Cümə axşamı , Sentyabr 17 2026
azfa

Azərbaycanlı fəalların ailələrinə təzyiq artıb: Araz Amanın həyat yoldaşı hədəfə hədələnib

GADTB: Azərbaycandan olan siyasi və mədəni fəallara qarşı təzyiqlərin artdığı bir vaxtda, yeni məlumatlar göstərir ki, Evin həbsxanasında saxlanılan azərbaycanlı fəal Araz Amanın həyat yoldaşı Fatimə Əsədi naməlum və ehtimalən təhlükəsizlik qurumlarına bağlı hesablar tərəfindən açıq şəkildə hədələnib.

Fatimə Əsədi paylaşdığı ekran görüntüsü ilə bildirib ki, “Fərhad” adlı bir şəxs onu “müxalif qruplarla əməkdaşlıq” və “terrorçu təşkilatlara üzvlük”də ittiham edib. Mesajda təhlükəsizlik orqanlarının sorğu üslubunu xatırladan ifadələrlə ona belə xəbərdarlıq edilib:

“Etiraf etsən, cəzan azaldılacaq; əks halda ən ağır şəkildə cəzalandırılacaqsan.”

Son aylarda İranın təhlükəsizlik qurumları azərbaycanlı sosial şəbəkə istifadəçilərinin ən adi fəaliyyətlərini – bəyənmə, şərh yazma və ya mədəni–kimlik yönümlü paylaşımları belə – “separatizm” kimi qiymətləndirərək çağırış, həbslər və hədə-qorxu ilə müşayiət olunan təzyiq mexanizminə çeviriblər.

Bu hədə mesajının, Fatimə Əsədinin ərinin həbsinə görə məcburi ayrılıq və ədalətsizliklərə rəğmən mübariz duruşunu ifadə etdiyi və nikah ildönümlərinə həsr etdiyi duyğusal türkcə paylaşımının cəmi bir gün ardından yayılması diqqət çəkib. İnsan yönümlü bu paylaşım kiberhücumlarla cavablandırılıb.

Müşahidəçilər bildirirlər ki, siyasi məhbusların ailələrinə təzyiq göstərilməsi İranın uzun illərdir tətbiq etdiyi sistemli repressiya üsullarından biridir və bu, psixoloji işgəncə sayılmaqla yanaşı, ölkənin beynəlxalq öhdəliklərini də kobud şəkildə pozur.

Qeyd edək ki, Araz Aman 2024-cü il Təbrizdə İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olunaraq order təqdim edilmədən Tehrana aparılmışdı. O, Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin hakimi Əbulqasim Sələvati tərəfindən:

“Casusluq” ittihamı ilə 8 il,

“Ölkə təhlükəsizliyinə qarşı qrup şəklində fəaliyyət” ittihamı ilə 5 il həbsə,

həmçinin iki illik siyasi fəaliyyət, media fəaliyyəti, təşkilatlara üzvlük və ölkədən çıxış qadağası kimi əlavə cəzalara məhkum edilib.

Bu hökm daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiqlənib.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …