcək azar – bezardan qorunacaqlarına inanırlar.

İnanclar:

Axır çərşənbə günü axşam çağları qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” və.s olarsa hər şeyin yaxşı olacağı guman edilir. Əksinə, “söndür”, “viran qalsın” və.s kimi sözlər eşidiləndə pis tərəfə yozulur.

Axır çərşənbə gecəsində bir tərəfinə qırmızı o biri tərəfinə qara qələm qoyulumuş yumurtanın axar suyun qırağında gizlədərlər. Niyyətin baş tutacaqsa yumurtanın üstünə qırımızı, baş tutmayacaqsa qara xət çəkilər – deyərlər.

Axır çərşənbə gecəsində kasaya bir az su töküb içərisinə bir ucuna pambıq dolanmış iki iynə salırlar əgər iynələr yaxınlaşarsa, ürəyində niyət tutan adam tezliklə öz sevgilisinə qovuşacaqdır deyərələr.

Axır çərşənbə gecəsində almanın qabıqlarını qırmamaq şərtilə bütöv soyub yeyirsən. Güzgünü həmin qabıqlarla biryerdə başının altına qoyub yatsan qismətinə çıxacaq adamı görərsən – deyərlər

Axır çərşənbə gecəsində iki dolça götürüb xəlvətsə birini marşırlayırsan dolçaların ikisində bir uşağa verib suya göndərisən. Ürəyində tutduğun marşıladığın qab dolu gələrsə niyyətinə çatarsan – deyərlər

Axır çərşənbə gecəsində qızlar arxası qapıya sarı durub, ayaqqabı tayı atarlar. Ayaqqabının burnu qapıya tərəf düşərsə, onu atan qız tezliklə ərə gedər – deyərlər

Axır çərşənə gecəsi hamıdan xəlvət bişirdiyin duzlu kökəni yeyib yatırsan. Həmin gecə yuxuda susayanda, qismətin olacaq oğlan sənə su verər – deyərlər

Çərşənbə falları:

Axşam qulaq falları qurulur.

Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki, axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

Axır çərşənbə axşamı duzlu kökə yeyib yatır, su içmirlər. Gecə yuxuda içməyə kimsə su verirsə, o, yuxu görənin qismətidir.

Cavan qızlar bir yerə yığışıb bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayılır. Yekun rəqəm qızın həmin yaşda gəlin gedəcəyi anlamına gəlir.

Axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatırlar. Gecə yarısı yuxudan durur və şam yandırırlar. İnama görə, şamı götürüb güzgüyə yaxınlaşan zaman insan gələcək qismətini görür. Niyyət tutan bu zaman qorxsa niyyətin baş tutmur.

Axır çərşənbədə niyyət tutub gözləyirlər. Kim qapını açıb içəri girsə, onun birinci sözünü niyyətə görə yozurlar.

Axır çərşənbə axşamı bulaqdan, yaxud çaydan axar sudan “lal su” gətirilir. Buna ona görə “lal su” deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənəcən dinməməlidir.Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur və hərəsini bir tərəfdən üsulluca suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər.Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşmurlar. Iynə suyun dibinə çökürsə – elə ilk dəfə qoyulanda, deməli, su “lal su” deyil. Su gətirən adam üstündə danışıb.

Qız sakit, heç kimlə danışmadan ləyənə su tökür. Əlinə bir böyük güzgü alır. Həmin güzgüdə aya baxır. Sevdiyi oğlanın şəklini qız görərsə bu onun xeyrinədir. Demək, təzə il onun üçün uğurlu olur, mətləbi həyata keçir. Bütün bu vaxt qız danışarsa, fal düz çıxmaz.

Axır çərsənbədə qaba 1 yumurta, 1 qırmızı, 1 qara karandaş qoyulur. Səhər baxdıqda yumurtanın uzərində qırmızı cızıqlar olsa xoşbəxtlik, qara cızıqlar olsa bədbəxtliklə qarşılaşmaq deməkdir.

Paltara sap ilişəndə onu burub şəhadət barmağına dolaya-dolaya əlifba sırası ilə hərfləri sadalayırlar. Hansı hərfi deyəndə sap dolanıb qurtarırsa, sevgilinin adı o hərflə başlayacaq.

Axır çərşənbədə və ya bayramda 1 qaba su tökülür və şam götürüb yandırılır. Şamı suya tərəf əyirsən və neçə yaşın varsa o qədər damcıladırsan suya. Alınacaq hərflə nişanlının adı başlamalıdı

Axır çərşənbədə alma yeyirlər, gecə isə həmin almanın toxumlarını sayırlar. On ədəd toxum dənəsini yastığın altına qoyub, yatırsan və yuxuda qismətini görürsən.

Axır çərşənbə axşamı qız ayağının sağ başmağını qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi üz üstə qapıya tərəf düşsə, həmin qiz bu il nişanlanacaq.

Axır çərşənbədə nişanlanmış qızın nişanlısı tərəfindən nə qədər istənilməsini yoxlamaq üçün sapa bir neçə defe düyün vurub qiza verirlər ki, açsın. Qız aça bilsə, deməli, oğlan onu çox istəyir. Əgər aça bilməsə, əksine.

Torpaq haqqında atalar sözləri:

Torpaq deyər:-Sən mənə tər ver, mən sənə zər verim

Torpaq deyər: “Öldür məni, dirildim səni!”

İlaxır çərşənbə qarğışı daşı dələr, alqışı daşı göyərdər.Deyirlər ki, qarğışın iki başı olar.Ona görə də çalışaq qarğış eləməkdən də, qarğış almaqdan da uzaq olaq.Alqışlarımız isə daşı göyərtməsə də arzularımızın təməl daşı olsun.

İlaxır çərçənbəniz mübarək.

Həmçinin yoxlayın

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) qurulmasının 41-ci ildönümü ilə bağlı “Solotürk”dən nümunəvi uçuş

GADTB: Türkiyə Hərbi Hava Qüvvələrinin “Solotürk” aerobatika komandası Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) qurulmasının 41-ci …

Kosmik agentlik rəhbərlərinin Bakı bəyannaməsi qəbul edilib

GADTB: COP29 çərçivəsində keçirilən Kosmik Agentliklərin Liderlərinin Sammitində Bakı bəyannaməsi qəbul edilib. Bunu jurnalistlərə açıqlamasında …

Bir cavab yazın