Cümə , Aprel 26 2024
azfa

Cümhuriyyət qurucularının Zəngəzur fəaliyyəti- Nəsiman Yaqublunun araşdırması

GADTB: Bu gün Azərbaycanın siyasi gündəmində Zəngəzurun ərazimiz olduğu fikri tez-tez səslənir və bu həqiqətdir.1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyəti dövründə olan bütün sənədlərdə, yazışmalarda, parlament çıxışlarında  Zəngəzurdan yalnız Azərbaycan ərazisi olaraq  fikirlər səslənir.Azərbaycanın o dövrə aid xəritəsində də Zəngəzur Azərbaycanın ayrılmaz tərkib hissəsidir.Sovetlər Birliyi dövründə, 1920-ci ilin noyabrında ermənilərə verilmiş bu 135 kilometlik, 7 min kvdrat kilometrə yaxın bir ərazini tələb etmək haqqımılz və hüququmuz vardır.Bu faktlar sırasında cümhuriyyət qurucularımızın Zəngəzur fəaliyyəti daha önəmlidir  və bunun aktuallığını diqqətə alıb oxuculara təqdim edirəm.

Azərbaycan Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin fəaliyyəti

F.X.Xoyski Azərbaycan Parlamentinin dekabrın 20-də keçirilən 4-cü iclasında çıxış etdi. İclası parlamentə sədrlik edən Həsən bəy Ağayev açdı. H.Ağayev iclasın fövqəladə keçirilməsinin iki səbəbi olduğunu vurğuladı: birincisi, erməni və gürcü millətləri arasında əlaqələrin pozulub münasibətlərin gərginləşməsi, ikincisi isə ermənilərdən olan bəzi məsuliyyətsiz dəstələrin vəhşilikləri, Andronikin komandanlığı altında qoşunun Azərbaycan Cümhuriyyəti hüdudunu keçib Zəngəzur, Şuşa və Cəbrayıl qəzalarında kəndləri xaraba qoyması, köməksiz xalqı qətlə yetirməsi.

Nazirlər Şurasının sədri F.X.Xoyski parlamentin fövqəladə iclasında Qarabağ və Zəngəzurda Andronik ordularının hərəkətləri haqqında məlumat verdi. O, çıxışında dedi: “Zəngəzur əhvalatı təzə bir şey deyil. Bu, çoxdan başlamış bir işdir. Burada oturan məbuslara məlumdur ki, vaxtilə bir para ermənilər tərəfindən Qarabağ haqqında bir məsələ qaldırılmış idi. Hələ iyul ayında Andronik başına bir dəstə çətəçi yığaraq İrəvan quberniyasından Gəncə quberniyasının hüduduna keçdi. Burasını deməliyəm ki, Andronik Türkiyə təbəəsidir. O vaxt Azərbaycan hökuməti hələ Gəncədə ikən erməni hökumətinə müraciətlə isti cavab etmişdir ki, Andronik sizin tərəfinizdən bu işi görür, yoxsa bu hərəkətlər onun öz təşəbbüsüdürmü və onun qoşunları erməni hökumətinə tabedirmi, yoxsa onun hərəkətləri, şəxsi təşəbbüsləri və adi üsyan kimidrmi? Erməni hökuməti cavab verdi ki, Andronikin erməni hökuməti ilə heç bir əlaqəsi yoxdur, özü də bir asidir. Erməni hökuməti özü də onun rədd edilməsini və üsyanın yatırılmasını istəyir. Fəqət gücü yoxdur, iş görə bilmir”.

F.X.Xoyski çıxışında qeyd etdi ki, Azərbaycan əskəri qüvvələri Bakını azad etməklə məşğul olduğundan, Andronikin Zəngəzurdakı vəhşiliklərinin qarşısını ala bilmirdi. Sentyabrda Bakı alınandan sonra Androniki Şuşa qəzasından və Zəngəzur mahalından qovmaq mümkün oldu. Noyabrın 20 və 23-dən sonra Andronik yenə peyda oldu. F.X.Xoyski bu məsələlərlə bağlı ingilis hərbi qüvvələrinin komandanı  general Tomsonu məlumatlandırdığını, onun isə dərhal tədbirlər görməyin vacibliyini söylədiyini qeyd etdi. F.X.Xoyski çıxışında Andronikin başçılıq etdiyi quldur dəstələrinin planlarını açıqladı: “Aşkar fikirləri budur ki, Zəngəzur və Şuşa uyezdlərini Azərbaycandan ayırıb, Ermənistana birləşdirsinlər”. F.X.Xoyski qətiyyətlə bildirirdi: “…Biz var qüvvəmizlə Azərbaycanın hüququnu müdafiə edəcək və heç kəsə yol verməyəcəyik ki, kənardan gələnlər Azərbaycanın hüququna təcavüz etsinlər”.

Azərbaycan Nazirlər Şurasının sədri  və Daxili İşlər Naziri N.Yusifbəylinin fəaliyyəti

N.Yusifbəylinin Baş Nazir və Daxili İşlər Naziri olaraq çalışdığı bu dövrdə silahlı erməni dəstələri Azərbaycan ərazilərinə hücumlar edir, kəndləri yandırır, dinc əhalini qətlə yetirirdilər. Bu hadisələrin qarşısının alınması üçün dövlət tərəfindən müvafiq tədbirlər görülürdü. 1919-cu ilin 19 aprelində N.Yusifbəylinin Hərbi Nazir S.Mehmandarova məktubundan: “Çox hörmətli Səməd bəy! Son günlər Qarabağ ərazisində, xüsusən Zəngəzur bölgəsində ermənilərin müsəlman kəndlərinə güclü hücumları başlayıb. Ayın 18-də ermənilər qəflətən müsəlmanlar yaşayan Tarovlu kəndinə hücum etmişlər və nəticədə hər iki tərəfdən itkilər olmuşdur. Bu, sanki ermənilərin bütün müsəlmanlar yaşayan ərazilərə hücumuna bir işarə olub. Çoxlu yaşayış yerlərində ölənlər və yaralılar var…General- qubernator doktor Sultanov Qarabağ məsələsinin tam həll edilməsi üçün orada hərbi hissənin gücləndirilməsini vacib sayır. Diqqətinizə çatdırıram ki, imkan daxilində doktor Sultanovun qaldırdığı məsələnin həllinə kömək edib, məni məlumatlandırasınız. Hörmət və sədaqətlə Yusifbəyli”.

Qarabağın general-qubernatoru X.Sultanovun fəaliyyəti

1919-cu ilin yanvarın 15-dən X.Sultanov Qarabağın general-qubernatoru təyin edildi.

1919-cu ilin 29 yanvarında Azərbaycan hökumətinin keçirdiyi iclasda “Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında DİN-nin məruzəsi dinlənildi və aşağıdakı qərarlar qəbul edildi:

1. Xosrov bəy Sultanov general-qubernator təyin edilsin;

2. Nazirliyin iyirmi milyonluq fondundan general-qubernatorluğun ehtiyacları üçün beş milyon manat ayrılsın…”.

Arxivlərdə X.Sultanovun Qarabağda apardığı əməliyyatlarla bağlı əhəmiyyətli məlumatlar vardır. Bu məlumatlar X.Sultanovun böyük təhlükə və çətinliklər içərisində olsa da, öz vəzifəsini icra etdiyini göstərir.

X.Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə başlayarkən xalqa müraciət ünvanladı. Həmin müraciətdə o, başçılıq edəcəyi qurumun fəaliyyəti haqqında xalqı bilgiləndirdi.

1919-cu ilin 11 fevralında “Azərbaycan” qəzetində çap olunan yazı belə adlanırdı: “Müvəqqəti general-qubernator X.Sultanovun Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciəti (11 fevral 1919-cu il)”.

Müraciətdə yazılırdı: “Azərbaycan hökumətinin yanvar ayı qərarı ilə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları xüsusi general-qubernatorluğa ayrılmışdır. Bu fövqəladə tədbirlər fövqəladə vəziyyətdən irəli gəlmişdir. Azərbaycanın təqribən yarısında, onun ən yaxşı hissəsi – 4 qəza artıq bir ilə yaxındır ki, anarxiya ucbatından dağılır. Şəxsi firavanlığı yüksək ideal sayan məsuliyyətsiz elementlərin rəhbərliyi altında olan bandalar diyarı viranə qoyur; kəndləri yandırır, əhalini qırır, on minlərlə yurdsuz-yuvasız qadın və uşaq qaçqın düşmüşdür, yuxarıda göstərilən elementlər milli ədavət yayırlar. Əhalidən ümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər öz şəxsi mənafelərini güdür, öz cəhdlərini partiya ideya forması donuna salırlar.

Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən milli mənsubiyyətindən asılı olmayaraq hamıya eyni münasibət göstərməyi, ciddi ədalət və qanunçuluq mövqeyində dayanmağı hakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunulmazlığı – diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır”.

X.Sultanov general-qubernator vəzifəsinə başlayanda bölgədə acınacaqlı durum var idi. Onun 1919-cu ilin fevralın 15, 16, və 17-də qəza rəisləri və ictimai xadimlərinin iştirakı ilə keçirdiyi ümumbölgə müşavirəsində məlum olurdu ki, indiyədək Zəngəzurda 166 kənd dağıdılmış, onların əhalisinin 30 faizi məhv edilmişdir. Bu müşavirədə Andronikin silahlı dəstəsinin bölgədən çıxarılması qəti olaraq qərara alındı.

Qeyd: Həmin dövrdə Xarici İşlər Naziri vəzifəsini icra edən A.Ziyadxan 1919-cu ilin yanvarın 31-də Ermənistan hökumətinə 178 saylı teleqram göndərərək, Zəngəzur və digər bölgələrin Azərbaycanın tərkib hissəsi olduğunu əsaslandırmışdı.

X.Sultanovun Qarabağın general-qubernatoru təyin edilməsi erməniləri narahat edirdi. Diplomatik Nümayəndəliyin Azərbaycan və Ermənistan üzrə təmsilçisi Tekinskiyə, Xarici İşlər Nazirliyinin Azərbaycan hökumətinin Qarabağda fəaliyyətinə Ermənistan hakimiyyətinin mane olması ilə əlaqədar nota verməsi haqqında 1720 saylı 18 iyun 1919-cu il tarixli məlumatında bu haqda bilgilər vardır: “Ermənistan hökumətinə xəbər verin: Sultanov Azərbaycan hökumətinin 15 yanvar 1919-cu il tarixli qərarı ilə. Azərbaycan Respublikası tərəfindən Azərbaycanın ayrılmaz və mübahisəsiz torpaqları olan Şuşa, Zəngəzur, Cəbrayıl, Cavanşir qəzalarının general-qubernatoru təyin edilib və bu, aprelin 3-də İttifaq Komandanlığı tərəfindən rəsmi qəbul edilib. Bu səbəbdən Sultanovun fəaliyyətinə və Azərbaycan qoşunlarının Qarabağa daxil olmasına erməni hökumətinin hər hansı etirazı Azərbaycan Respublikasının daxili işlərinə qarışmaqdır və müzakirə edilə bilməz. Şuşa rayonunda baş verən özbaşınalıqlarla bağlı isə general-qubernator tərəfindən güclü tədbirlər görülüb və həyat normal axarına düşüb”.

Azərbaycanda və Ermənistanda diplomatik nümayəndə Tekinskinin Yerevandan 1919-cu ilin 26 iyununda Azərbaycanın Xarici İşlər naziri M.Y.Cəfərova göndərdiyi 1874 saylı məlumatda qeyd olunur: “1919-cu ilin 25 iyununda mən Ermənistan Respublikasının Xarici İşlərinə 224 saylı nota təqdim etdim: “Hökumətimin tapşırığı ilə Sizə bildirirəm ki, Sultanov Azərbaycan Respublikasının 15 yanvar 1919-cu il qərarı ilə Azərbaycan Respublikasının mübahisəsiz və ayrılmaz hissəsi olan Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general-qubernatoru təyin edilib və aprelin 3-də rəsmi tanınıb. Odur ki, Sultanovun fəaliyyəti, yaxud Azərbaycan qoşunlarının qeyd etdiyimiz bölgələrdə yerləşməsinə erməni respublikasının hər formada etirazı Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq kimi qəbul edilir. Qarabağın general-qubernatoru Sultanov enerjili tədbirləri ilə Şuşa rayonunda qayda yaratmış və həyat öz axarı ilə davam edir. Xahiş edirəm, mənim inamım və Sizə olan hörmətimi qəbul edəsiniz. Diplomatik nümayəndə Tekinski” (4sd, v.30).

1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal edildi. Bu işğaldan sonra X.Sultanovun həyatında ağır dövr başladı.

Qeyd: Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadənin yazılarında Zəngəzurun Azərbaycan ərazisi olduğu daima vurğulanırdı.

Həmçinin yoxlayın

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …