GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə həmin günü Beynəlxalq Ana Dili Günü elan etmişdir.
Bu günün tarixi isə illər öncəyə gedib çıxır. Belə ki, 1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olmuşdu. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət etmişlər. UNESCO-nun baş konfransında 21 fevral – Beynəlxalq Ana Dili Günü elan olunmuş və üzv ölkələrə bildirilmişdir ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədi ilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. İnsanın təkamülündə böyük rolu olan ana dilinin hər hansı bəhanə ilə qadağan olunması isə cinayətdir. Beynəlxalq Ana Dili Günü hər kəsi bu cinayətə qarşı birləşməyə səsləyir.
Quzey Azərbaycanda dilimizin dövlət statusuna yüksəlməsi qürurverici tarixi hadisədir.
İrqçi fars rejim isə Güney Azərbaycanda təxminən 40 milyon Azərbaycan türkünün dilini qadağan edib və dil uğrunda mübarizə aparan azərbaycanlı fəallar rejim tərəfindən həbs və işgəncələrə məruz qalır.