GADTB: Azərbaycanda 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı daşnak-bolşevik qüvvələri tərəfindən həyata keçirilən soyqırımlar son illərdə kifayət qədər araşdırılsa da, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) parlamentində soyqırım cinayətləri ilə bağlı müzakirə olunan məsələlər üzə çıxarılmamış və belə demək mümkünsə, diqqətdən kənarda qalmışdır. Qeyd etmək lazımdır ki, hələ Gəncədə ikən milli hökumət bu sahədə bir sıra mühüm addımlar atmışdı. 1918-ci il iyul ayının 15-də hökumətin qərarı ilə Azərbaycanda bolşevizm adı altında törədilmiş cinayətləri təhqiq edən Fövqəladə İstintaq Komissiyası yaradılmışdı. Komissiya Birinci Dünya müharibəsi dövründə bütün Cənubi Qafqaz ərazisində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırım vəhşiliklərini və onların əmlakının talan olunması məsələlərini araşdırıb, cinayətkarları məhkəmə məsuliyyətinə cəlb etməli idi. Hökumətin bu qərarı ilə əslində azərbaycanlılara qarşı soyqırım cinayətlərinə ilk dəfə hüquqi qiymət verildi.
1918-ci ilin dekabrında çox çətin sınaqlardan keçərək fəaliyyətə başlayan AXC-nin parlamenti də hökumətin atdığı bu addımlara biganə yanaşmadı və fəaliyyət göstərdiyi, 145 iclasının keçirildiyi 1918-1920-ci illərdə digər məsələlərlə yanaşı, Zəngəzur, Qarabağ və Naxçıvanda ermənilərin türk-müsəlman əhalisinə qarşı həyata keçirdikləri soyqırımları, vəhşilikləri müzakirəyə çıxardı, cinayətkarların cəzalandırılması ilə bağlı qərarlar qəbul etdi.
1.Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin fəaliyyətə başlaması. Parlamentdə ermənilər tərəfindən 1918-1920-ci illərdə Azərbaycanın Zəngəzur, Qarabağ və Naxçıvan bölgəsində həyata keçirdikləri soyqırım cinayətləri ilə bağlı müzakirələr
Aparılan araşdırmalar göstərir ki, 1918-ci ilin dekabrında fəaliyyətə başlayan AXC-nin parlamenti özünün bir sıra iclaslarını ermənilərin Zəngəzur, Qarabağ və Naxçıvanda həyata keçirdikləri soyqırım cinayətlərinə həsr etmişdir. Bu baxımdan parlamentin 20 dekabr 1918-ci il tarixli dördüncü fövqəladə iclası diqqəti cəlb edir. İclası açıq elan edən Həsən bəy Ağayev Qarabağ və Zəngəzurda cərəyan edən hadisələri ürək ağrısı ilə belə şərh edirdi: “…Bu gün parlamentin fövqəladə iclasının çağırılmasına səbəb iki fövqəladə hadisədir. Bu iki məsələ bir-birinə o qədər mərbut, sıxı surətdə əlaqəlidir ki, bunları bir-birindən ayırmaq mümkün deyildir. Biz müsəlmanların firqələri Tiflisdə Seymdə ikən demişdik ki, həmsayələrimiz ilə sülh və müsalimətlə yaşamaq istəriz. Bu quru söz olmayıbsa, felən işlərimiz ilə də isbat etmişik. Qonşumuz olan ermənilərin bəzi məsuliyyətsiz dəstələri vəhşiliklərini yürüdərək Gəncənin üç qəzasında, Ağdam, Şuşa, Cəbrayıl və Zəngəzur mahallarında təcavüz edirlər” [13, v. 38-48]. Həsən bəy Ağayevdən sonra söz alan Əhməd Cövdət Pepinov yerli əhalinin silahlı ermənilərin qarşısında əliyalın olduğunu qeyd edirdi: “Bu axır vaxtlarda varid olan xəbərlərə görə Andranik tabeliyindəki qoşun ilə Azərbaycan Cümhuriyyətinin hüdudunu keçib, Zəngəzur, Şuşa və Cəbrayıl qəzalarında bir çox kəndləri xarabalığa çevirib, köməksiz xalqı bəzən qırıb, bəzən isə səhralara salırlar…” [10, v. 39].
Göründüyü kimi, hələ 1918-ci ilin martından Bakıda və Azərbaycanın digər qəzalarında türk-müsəlman əhalisinə qarşı daşnak-bolşevik qüvvələri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən soyqırımlar 1918-ci ilin sonlarında daha da kəskin şəkil alır. Bu məsələ parlamentin iclaslarında müzakirəyə çıxarılaraq hökumətdən təcili və təxirəsalınmaz tədbirlərin görülməsi tələb olunurdu. Parlamentdə çıxış edən Fətəli xan Xoyski isə bununla bağlı dəfələrlə erməni tərəfinə xəbərdarlıq edildiyini qeyd edirdi: “Zəngəzur əhvalatı təzə bir şey deyil. Bu, çoxdan başlamış bir işdir. Burada oturan məbuslara məlumdur ki, vaxtilə bir para ermənilər tərəfindən Qarabağ haqqında bir məsələ qaldırılmış idi. O vaxt Azərbaycan hökuməti hələ Gəncədə ikən erməni hökumətinə müraciət etmişdi ki, Andranik sizin tərəfinizdən iş görür, yoxsa bu hərəkətlər onun öz təşəbbüsüdürmü və onun qoşunları erməni hökumətinə tabedirmi, yoxsa onun hərəkətləri, şəxsi təşəbbüsləri və adi üsyan kimidirmi? Erməni hökuməti cavab verdi ki, Andranikin erməni hökuməti ilə heç bir əlaqəsi yoxdur, özü də bir asidir. Erməni hökuməti özü də onun rədd edilməsini və üsyanın yatırılmasını istəyir” [12, v. 40-41]. Beləliklə, parlamentin dördüncü fövqəladə iclasında Fətəli xan Xoyskinin çıxışından da aydın olur ki, Zəngəzur və Qarabağ qəzası erməni separatçılarının vəhşiliklərindən ciddi əziyyət çəkirdi. Azərbaycan tərəfi daim Ermənistanla sülh yaradılmasına, münaqişəli məsələlərin sülh və danışıqlar yolu ilə həll olunmasına tərəfdar olduğunu nümayiş etdirsə də, Ermənistan tərəfi nəinki bu təklifləri dəstəkləmir, əksinə hər vəchlə Azərbaycan topaqlarında etnik təmizləmə siyasəti apararaq, bu torpaqları Ararat Respublikasına birləşdirmək istəyirdi. Bu məqsədlə erməni hökuməti hətta cinayətkar Andronikin “xidmətlərindən” istifadə etməkdən çəkinmirdi. Yeni yaranmış AXC hökumətinin başının Bakının azad edilməsinə və mərkəzi dövlət orqanlarının yaradılması məsələsinə qarışmasından istifadə edən Andronik Naxçıvana hücum edərək Culfada onlarla müsəlman kəndini dağıtmışdı. Azərbaycanın yerli idarəetmə orqanlarının sərəncamında kifayət qədər qüvvənin olmaması Andronikə qarşı mübarizə aparılmasını çətinləşdirirdi. Andronikin yerli türk-müsəlman əhalisini məhv edə-edə Qarabağ hüdudlarını keçməsi erməniləri ruhlandırdı, onlar Azərbaycan hökumətinin 3 dəfə xəbərdarlığına baxmayaraq qurultay keçirərək Qarabağın Ararat Respublikasına birləşdiyini elan etdilər. Azərbaycan hökuməti Andranikin törətdiyi qətl-qarət haqqında Ermənistan hökumətinə nota göndərərək bu hərəkətlərin qarşısının alınmasını tələb etsə də, Ermənistan hökuməti Andranikin hərəkətlərinin ona dəxli olmadığını bildirdi [20, s.112]. Parlamentin Qarabağ məsələsinə həsr olunmuş 20 dekabr 1918-ci il tarixli fövqəladə iclasında çıxış edən sosialist Ə.C.Pepinov məsələni daha kəskin şəkildə qoyaraq göstərdi ki, Andranik hərəkatının gizli səbəbi Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirməkdir. Natiq düzgün olaraq göstərdi ki, bu ideya ermənilərin aparıcı partiyası olan “Daşnaksütyun”un başlıca məramıdır və daşnaklar hələ Petroqradda Zəngəzurun Ermənistana birləşdirilməsi ilə bağlı layihə təqdim etmişdilər. Hələ bu zaman məsələnin ümumi xarakter daşıdığını bildirən müəllif indi məsələnin mahiyyəti və səviyyəsinin dəyişdiyini qeyd edirdi: “İndi isə bu hökumət məsələsi olmuşdur. Hərçəndi ki, Ermənistan hökuməti rəsmən bizə “Qarabağda işimiz yoxdur, Qarabağı istəmirik və Andranik ilə əlaqəmiz yoxdur deyir, lakin işlərin mahiyyəti bundadır” [10, v. 39]. Doğrudan da, Qarabağ və Zəngəzurun ilhaq edilməsi daşnakların başlıca məramı idi, daşnak hökuməti gələcəkdə bu torpaqları ilhaq etmək üçün vacib şərt olan etnik təmizləmə siyasətini isə “asi”, “üsyankar” kimi qələmə verdiyi Andranikin simasında həyata keçirirdi.
Qeyd edək ki, parlamentin 20 dekabr 1918-ci il tarixli fövqəladə iclasında çıxış edən Rus-Slavyan Cəmiyyətinin nümayəndəsi Vinoqradov da tərəfləri sülhə dəvət edir, axıdılan günahsız qanların səbəbkarlarının cəzalandırılmasını tələb edirdi [1, s. 170].
Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, 1918-1919-cu illərdə Zəngəzur qəzasında 115 müsəlman kəndi ermənilər tərəfindən dağıdılaraq yer üzündən silinmişdi. 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq şikəst edilmişdi. Nəticədə, təkcə Zəngəzur qəzasında Komissiyanın məruzəsi hazırlanana qədər 10068 nəfər azərbaycanlı öldürülmüş və ya şikəst edilmişdi. Məruzədə qeyd olunurdu ki, bu dəhşətli rəqəmlər hələ erməni vəhşilikləri haqqında tam məlumat vermir. Belə ki, daha çox müsəlman erməni vəhşiliklərinin qurbanı olmuşdur. Ancaq o zamankı dəhşətli qarışıqlıq şəraitində onları tam şəkildə müəyyənləşdirmək mümkün olmamışdır [14, s. 128].
Ermənilərin İrəvan quberniyasının müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər AXC parlamentinin 8 yanvar 1919-cu il il tarixli 7-ci iclasında da əsas müzakirə mövzularından biri olmuşdur. Bu baxımdan İrəvan quberniyası müsəlmanları tərəfindən parlamentə ünvanlanmış məktub diqqəti cəlb edir. Məktubda deyilirdi: “1917-ci ilin dekabrından 1918-ci ilin iyununa qədər İrəvan quberniyası dairəsində erməni qoşunları tərəfindən 200-dən çox müsəlman kəndi atəşə tutulub və tar-mar edilib, bunların əhalisi isə qismən qətl edilmiş, qismən də dağlara qaçıb buralarda soyuq və aclıqdan tələf olmuşlar… Silahlı erməni qoşunları Sürməli qəzasını tamamilə, İrəvan, Şərur və İçmiyədzin qəzalarının müsəlmanlar ilə məskun mahalını işğal edib Naxçıvan tərəfə yürüş etməkdədirlər. Yerli müsəlmanları öz doğma yurdlarından çıxararaq İrana sürgün edirlər…” [2]. İrəvan müsəlmanlarının müraciətindən o da məlum olur ki, quberniyanın tarixi Azərbaycan torpaqları olmasına baxmayaraq, ermənilər müsəlmanları buradan zorla qovmaqla bu mahalları müsəlmanlardan təmizləyib onların yerinə erməni mühacirlərini yerləşdirmək niyyətindədirlər və hökumətdən xahiş olunurdu ki, məsələnin ciddiliyini nəzərə alaraq onu sülh konfransında müzakirəyə çıxarsınlar [2]. İrəvan müsəlmanlarının hökumətə ünvanladığı müraciəti nəzərə alaraq parlamentin üzvü Sultan Məcid təkidlə tələb edirdi ki, quru etiraz müsəlman bacı və qardaşlarımızın dərdinə əlac etməz. Ermənilər bunu anlamırlarsa, İngiltərə, Fransa, Amerika nümayəndələrinə etirazımızı bildirib asayişin təmin olunmasına çalışmalıyıq [3, s. 156]. Məlumatlar onu deməyə əsas verir ki, bütün bunlar erməni hökumətinin Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldilmiş işğalçı siyasəti idi. Onu da qeyd edək ki, hadisələri yerində araşdırmaq üçün parlamentdə deputat komissiyası təşkil olnmuşdu. Hadisəni yerindəcə tədqiq etdikdən sonra parlament müzakirələrində doktor Q.Qarabəyli və Ş.Rüstəmbəyov baş verənlərə görə birbaşa günahın erməni milli şurası və ümumilikdə ermənilərdə olduğu qənaətinə gəlmişdilər, erməni deputatlar isə əksinə, vəziyyətin kəskinləşməsində Qarabağ və Zəngəzurun general-qubernatoru Xosrov bəy Sultanovu günahlandırmağa çalışırdılar [15].
Zəngəzur, Qarabağ, Naxçıvan və ümumilikdə İrəvan quberniyasında daşnak qüvvələrinin müsəlmanlara qarşı azğınlığı o dərəcədə dözülməz şəkil almışdı ki, parlamentin 14 aprel 1919-cu il tarixli 29-cu iclasında da xüsusi müzakirə mövzusu olmuşdu. Fasilədən sonra söz alan bitərəf deputat Cavanşir Qarabağda cərəyan edən erməni azğınlığını aşağıdakı şəkildə izah edirdi: “… İndiyədək Qarabağda müsəlmanlar Andranikin əlindən çox böyük cəfalar cəkirlər, çox qurbanlar vermişlər. Hətta 100-ə qədər kənd xarabaya dönmüşdür… Qarabağ əhlindən bir nəfər Şuşadan o yana adlaya bilmir. Hər kəs getsə, ölümdən savayı bir şey görməz…”. M.Ə.Rəsulzadə isə ermənilərin separatçı hərəkətlərini qətiyyətlə pisləyərək qeyd edirdi ki, Azərbaycanın Qarabağ, Lənkəran, Naxçıvan məsələsi yoxdur, hamısı Azərbaycandır, hökumət tez bir zamanda bu məsələlərin öhdəsindən layiqincə gələcəkdir [18, v. 54].
- 1918-1920-ci illərdə Azərbaycanın Zəngəzur, Qarabağ və Naxçıvan bölgəsində ermənilər tərəfindən türk-müsəlman
əhaliyə qarşı kütləvi qırğın siyasətində xarici faktorların izi parlament sənədlərində
Qeyd edək ki, parlamentdə azərbaycanlı deputatların böyük əksəriyyəti çıxışlarında obyektiv olaraq Qarabağ hadisəsini legitim hökumətə qarşı üsyan hesab edərək bildirirdilər ki, Qarabağ erməniləri sərbəst hərəkət etmir, onlara xaricdən – Ermənistandan kömək edirlər. Şəfi bəy Rüstəmbəyov məsələ ilə bağlı general-qubernatorun əldə etdiyi faktlara əsaslanaraq deyirdi: “General-qubernatorun (X.Sultanov nəzərdə tutulur – Z.Ə.) əldə etdiyi dəlillər göstərir ki, onlar həmişə İrəvanla siyasi və maddi rabitədə olmuş, Şuşa erməni milli şurasının əlində olan bütün qüvvə və pul İrəvandan göndərilmiş, burası Şuşada Arzumanovun evi axtarıldıqda kəşf edilmişdir” [4]. Parlamentin daşnak fraksiyasının üzvü Çubaryan isə milli hisslərinə sadiq qalaraq Şəfi bəy Rüstəmbəylinin gətirdiyi dəlilləri bütün vasitələrlə inkar edir və göstərməyə çalışırdı ki, bu işlərdə siyasi iz axtarmaq əbəsdir, baş verənlərdə bölgənin kürd əhalisi günahkardır [5]. Erməni fraksiyasının digər üzvü Xocayev isə baş verənlərdə birbaşa Qarabağ general-qubernatorunu günahlandırır və həyasızcasına bildirirdi: “Qaybalı hadisəsi hökumətin fəaliyyətsizliyi və səhlənkarlığından başqa bir şey deyildir. Dün Qarabəyov isbat edirdi ki, general-qubernatorun kömək vermək və qırğının önünü almaq imkanı yoxmuş. Deyirlər kömək vermək üçün 17 verst dolama yol getmək lazım gəlirdi. Halbuki firqə ərkani-hərbi iqamət edən Xankəndi ilə Şuşa arasında telefon var. Bu surətdə istəsəydilər qırğının önünü almaq üçün telefonla binagüzarlıq edərdilər. Amma etməmişdirlər. Nədən hamı bilirdi, amma general-qubernator bilməyirdi ki, qırğın var. Deyirlər ki, erməni dəstələrinin hücumu təhlükəsi varmış, mən qəti surətdə deyirəm ki, şəhərə heç erməni dəstəsi gəlməyirmiş və gələ bilməzdi. Qaybalı kəndlilərin sübutları əsassızdır…” [6]. Məlumat üçün qeyd edək ki, ermənilərin bu məsələlərdə ardıcıl və qətiyyətli mövqe nümayiş etdirmələrində xarici dəstək öz sözünü deyirdi. Bunu isə Azərbaycan parlamentinin 7 iyul 1919-cu il tarixli iclasında “İttihad” partiyasının üzvü Qara bəy Qarabəylinin çıxışında aydın görmək olur: “Möhtərəm məbuslar! Siz bilirsiniz ki, Qarabağ məsələsi böyük əhaliyyətə haiz olduğundan Qarabağ xüsusi bir general-qubernatorluğa ayrılmışdır. Qarabağın erməni əhalisi Azərbaycan hökumətini istəmirdi. İngilis komandanlığı bəyan etmişdi ki, məsələ sülh konfransında həll edilənədək Qarabağ Azərbaycan hökuməti təhti-idarəsində, Naxçıvan, Şərur və s. İrəvan quberniyası qəzaları və həmçinin Qars vilayəti erməni hökuməti təhti-idarəsində qalacaqdır. Fəqət məzkur yerləri Ermənistan ixtiyarına verərkən ingilis komandanlığı Qarabağ həqqində vermiş olduğu vədəyə bu vəqtədək əməl etmədi. Hətta Şuşa şəhərinin özündə general-qubernatorun iqtidarı yalnız müsəlman hissəsinə şamil olub, erməni hissəsi isə Erməni Milli Şurası təhti-idarəsində qalmışdı…” [7]. Parlament üzvünün gətirdiyi təkzibedilməz faktlar bir daha Ermənistanın Qarabağı və Zəngəzuru ilhaq etmək niyyətində olduğu və onun bu niyyəti yerli erməni əhalisi vasitəsilə, eyni zamanda xarici dəstəyin, İngiltərənin köməyi ilə həyata keçirmək istəməsini sübut edir.
Qarabağda erməni vəhşilikləri ilə bağlı parlamentdə çıxış edən Nəsib bəy Yusifbəylinin Qarabağın general-qubernatoru X.Sultanovun fəaliyyətinə kölgə salmaq istəyən erməni fraksiyasının üzvlərinə verdiyi cavab olduqca maraq kəsb edir: “İnsafı olan təsdiq edər ki, bizim ərkani-hərbimiz erməni məzlumları üçün bir mərc olmuşdur. Şuşada əsgərlərimiz asayişi təmin və təcdid etməgə çalışmışdılar. Mən belə əsgərlər ilə başqa şey deyil, yalnız iftixar edərəm…” [8].
Parlamentin 21 iyul 1919-cu il tarixli 57-ci iclasında da deputatlar Qarabağ, Zəngəzur və Naxçıvanda türk-müsəlman əhalisinə qarşı yönəlmiş erməni vəhşiliklərinə əsas diqqəti ayırmışdılar. Qasım bəy çıxışında haqlı olaraq İrəvan tərəfini günahlandırır və əldə etdiyi teleqraflara əsaslanaraq deyirdi: “Aldığımız məlumata görə, kiçik Vedi ermənilər tərəfindən dağılmışdır. İrəvan müsəlmanlarının halı xeyli fəna və təhlükəlidir. Elə bir yer yoxdur ki, orada şad xəbər eşidək. Naxçıvanda və qeyri-yerlərdə müsəlmanları hədsiz incidirlər. Müsəlmanlar İrəvan quberniyasından qaçırlar. Mənim qardaşım da oradan qaçıbdır. Bu saat Vedi ermənilər tərəfindən bombardman edilir. Burası 30 para kənddir. Belə getsə hamı məhv ediləcək…” [9, v. 33-35.].
- Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin ermənilər tərəfindən Zəngəzur, Qarabağ və Naxçıvandan
didərgin salınmış soydaşlarımızla bağlı qərarları
Parlament sənədlərində erməni vəhşilikləri nəticəsində Zəngəzur, Qarabağ və Naxçıvandan didərgin salınmış soydaşlarımızın qaçqın vəziyyəti və hökumətin bu istiqamətdə müvafiq yardımları da öz əksini tapmışdır. Zəngəzur qaçqınlarının vəziyyətini ürək ağrısı ilə parlament kürsüsündə müzakirəyə çıxaran bir çox deputatlar lazımi dövlət yardımları olmayacağı təqdirdə qaçqın vəziyyətinə düşən soydaşlarımızın sağ-salamat qalma ehtimalının heç olacağını qeyd edirdilər. Bu baxımdan parlamentin 11 oktyabr 1919-cu il tarixli 82-ci iclası diqqəti cəlb edir. Müzakirələrə qatılan Mirzə Sadıq Axundzadə deyirdi: “Mən əsasən qaçqın və qaçqınlar nümayəndəsi olduğum üçün bunların işlərini daha yaxşı bilib və bir az da məclisə məlumat vermək istəyirəm. Məsələn, Zəngəzur qəzasında 27 min qaçqın olduğunu siyahıdan bilirəm. Qaçqınlara indi bir qədər ümuri-xeyriyyə nəzarəti adı qonulan nəzarətlərindən bir xeyir görülməmişdir. Nəzarətin 27 min qaçqına yapdığı müavinət isə on beş kirvəngə tozlu, torpaqlı buğda və bir çetvert qənd ilə 4500 arşın qədər ağdan ibarətdir. Bundan savayı bir adama bir çetvert qənd də verilməyibdir… Mən deyirəm ki, heç olmazsa buraxdığımız pulların yarısını məmurlara, yarısını qaçqınlara verəsiniz. Əgər belə davam edərsə, axırda qaçqınlardan 27 nəfərdən də salamat qalmayacaqdır” [17, v. 17-24]. Məlumatlardan da göründüyü kimi, artıq 1919-cu ilin sonlarına doğru Zəngəzur, Qarabağ və Naxçıvanda erməni azğınlığı dəhşətli şəkil almışdır. Qeyd edək ki, parlamentin 16 oktyabr 1919-cu il tarixli 84-cü iclasında da Zəngəzur qaçqınlarının çətin vəziyyəti parlament üzvlərinin müzakirəsinə çıxarılmış, daşnak qüvvələrinin azğınlığı qətiyyətlə pislənilmişdir. Müzakirələrdə söz alan Qarayev bildirmişdir ki, Zəngəzurda daşnak bandalarının zülmündən minlərlə insan çölə tökülmüşdür. Qaçqınların adına alınan şeyləri ya siçan yeyir, ya siçan halında olanlara çatır. Bunların qabağını mütləq almaq lazımdır [11, v. 1-12.].
Parlamentdə yaranmış vəziyyətin ciddiliyi, soyqırımlara, vəhşiliklərə məruz qalmış soydaşlarımızla bağlı məsələlər, cinayətkarların tapılaraq cəzalandırılması, ikitərəfli müzakirələr yolu ilə problemin çözülməsi müzakirə edildiyi halda, erməni-daşnak qüvvələri bütün bunlara məhəl qoymaraq öz mənfur əməllərini davam etdirməkdə idilər. Belə ki, 9 mart 1920-ci ildə parlamentin 132-ci iclasında Şəfi bəy Rüstəmbəyovun məruzəsində erməni tərəfinin mövqeyi bir daha aydın olur. İclasda çıxış edən natiq üç qonşu Qafqaz respublikasının bir araya gəlməməsinin birbaşa günahkarı kimi erməni tərəfini görür və vurğulayırdı: “…Üç qonşu cümhuriyyətlərin rəisi-vükəlaləri Tiflisdə bu barədə qətnamə çıxardılar ki, hər bir məsələni sülh ilə həll etsinlər. Ümidimiz bu idi ki, qonşumuz Ermənistan hökuməti də böylə yapar. Bu qərardaddan sonra Zəngəzurda erməni hökuməti tərəfindən müsəlmanlar qırıldı, köyləri dağıdıldı, bu halların eynisini İrəvan quberniyasında və Bəyazid qəzasında da təkrar etdilər. Biz fikir etdik ki, bu müvəqqəti bir şeydir, erməni qonşularımız sülh yoluna qayıdar. Fəqət yalnız bir fikrə zahir olduğumuzu anladıq. Şimdi də Qars vilayəti müsəlmanlarını qırmağa, onların köylərini dağıtmağa başlamışdır. Oradan hər gün alınan xəbərlərdən anlaşılır ki, Ermənistan sistematik bir üsul ilə öz planlarını icra edir. O, istədiyi yerləri müsəlmanlardan təmizləmək siyasəti güdür. Bunu İrəvan quberniyasında və Bəyazid qəzasında icra etdi. Bu kimi planını hazırda Kars vilayətində icra etməkdədir…” [22, v. 23]. Qarsda yaranmış vəziyyətin ağırlığını dilə gətirən və parlamentdə çıxış edən Nəsib bəy Yusifbəyli isə bölgədəki demoqrafik vəziyyətlə yanaşı, beynəlxalq güclərin bu məsələdə günahkar olduğunu qeyd edirdi: “Möhtərəm əfəndilər! Məlumunuzdur ki, Qars vilayətinin əksəriyyəti müsəlmandır. Bu vilayətin təxminən 364 min əhalisi var. Müharibədən əvvəlki statistik məlumatlar göstərir ki, vilayətin 55 faizi türk və müsəlman, 20-30 faizi erməni, yerdə qalanı isə digər millətlərdir, rus, rum və s. Məlumdur ki, Qarsı türklər işğal etmişdir. Mütarikədən sonra Qarsdan çəkildilər. Yerli əhali üzərinə cənubi-qərbi hökuməti namilə bir hökumət qurdular. Bu hökumət Qars vilayəti və ətrafını əhatə edirdi. Aprelin 12-də 1919-cu ildə İngiltərənin Qafqazda olan nümayəndələri Qars hökumətini ləğv etdilər, əzalarını Maltaya göndərdilər. Və 9 nəfərdən ibarət bir şura olacaq: 5 müsəlman, digərləri xristian. 5 müsəlman üzvləri bunlar idi: Behcət Abaşidze, doktor Hacıyev, Bilal əfəndi, Bayraqdarzadə. Ermənistan da Qarsa müdaxilə etməyəcək idi. İngilislər vədi nəzərə almayaraq erməniləri Qarsa buraxdılar. Ermənilər Qarsı, Sarı qamışı, Ərdahanı işğal edib, əksəriyyəti müsəlman olan yerlərə nüfuz etməyə başladılar. Oraya gələn məmurlar özlərini dövlət nümayəndəsi kimi aparırdılar. Fevralın əvvəlində ilk teleqraf gəldi: Erməni hökuməti qərar vermişdir ki, o yerlər ki, erməniyə tabe olmayır, top ilə alsınlar…” [19, v. 24-25]. Qeyd edək ki, parlamentin 9 mart 1920-ci il tarixli iclasında əksər parlament üzvləri məsələni qəti şəkildə həll etməyi, yəni daşnak qüvvələrinin qovulub çıxarılmasını tələb edirdilər. Xüsusilə M.Ə.Rəsulzadənin və İbrahim İsmayılzadənin nitqində bunlar aydın şəkildə hiss olunur, daşnak qüvvələrinin arxasında dayanan xarici qüvvələr – ingilislər kəskin şəkildə tənqid edilirdi. Hətta parlamentin 1 aprel 1920-ci il tarixli 137-ci iclasında çıxış edən Qara bəy Qarabəyli haqlı olaraq qeyd edirdi ki, burada yalnız Qarabağ məsələsi deyil, Antanta, Şərq, İslam və Türkiyə məsələləri də vardır. Əlavə olaraq şimaldan gələn təhlükə də vardır [16, v. 27].
Nəticə
Beləliklə, parlament sənədlərinin təhlili göstərir ki, 1918-1920-ci illərdə Azərbaycanın Zəngəzur, Qarabağ və Naxçıvan bölgələrində daşnak qüvvələri tərəfindən türk-müsəlman əhalisinə qarşı qanlı soyqırımlar, vəhşiliklər törədilmişdir. Bu cinayət əməlləri Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində dəfələrlə müzakirəyə çıxarılmış və qəti addımlar atılmışdır. Parlamentdə müzakirəyə çıxarılan bu məsələlərin təhlilindən açıq-aydın görünür ki, daşnak qüvvələri Azərbaycanın bəhs olunan bölgələrində məqsədli şəkildə etnik təmizləmə siyasəti aparmaqla Zəngəzur, Qarabağ və Naxçıvanı Ermənistana birləşdirmək siyasəti yürütmüş və əksər hallarda xarici havadarlarından, xüsusilə 1918-ci ilin oktyabrında Osmanlı qüvvələri Azərbaycan ərazilərini tərk etdikdən sonra İngiltərənin Qafqazdakı nümayəndələrindən xeyir-dua almışdır.
İstifadə edilmiş ədəbiyyat:
- Azərbaycan Məclisi-Məbusanında 4-cü (fövqəladə) iclas // “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. /Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi Şirməmməd Hüseynov. 3 cilddə, I cild. Bakı: Qanun, 2016, 656 s.
- Azərbaycan Məclisi-Məbusanında İrəvan quberniyası müsəlmanları haqqında // “Azərbaycan” qəzeti, 12 yanvar 1919, №85.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament: 2 cilddə, I cild. Bakı: Azərbaycan, 1998, 976 s.
- Azərbaycan Məclisi-Məbusanında 8 iyul iclası. Rüstəmbəyli Şəfi bəyin məruzəsi // “Azərbaycan” qəzeti, 18 iyul 1919, № 228.
- Azərbaycan Məclisi-Məbusanında Çubaryanın məruzəsi // “Azərbaycan” qəzeti, 18 iyul 1919, № 228.
- Azərbaycan Məclisi-Məbusanında Xocayevin nitqi // “Azərbaycan” qəzeti, 20 iyul 1919, № 229.
- Azərbaycan Məclisi-Məbusanında Qara bəy Qarabəylinin nitqi // “Azərbaycan” qəzeti, 13 iyul 1919, №223.
- Azərbaycan Məclisi-Məbusanında 17 iyul iclası. Nəsib bəy Yusifbəylinin nitqi // “Azərbaycan” qəzeti, 22 iyul 1919, №231
- Azərbaycan Məclisi-Məbusanında Qasım bəyin nitqi // ARDA, f. 835, siy. 1, iş 100, v. 33-35.
- Əhməd Cövdət Pepinovun nitqi. 20 dekabr 1918-ci il. Protokol № 4 //ARDA, f.895, siy.1, iş 1, v. 39.
- Əliheydər Qarayevin nitqi. 16 oktyabr 1919-cu il. Protokol №84 //ARDA, f. 895, siy. 1, iş 160, v. 1-12.
- Fətəli xan Xoyskinin nitqi. 20 dekabr 1918-ci il. Protokol № 4// ARDA, f.895, siy.1, iş 1, v. 40-41.
- Həsən bəy Ağayevin nitqi. 20 dekabr 1918-ci il. Protokol №4 //ARDA, f.895, siy.1, iş 1, v. 38-48.
- İsgəndərov A. Azərbaycan həqiqətləri. 1917-1920. Bakı: Elm və təhsil, 2012, 228 s.
- Qara bəy Qarabəylinin nitqi // “Azərbaycan” qəzeti, 11 iyul 1919, №222.
- Qara bəy Qarabəylinin nitqi. 1 aprel 1920-ci il. Protokol №137 // ARDA, f. 895, siy. 1, iş 249, v. 27.
- Mirzə Sadıq Axundzadənin nitqi. 11 oktyabr 1919-cu il. Protokol №82 // ARDA, f. 895, siy. 1, iş 158, v. 17-24.
- M.Ə.Rəsulzadənin nitqi, protokol №29, 14 aprel 1919-cu il // ARDA, f.895, siy. 1, iş 82, v. 54-72.
- Nəsib bəy Yusifbəylinin nitqi. 9 mart 1920-ci il. Protokol №132 // ARDA, f. 895, siy. 1, iş 276, v. 24-25.
- Nəsibzadə N. Azərbaycanın xarici siyasəti (1918-1920). B.,1996.
- Protokol №29, 14 aprel 1919-cu il // ARDA, f.895, siy. 1, iş 82, v. 54-72.
- Şəfi bəy Rüstəmbəyovun nitqi. 9 mart 1920-ci il. Protokol №132 // ARDA, f. 895, siy. 1, iş 276, v. 23.
Ziyad Əmrahov
AMEA Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri,
tarix üzrə fəlsəfə doktoru