Cümə axşamı , Noyabr 21 2024
azfa

Doktor Həsən Səfəri: Yenigün bayramı necə Novruz oldu

GADTB: Bu gün Novruz adı ilə türklər başda olmaqla bir çox Şərq xalqlarının keçirdiyi bayram müxtəlif adlarla, xüsusilə Yengigün adı ilə min illərdir türklərdə mövcuddur. Mahmud Kaşğarlı “Divan-i Lüğət-it-türk” əsərində türklərin yaz bayramını ”Yengigün“ (Yenigün) adlandırmasını qeyd edib.1

Min il öncə Qəznəlilər və onlardan sonra Səlcuq hökmdarları tərəfindən Yengigün bayramı sözündən hərfi tərcümə olaraq Novruz şəklində adlanmasına rəvac verilən və günümüzdə bu adla qeyd etdiyimiz bayram təbiətin oyanması və yazın gəlməsı ilə sıx bağlı olan bayramdır. Yaz bayramının yaranma tarixi bir sıra yanlış versiyaların əksinə olaraq ilk insanların Şimal yarımkürəsində təbiətlə birbaşa əlaqəsi ilə bağlıdır. Ona görə də, bu bayramın izinə ilk bəşər sivilizasiyanının yaradıcısı, türklərin əcdadı – Şumerlərdə rast gəlirik. Bir sıra alimlər Şumerləri prototürk, bir sıra alimlər isə onların bir hissəsi olan subarların türk olduğunu qeyd edirlər. Şumerlərdə təxminən 7500 il bundan öncə qeyd edilən yaz bayramı-“domuz bayramı” mifləşmiş şəkildə şumer əsatirində əks olunmuşdur. Hər hansı bir hadisənin mifləşməsinə isə uzun illər vaxt lazım olmasını nəzərə alaraq, bu bayramın yaranma tarixinin daha qədim olmasını söyləmək mümkündür. Görkəmli alman alimi Evelin Klengel şumerlərdə qeyd edilən bu bayramla bağlı yazmışdır: «Ən böyük və ən vacib bayram yeni il bayramı idi.»2

Şümer mifologiyasında bu bayramın yaranması bitki və həyat ağacı tanrısı Domuzun, göy anası tanrısı “İn ana“ya elçı getməsi və digər elçi-kəndli allahı Enkimədu tərəfindən öldürülməsi (yayın sonunda) və hər il yenidən dirilməsi (yazın əvvəlində) ilə əlaqədar qeyd edilir. Yəni Domuz öləndə payız- qış gəlir diriləndə yaz gəlir və təbiət dirilir.3 Bu bayram müxtəlif şənliklərlə yanaşı qutsal evlənmə mərasimi ilə son həddə çatırdı.4

Bu gün Azərbaycanda və başqa türk ellərində axır çərşənbə və bayram günü gənc oğlan və qızların bəxtlərinin açılması və talelərinin aydınlaşdırılması ilə bağlı müxtəlif fal xarakterli oyunlar da həmin dövrün qalıqları ilə bağlıdır. Eyni zamanda “Şumerlər bu bayramı “A- ki- til” adlandırırdılar. Qeyd etmək lazımdır ki, “til” sözü şumercə yaşam və yeni doğuş mənasını daşımışdır. “Til-ti” kimi də yazılmış bu söz tiri, diri, tirik şəklində türk dilləri ilə eyniləşdirilir”5

Türklərin təbiətin oyanması dövründə keçirdikləri bu bayramı şumerlər də eyni dövrdə və təbiətin oyanması yazın gəlişi ilə bağlı qeyd edirdilər. Evelin Klengel bununla bağlı yazır: «Yeni il bayramı martda, ayın biri ilə on biri arasında mart – aprel yağışları zamanı keçirilir, yəni o vaxt ki, bütün təbiət oyanır və qışın qurtarmasından sonra hər yerdə canlanma, yeni həyat başlanırdı».6 Bu isə sonradan Azərbaycan və bir sıra başqa türk ellərində Novruz kimi dillərə salınan Yenigün bayramı ilə tam üst-üstə düşür. Türklərdə bayram qabağı və bayram mərasımləri bir aydan artıq bir dövrü əhatə edərək aprel ayina kimi davam edir.

Yenigün – Yaz bayramı Orta Asiyada (Türküstanda) eradan yüzlər il öncədən Hun imperatorluğundan günümüzə qədər bütün türk dövəltlərində qeyd edilib. Çin mənbələrinə görə, yüz illər əvvəl türklər “21 mart”da hazır yeməklərlə çöllərə yaz şənliklərinə gedir, baharın gəlişini diriliş anlayışı ilə qeyd edirdilər. Mənbələr türklərdə Yeni il bayramının yazın əvvəlində olduğunu bildirir. Yazın başlanğıcı mart ayıdır. 12 heyvandan ibarət türk təqvimində Yeni il 21 mart, Novruzdur və türklər bunu “zəfər günü” adlandırırlar.7

Asiya hunları ilin birinci, beşinci və doquzuncu aylarında bayram edib Göy tanrısına qurbanlar kəsərdilər. İlin ilk ayında (mart) Tanhu sarayında törən düzənlənir, hunlara bağlı boyların başbuğları Tanhunun sarayına toplanır, yer, su və göy tanrısına qurbanlar kəsərdilər.8

Eradan əvvəl 800-cü ildə Uyğur türkəlrinə qohum olan ” Ti“ türklərində yeni il mart ayınınn əvvəlindən hesab edilirdi.9

Tabqaç türkləri (315-550-557-ci il) də yazın ilk ayında ölkənin şərq bölgəsindəki tapınaq görəvini yerinə yetirən ”Taş- ev“də Göy Tanrıya, ata ruhlarına qurbanlar kəsər, daha sonra bölgəyə qayın ağacı əkərdilər.10

Göytürklərin də (552-744-ci ildə) biri yaz ayında olmaq üzərə ildə üç dəfə təkrarlanan bayramları var idi.11

Uyğur xaqanlığının dağılmasından sonra 842-ci ildə Turfan bölgəsinə yerləşən uyğur türkləri buddizmi qəbul etmişlər. Do Yen Wang-ın anlatdığına görə onlar yazda toplu halında yaxındakı məbədlərə gedərdilər.12

Uyğur xaqanlığının yerində qurulan Qırğız xaqanlığı haqqında məlumat verən X əsr ərəb səyyahı Əbu Duləf qırğızlarda üç bayramın olmasına işarə edir. Yazda qeyd edilən  bayram mart ayına təsadüf edirdi.13

Elxanilər zamanında (1220-1350-ci il) da yaz bayramı adətləri mövcud idi.14

Orta əsr müəllifləri Mahmud Kaşğarlı, Əbureyhan Biruni və Xacə Nizamülmülk bütün türk xalqları, Orta və Ön Asiya xalqları arasında Novruz bayramının  keçirilməsini qeyd edirlər. XI əsrin fars əsilli mühüm dövlət xadimi Nizamülmülk də “Siyasətnamə” əsərində Novruzun türklərə məxsus bir bahar şənliyi və yeni il gecəsi olduğunu bildirmişdir. Fars əsilli dövlət xadiminin Novruzu türklərin bayramı adlandırması xüsusi məna kəsb edir. 15

Səlcuqlulardan sonra Anadoluya hakım olan türkmən bəyliklərində də Novruz, günəşin qoç bürcünə girdiyi gün olaraq qəbul edilmişdir. Ağqoyunlu hökmdarı Həsən Padşahın (1453-1478-ci il) şərqi və cənub-şərqi Anadoluya və Azərbaycana hakim olduqdan sonra verdiyi, tarixdə “Həsən padşah qanunları” olaraq  şöhrət qazanmış “Qanunnaməsində” Novruz xüsusi diqqətə alınmışdır.16

Yakut (Saxa) türklərində də ”yis– yahı“ adlanan yaz bayramı mövcuddur və indi də keçirilir.17

Fransız səyyahı Gabriel Bunualut 1881-1882-ci illərdə Orta Asiyada olmuş, burada Ramazan və Qurban bayramlarından əlavə ”İl başı“ bayramının olmasına işarə edir. Həmin bayram arsul adlanırdı.18

Etnoqraf Q. P. Senesarev Xarəzm özəbəklərinin islama qədərki adət-ənənələrinin tədqiqinə həsr edilmiş əsərində yazır ki, Novruz Orta Asiyanın hər yerində  bahar, yeni il və əkinçilik işlərinin başlanması bayramı olmuşdur. Həm də bu bayram adətən ilin yaz bərabərliyi– yəni gecə ilə gündüzün eyniləşdiyi vaxta düşür. 19

Qırğız türkləri arasında gecə ilə gündüzün bir olduğu gündə Novruz festivallarının keçirilməsi qeyd edilir. Qırğız təqviminə görə Quzu-qoç bürcünün göydə göründüyü ikinci günü yəni 22 mart günü ” baş ay“ deyilən yeni ilin ilk ayının birinci günü idi.20

Altay bölgəsində yaşayan şamanist türklər yaz və ya Yenigün bayramını cılqayaq adlandırırlar. Cılqayaq bayramında insanlar yeni bir ilə ayaq basdıq deyə sevinər,  şənlik edərlər.21

Çuvaş türklərində də Navrus, Novruz bayramı mart ayında olub yeni ilin ilk günü anlamına gəlir.22

Qərbi Sibirdə Abakan tatarlarından olan kaçalar arasında yazda keçirilən dini mahiyyətdə ”Tiyas toyu“ adlanan bir mərasım də mövcuddur.23

Qazax türklərinin dilində ”Novruz ayı“ , “Novruz bayramı” , “Novruz göcə” kimi söz qrupları var, ancaq Novruz günü deyə bir söz qrupu yoxdur. Novruz kəlməsi qazax türklərində bayramın və o bayramın keçirildiyi ayın adı olaraq işlədilir. Amma Novruz bayramının keçirildiyi günün adı ”Ulusun ulu günü“ və ”Ulus günü“ olaraq adlandırılır.24

Dobruca bölgəsində yaşayan Krım türklərində Novruz ənənəsi bu gün də yaşamaqdadır. Krım türkcəsinə Novruz sözü Navrız şəklində keçmiş və bu bayram 21 mart günü keçirilir. Günlərin uzanmağa, gecələrin qısalmağa başlaması səbəbi ilə bu günün başqa bir adı da “Gün dönümü“dur. Krım türklərində gecə ilə gündüzün bərabər olduğu 21 mart gününə ”kantar“ da deyilir.25

Həmin bayram Qərbi Trakiyada “Mevris”, keçmiş Yuqoslaviya ərazisində yaşayan türklərdə ”Sultan-i Navrız“, Kıbrıs türklərində ”mart doqquzu“, Anadoluda ”Sultan-ı Nevruz“ , ”Nevruz Sultan“ və sair adlanaraq martın 21-ə təsadüf edir.26

Eyni zamanda XI əsrdə Mahmud Kaşğarlı da “Divan-i Lüğət-it-türk” adlı əsərində qeyd etdiyi qədim on iki heyvanlı türk təqviminin başlanğıcı 21 marta təsadüf edir. Mahmud Kaşğarlı həmin əsərində bu təqvimin yaranması məsələsini də qədim türk xaqanlarından biri ilə bağlamışdır.27 «Hələ e.ə I minillikdə bir sıra türk xalqları arasında məlum olan bu on iki heyvanlı türk təqviminin qalıqları Azərbaycanda müasir dövrə qədər qalmışdır… Novruz bayramının ilin martın 21-dən başlaması isə tamamilə astronomiya elminə əsaslanır. Çunki, bu dəqiq astronomik təqvim olub, əsasında günəşin illik hərkəti durur”.28

Həmçinin yaz bayramının türklərdə başqa xalqlardan daha əvvəl mövcud olması təkcə bu faktlarla deyil, həm də türk mifoloji təssəvvürü və təfəkkürü ilə də sübut olunur.

Türklərdə hunlardan bəri yaz bayramı yuxarıda qeyd edildiyi kimi zaman-zaman müxtəlif adlarla adlandırılsa da, hələ Novruz kimi tərcümə şəkli rəsmiləşdirilmədən öncə Mahmud Kaşğarlı “Divan-i Lüğət-it-türk” əsərində qeyd etdiyi kimi, türklərdə bu bayram ”Yenigün“ adlanmışdı. Yengigündən başqa sonralar bu bayram İlkyaz, Novruz və Sultan-i Novruz da adlandırılıb.29 Lakin əslində ilk adı “Yengigün = Yeni gün” olan Novruz bayramı Qəznəlilər (Sultan Mahmud) zamanından tacik (indi farsca adlanan dil) dilinin rəsmi dövələt dili kimi qəbul edilməsi və təbliği ilə türklərin Yengigün bayramı da hərfi tərcümə ilə Novruz adlandırıldı. Türk dilində yeni+gün sözü, fars dilində ruzi-no  (روز نو) əvəzinə Novruz (نوروز) kimi hərfi tərcümə edilib. Fars dilində isə belə bir ifadə mövcud deyil. Fars dilinin quruluşuna uyğun olmayan bu tərkibdə sözlər, minillik türk hakimiyyətləri dövründə türk dilindən hərfi tərcümə edilərək fars dilinə daxil edilmişdir. Əgər bu bayram taciklərin bayramı olsaydı adı Novruz yox, Ruzi-no olardı. Türkcədən “Yenigün” sözü hərfi tərcümə olduğu üçün Novruz adlanıb. Səlcuqluların dövründə isə sultan Cəlaləddin Məlikşahın göstərişi ilə 1079- ci ildə Cəlali təqvimi tərtib ediləndə türkcədən tərcümə olan Yengigün bayramı da Novruz adı ilə rəsmiləşdi və türk sultanının göstərişi ilə Novruz adlandırıldığı üçün bəzi yerlərdə “Novruz-i sultanı” kimi dillər əzəbəri olmuş və günümüzə kimi qalmaqdadır. Ona görə də daha sonralar Yenigün bayramının adı “Novruz” şəkəlində türk ədəbiyyatına daxil edilmişdir. Belə ki, Türküstan ədəbiyyatında Novruz sözünə XV əsrdə Əmir Əlişir Nəvainin əsərlərində rast gəlirik.30

Mirəli Seyidov Azərbaycanda yaz bayramı ilə bağlı mövcud olan yaz bəlgəsi,  yaz xanım və ölülər xaqanı qışın mifik əfsanəsini qeyd edərək, belə qənatə gəlir ki, bu mifik əfsanə Novruzla bağlı olub və nə vaxtsa bu mifik əfsanənin və onun persanajlarının əsl adları varmış. Çağ onları unutdurmuş, yerinə Novruzu qoymuşdur.31

Beləliklə, aparılan tədqiqatlardan aydın olur ki, tarix boyu türklərdə qeyd edilən yaz bayramı təkcə orta əsərlərdən Novruz, bir çox türk ellərində (Anadulu, Türküstan və s.) isə  Novruz-i sultanı və Sultan Novruzu kimi işələnməyə başlamışdır. Bu isə orta əsrlərdə Səlcuqlu türk sultanlarının təqvim islahatı və fars (tacik) dilinin rəsmi dil etdikləri dövrə təsadüf edir. «Bildiyimiz kimi hər il 365 gün hesab olduğu üçün Novruz hər dörd ildə bir gün geriyə çəkilirdi və beləliklə bəzən yaya və ya qışa düşərmiş. Bu məsələ böyük Səlcuq padşahı Məlikşah zamanına qədər davam etdi. O Ömər Xəyyam və başqa alimlərin yardımı ilə öz adını daşıyan Cəlali təqviminin təməlini qoydu və Novruz baharın ilk günündə yəni günəşin həml (qoç) bürcünə girdiyi gündə sabitləşdi.32

Səlcuqlulardan sonra bölgəyə hakim olan Elxanilər zamanında təqvimdə islahat aparıldı. Qazan xan zamanından etibarən Cəlalı təqvimi üzərində aparılan çalışmalar sonunda ”Tarix Elxan“ adı veriln təqvim meydana gətirildi.33

Profesor Rəşat Gənç ”Sultan Novruz“ sözünə dair qeyd edir: «21 mart tarixini günşə bağlı təqvim başlanğıcı olaraq qəbul edən səlcuqlu sultanı Cəlaləddövlə Əbülfəth Məlikşahın adına izaftən Novruza ”sultan Novruz“ adı verilmişdir.»34 Bu fikir isə məntiqidir. Bu dövrdə fars dilini türk diyarında rəsmi dil edən türk şahları apardıqları təqvim islahatı ilə bağlı yaz bayramının adını Novruzi Sultani və Novruz şəklində ölkələrində xalqın dilinə salmışlar. Çunki, bu gün bütün türklərdə qeyd edilən yaz bayramı hamısında Novruz adlanmır. Mahiyyət eyni olsa da, ad fərqlənir. Bu isə həmin dövrdə “Novruz” sözünün “Yengigün” sözündən hərfi tərcümə edilərək bir sıra türk xalqlarının dillərinə zorla keçirilməsi ilə bağlıdır. Türk dövlətlərinin tərtib etdikləri yuxarıda qeyd etdiyimiz türk təqvimi isə 1925-ci ilə kimi Məmaliki Məhruseyi İranda (Qacarlar imperiyasında) varlığını davam etdirmiş və Rza şahın çevrilişlə tarixi türk dövlətlərinin ərazisi İran coğrafiyasını qəsb edərək fars dövlətinə çevirəndən sonra ləğv edilmişdir. Eyni zamanda Məlikşahın tərtib etdirdiyi həmin Cəlali təqvimi Əfqanıstanda da son zamanlara qədər işəlnəməyə davam etmişdir. Bugünkü İran və Əfqanıstanda işlədilən təqvim, il başını Novruz olaraq qəbul edən Cəlali adlı bu türk təqviminin dəyişik bir formasıdır. Digər tərfdən Xarəzmdəki türk xanlıqları ilə Hindistandakı türk Babur xanədanı da bu türk təqvimini istifadə etmişlər. 35

Yengigün – Novruz bayramının əsasən türklərin bayramı olmasını qeyd olunan faktlardan əlavə, dini inancı, yaşadığı qitə və ərazidən asılı olmayaraq bütün türklərdə mövcud olmasıdır. Çünki, əgər bu bayram tacik (fars) mənşəli olsaydı şimal qütbündə olan saxalar, hətta Sibir və Altayda yaşayan türklər və ya Avropada yaşayan xristian Qaqauz və ya Volqa boyu türklər taciklərdən necə bu adət-ənənəni mənimsəyə bilərdilər? Təbii ki, nə tacikin ayağı onların ərazisinə dəyib, nə də onlar taciklərlə əlaqədə olmayıb. Bu fakt da özlüyündə Yengigün – Novruz bayramının türklərin bayramı olduğu və türklərdən taciklərə və başqa xalqlara keçdiyini göstərən əsas amildir. Nəzərə alsaq ki, türklərlə kök bağlılığı olan Şimali Amerikanın bəzi yerli tayfalarında da martda başlayan və Yengigünü – Novruzu xatırladan bayram mövcuddur, onda bu bayramı bəşəriyyətə sırf türklərin ərməğan etməsində heç bir şübhə yeri qalmır.

Ədəbiyyat:

1.            Mahmut Kaşğarlı. “Divani Lüğət- it-türk”, IV cild, çevirən: Bəsim Atalay, cild 1, Ankara, 1998, s. 347

2.            Elməddin Əlibəyzadə. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi, Gənclik nəşriyyatı, Bakı, 1998, s. 148

3.            فيض اللهي وحيد «عيد نوروز ايران يا عيد دوموز تركان”، روزنامه شمس تبریز و   سایتwww.shamsnews.com

4.            3-    “تريبون” ژورنالي ساي 3 ، ايسوئچ 1998 ، ب. گري «تاريخچه آئينهاي بهاري در بين اقوام مختلف دنيا» ص. 14

5.            “Tanıtım” qəzeti, say 11 (18),1-6 aprel, Bakı 1999, Alpay təbrizli (müəllif), “Novruz bayramı”.

6.            Elməddin Əlibəyzadə. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi, Gənclik nəşriyyatı, Bakı, 1998, s. 149

7.            Çay, M. Abdulhaluk; Kürt Dosyası, Turan Kültür Vakfı Yayınları, Ankara 1994, s. 229.

8.            Eberhard. “Çinin kuzey komşuları. Tərcümə: Nemət Uludağ, Ankara 1942, s. 67

9.            “تريبون” ژورنالي ساي 3 ، ايسوئچ 1998 ، ب. گري «تاريخچه آئينهاي بهاري در بين اقوام مختلف دنيا» ص. 16

10.          Prof. Abdulhakıq Çay. Türk Ergenekon bayramı- Nevruz, Ankara 1991, s. 47

11.          Yenə orada.

12.          Yenə orada, s. 48

13.          Yenə orada.

14.          Bartold Spuler. İran moğolları, siyasət, idarə və kültür, Elhaniler dönemi 1220-1350. Tərcümə: Camal Koprülü, Ankara, 1957, s. 190

15.          “تريبون” ژورنالي ساي 3 ، ايسوئچ 1998 ، ب. گري «تاريخچه آئينهاي بهاري در بين اقوام مختلف دنيا» ص. 16

16.          Prof. Abdulhakıq Çay. Türk Ergenekon bayramı- Nevruz, Ankara 1991, s. 40

17.          Yenə orada, s. 49

18.          Gabrıel Bonvalot. Esir Yurt Orta Asya’dan. Tərcümə: Rəşat Uzman. İstanbul 1976, s. 72

19.          Qəmərşah Cavadov. Əkinçilik mədəniyyətimizin sorağı ilə, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 1990, s. 136-137

20.          Prof. Abdulhakıq Çay. Türk Ergenekon bayramı- Nevruz, Ankara 1991, s. 69

21.          Naday Yuquşeva. Altay türklərində, xakaslarda cılqayaq, Uluslararası Nevruz Sepozyomu, Türkiye Cümhuriyeti Kültür Bakanlığı, 21-23 mar 2000, Ankara, s. 166

22.          Prof. Abdulhakıq Çay. Türk Ergenekon bayramı- Nevruz, Ankara 1991, s. 58

23.          Yenə orada, s. 68

24.          Prof. Şakir İbrayev. Nevruz bayramının Qazak türklerinde kutlanması və onun eski türk felsefesi ile bağlantısı, Uluslararası Nevruz Sepozyomu bildirileri, Türkiye Cümhuriyeti Kültür Bakanlığı, 21-23 mar 2000, Ankara, s. 59

25.          Prof. Abdulhakıq Çay. Türk Ergenekon bayramı- Nevruz, Ankara 1991, s. 99

26.          Yenə orada, s. 112-117

27.          Mahmut Kaşğarlı. “Divani Lüğət- it-türk”, IV cild, çevirən: Bəsim Atalay, cild 1, Ankara, 1998, s. 344

28.          Qəmərşah Cavadov. Əkinçilik mədəniyyətimizin sorağı ilə, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 1990, s. 134-135

29.          “تريبون” ژورنالي ساي 3 ، ايسوئچ 1998 ، ب. گري «تاريخچه آئينهاي بهاري در بين اقوام مختلف دنيا» ص.15

30.          Yenə orada, s. 16

31.          Mirəli Seyidov, Yaz bayramı, Gənclik nəşriyyatı, Bakı 1990, s. 10

32.          “وارليق” ژورنالي ساي 4-95 ، تهران قيش 1373 ، دكتر جواد هئيت« نوروز بايرامي ايراندا»، ص.5

33.          Prof. Abdulhakıq Çay. Türk Ergenekon bayramı- Nevruz, Ankara 1991, s. 40

34.          Rəşat Genç. Türk tarihinde ve kültüründe Nevruz, Uluslararası Nevruz Sepozyomu bildirileri, Türkiye Cümhuriyeti Kültür Bakanlığı, 1995, Ankara, s. 15-23

35.          Prof. Abdulhakıq Çay. Türk Ergenekon bayramı- Nevruz, Ankara 1991, s. 40

t.ü.f.d., Həsən Səfəri

email: seferihesen@gmail.com

Həmçinin yoxlayın

Urmiyada voleybol komandasının yarışında milli şüarlar; Qərbi Azərbaycanayerli vali tələb etdilər- video

GADTB: Urmiya şəhərindəki “Durnalar Yuvası” idman arenasında bələdiyyə volleybol klubunun Tehranın Peykan klubu ilə oyununun …

Qaşqay türkləri milli geyimlərin başqa etnosun adına qeydiyyata alınmasına etiraz etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri milli geyimlərin irqçi fars-molla rejimi tərəfindən …